Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Türkiyə ordusu Menbicdə

Gündem 20 Haziran 2018
26

Vaşinqton və Ankara arasında əldə olunmuş Menbic razılaşması əsasında rayon tədricən Türkiyə ordusunun nəzarətinə keçəcək
İyunun 18-də Türkiyə ordusu hissələri Suriyanın şimalında kürdlərin nəzarətində olan Menbic rayonuna daxil olub. Yayılan ilk görüntülərdə Türkiyə ordusuna məxsus zirehli avtomobillərin bölgədə patrul gəzintisi apardığı görünür.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında iyunun 4-də əldə olunmuş razılaşmaya əsasən Menbic 6 ay ərzində tədricən Türkiyə ordusunun nəzarətinə keçəcək, YPG silahlıları bölgədən çıxarılacaq. Bu anlaşma xarici işlər naziri Çavuşoğlu və dövlət katibi Pompeo arasında Vaşinqtonda imzalanıb. Maraqlıdır ki, iyunun 4-də Menbic rayonuna daxil olan Türkiyə ordusu hərbçiləri ABŞ ordusunun hərbi bazasının yerləşdiyi Dabat məntəqəsinə də daxil olub. Anadolu Agentliyi isə Türkiyə ordusunun ABŞ ordusu ilə birlikdə 3 saat ərzində patrul fəaliyyəti göstərdiyini qeyd edib.

Türkiyə ordusunun Menbicə daxil olmasını əks etdirən görüntülərin ardınca Türkiyə prezidenti və baş naziri açıqlama verib. Prezident Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Menbicdə patrul xidmətinə başlayıb. Xarici işlər naziri Çavuşoğlu bildirib ki, anlaşmaya əsasən Türkiyə ordusu 2016-cı ildə azad edilən “Fırat Kalkanı” bölgəsindən (“Fırat Kalkanı” əməliyyatı ilə azad edilən Aziz-Cerablus bölgəsi Menbiclə həmsərhəddir – K.R.) Menbic rayonuna daxil olub. Çavuşoğlu deyib ki, hərbçilər tezliklə Menbicin mərkəzinə də daxil olacaq və razılaşmaya əsasən YPG silahlıları Menbici tərk edəcək.

“Türkiyənin Menbiçə daxil olması bizim üçün vətənə qayıdış deməkdir”. Axar.az xəbər verir ki, bu sözləri Suriya Türkman Məclisinin sədri Məhəmməd Vəcihə Cümə deyib.

“Böyük sevinc yaşayırıq, çünki vətənimizə, doğma torpaqlarımıza qayıdacağıq. Amma unutmayaq ki, ”Zeytun budağı” hərəkatı olmasaydı, Menbiç əməliyyatı da olmazdı. PKK Menbiç xalqına zülm edirdi. Türkiyəyə, əsgərlərinə minnətdarıq. Onların sayəsində öz evlərimizə dönəcəyik.

ABŞ PKK-nı dəstəkləyirdi, amma nəhayət ki, Türkiyənin iradəsi qarşısında diz çökdü. Türkiyənin bu əməliyyatı ilə təkcə bölgə terrordan təmizlənməyəcək, həm də Suriyadakı siyasi prosesdə müəyyən irəliləyişlər olacaq”, – o bildirib.

Suriya hökuməti ölkənin şimalında yerləşən Menbiçdə Türkiyə və ABŞ qüvvələrinin olmasından narazıdır.

Bu məlumatı Suriya Xarici İşlər Nazirliyi yayıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi açıqlamada isə daha əvvəl razılaşdırılmış Menbic “Yol xəritəsi” və Təhlükəsizlik Prinsipləri əsasında “Fırat Kalkanı” ərazisi ilə Menbic arasındakı xətdə Türkiyə ordusu və ABŞ ordusu hərbi birləşmələri tərəfindən müstəqil patrul fəaliyyəti başlayıb.

Qeyd edək ki, Fəratın qərb sahillərində yerləşən və Suriyanın Hələb vilayətinə daxil olan Menbic rayonu əsas ərəblərin yaşadığı region hesab olunur. 2014-cü ilin əvvəllərində Menbic İŞİD-in nəzarətinə keçib. Yalnız 2016-cı ildə ABŞ ordusunun dəstəyi ilə YPG silahlı birlikləri Menbici İŞİD-dən azad edib. Ancaq Türkiyə bu bölgədə kürd silahlı birliklərinin, xüsusən də YPG-nin bölgədən çəkilməsini tələb edib. Vaşinqton uzun müddət bu məsələdə Ankara ilə dil tapa bilmirdi. Yalnız uzun müzakirələrdən sonra bu ayın 4-də Vaşinqtonda Çavuşoğlu və Pompeo arasında Menbic mövzusunda anlaşma əldə olunub. Bu anlaşmanın hansı şərtlər hesabına əldə olunduğu məlum deyil. Anlaşmaya əsasən 3 mərhələli “Yol xəritəsi” qəbul olunub. Sənədə əsasən qarşıdakı 6 ay ərzində Menbicdən kürd silahlı birlikləri, xüsusən də YPG silahlıları çıxarılacaq. Planın birinci mərhələsi üzrə ön hazırlıq işləri aparılmalı, ikinci mərhələdə ABŞ və Türkiyə tərəfinin iştirakı ilə YPG silahlılarının bölgədən çıxarılması baş verəcək. Nəhayət, 3-cü mərhələdə ABŞ və Türkiyənin iştirakı ilə bölgədə təhlükəsizlik təmin olunacaq və Menbicdə yerli idarə orqanları formalaşacaq və yeri əhalinin evlərinə dönməsi təmin olunacaq.

Son hərəkətlilik onu göstərir ki, artıq planın birinci mərhələsi işə başlayıb. Bu hərəkətliliyin ön hazırlıq mərhələsinə daxil olduğu, yoxsa sadəcə, hazırlıq məqsədli patrul fəaliyyəti olduğu dəqiq deyil. Məlum olan odur ki, Türkiyə ordusu patrulu ilə yanaşı ABŞ ordusu, o cümlədən helikopterləri havadan patrul uçuşları həyata keçirib.

ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada Menbic yaxınlığında Türkiyə və ABŞ ordusunun müstəqil patrul fəaliyyəti həyata keçirdiyi qeyd olunub. Pentaqon sözçüsü patrul fəaliyyətinin Menbicin içərisinə daxil olmadığını, kənarda həyata keçirildiyini qeyd edib. Müdafiə naziri Ceyms Mattis də ötən həftə ABŞ və Türkiyə ordusunun regionda birgə patrul aparacağını təsdiqləyib. Nazir ilk dönəmdə hər iki tərəfin ayırıcı xətti müəyyən edəcəyini və daha sonra bu xətdə patrulu həyata keçirəcəyini, Menbicin daxilinə isə hələlik müdaxilə edilməyəcəyini bildirib.

Qeyd edək ki, Menbic əməliyyatı Türkiyə hökumətinin elan etdiyi təhlükəsizlik xəttinə daxildir. Ankara bu rayonu özü üçün təhlükəsizlik xətti elan edib. Bu mənada Menbic rayonuna Türkiyə əsgərlərinin daxil olması Ankaranın növbəti uğuru hesab olunur. Bu isə strateji addım olmaqla yanaşı, eyni zamanda seçki kampaniyası gedişində AKP bloku üçün böyük bir üstünlük mənasına gəlir.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar