KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Trump lobbilər qarşısında borcunu yerinə yetirir”

“Trump lobbilər qarşısında borcunu yerinə yetirir”

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
400 0

Donald Trump ABŞ prezidenti seçilmədən öncə deyirdi ki, müsəlmanlara qarşı sərt mövqe tutmaq, ölkədən onları çıxarmaq, gəlmək istəyənlərin isə yollarını bağlamaq lazımdır. Maraqlısı budur ki, bir çoxu Trumpun millətçilərdən səs almaq üçün belə dediyini düşünsə də, o, hakimiyyətə gələn kimi dediklərinin icrasına başladı. Hətta deyə bilərik ki, Amerika prezidentləri arasında verdiyi vədi yerinə yetirən, bəlkə də, ilk şəxs oldu. Amma qəribəsi budur ki, o, müsəlmanlara qarşı sərt ifadələr işlədərkən həmişə terrorçu qruplara dəstək verən ölkələrə eyham vurardı. Bəs vətəndaşlarına viza verilməsini yasaqladığı İranın, hətta müttəfiqlik etdiyi İraqın nə günahı var? Bu suallarla Türkiyənin Giresun Universitetinin professoru, əslən iranlı olan Abbas Karaağaclı ilə söhbət zamanı aydınlıq gətirməyə çalışdım. Gəlin müsahibəyə birlikdə nəzər salaq:

– Hər kəsin bildiyi kimi, Trump prezident seçkisi ərəfəsində ABŞ-da fəaliyyət göstərən yəhudi lobbisindən tam dəstək alıb. Eləcə də, yəhudi lobbisi ilə yanaşı, İranla münasibətləri qaydasında olmayan Səudiyyə Ərəbistanı, bəzi körfəz ölkələri – Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də Trumpun namizədliyini dəstəkləyiblər. Bu səbəbdən də o, prezident postuna oturan kimi üzərində hiss elədiyi borclarını yerinə yetirməyə, İran və digər bir neçə müsəlman ölkəsinə nifrətini sərgiləməyə başlayıb. Hətta düşünürəm ki, ABŞ-ın yeni prezidenti yaxın vaxtlarda müstəqil siyasət yürüdən müsəlman ölkələrinə qarşı daha sərt tədbirlərə əl atacaq.

– Xatırlayırsınızsa, Trump seçki öncəsi İranla imzalanmış nüvə sazişindən imtina edəcəyini də söyləmişdi. Bu insan niyə İranın əlindən belə yanıqlıdır? Onu da nəzərə alaq ki, ABŞ-da siyasətin strategiyasını prezidentlər deyil, azından iki yüz ildir fəaliyyət göstərən Vaşinqtonun siyasi institutları müəyyənləşdirir. Yəni onlar Trumpun bu qədər irəli getməsinə icazə verəcəklərmi?

– Yenə deyirəm, Trump seçki kampaniyası dövründə müsəlmanlara, köçkünlərə, hətta bütün əcnəbilərə qarşı nifrət aşılayan fikirlər səsləndirib. İranla Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv beş ölkə və Almaniya – bu 5+1 formulu da adlanır – arasında iki il öncə imzalanan nüvə sazişinə gəldikdə isə, bilmək lazımdır: bu müqavilə İranla ABŞ arasında deyil, beynəlxalq ictimaiyyəti təmsil edən qrupla imzalanıb. Bu müqavilədə tərəf kimi BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Atom Enerjisi Agentliyi – MAQATE və Avropa Birliyinin imzaları mövcuddur. Ona görə də hesab edirəm ki, Trump kimi irqçinin sözügedən sazişi ləğv eləməyə gücü çatmaz. Qaldı ki, ABŞ-da belə bir irqçi hakimiyyətin başında dayansa da, hər halda dövlətin beynəlxalq müqavilələr qarşısında məsuliyyəti var. Amma yenə deyirəm: İran əleyhinə olan lobbilər boş dayanmayacaqlar. Onlar Trumpla birlikdə müsəlman aləmində təriqətlərarası problemləri qızışdıraraq vətəndaş müharibələrinə zəmin hazırlayacaq və nəticədə xarici müdaxiləyə əsas verəcəklər. Dünyamız yeni təxribatlara hazır olmalıdır.

– Trumpun and içəcəyi günlərdə İran Türkiyə və Rusiya ilə birlikdə yeni bir regional güc formalaşdırmaq, Suriya böhranını, necə deyərlər, Amerikasız çözməyə qərar verdilər. Ola bilərmi ki, bu proses də Trumpun mövqeyinə təsir göstərsin? Bəlkə ABŞ qisas alır İrandan…

– Birləşmiş Ştatlar və müttəfiqlərinin Suriya siyasəti tamamilə iflas edib. Dörd ildir dünyanın harasında yaşamasına baxmayaraq terrorçuları silahlandırıb, Suriya xalqının və dövlətinin üstünə göndərən həmin terrorçu koalisiya məhz Rusiya və İranın, eləcə də onların dəstəkçisi olan İraq və Suriyanın köməyi ilə tam uğursuzluqla üzləşib. Bu gün Suriya torpaqları terrorçuların təlim meydanına çevrilib. Hətta burada inkişaf edən terrorçuluq hazırda bütün İslam coğrafiyasını və Avropanı təhlükə ilə üz-üzə qoyub. Amma sevindirici haldır ki, günümüzdə Türkiyə, Rusiya, İraq və Suriya kimi ölkələr Suriyanın ərazi bütövlüyü məsələsində vahid mövqedə birləşiblər, Astanada bu xüsusda saziş də bağlayıblar. İslam dünyasını vətəndaş müharibələri ilə, etnik, təriqətlərarası və dini xarakterli toqquşmalarla zəiflətməyi nəzərdə tutan və bu yolla İsrailin təhlükəsizliyini təmin eləməyə çalışan ABŞ, İngiltərə və müttəfiqlərinin arzuları gözündə qalıb desək, yanılmarıq. Hesab edirəm məhz buna görə də İran Amerikanın hədəfindədir.

– Astana razılaşmasından söz düşmüşkən, Suriyada toqquşmalar dayandımı? Bir çox rus, erməni və sair medasında yazılır ki, sazişdən sonra da Suriyadakı İran hərbçiləri və onların dəstəklədiyi qüvvələr tez-tez atəşkəsi pozurlar…

– Bildiyim qədər İran da Rusiya və Türkiyə kimi Suriyada atəşkəsin davamlı olmasına çalışır. Amma təəssüf ki, siz deyən xəbər saytları uydurma və təxribatyönümlü məlumatlar yaymaqla ictimaiyyəti çaşdırırlar. Bu birmənalı şəkildə başa düşülməlidir ki, Suriyada sabitliyin yaranması bölgə ölkələrinin, o cümlədən İranın rifaha qovuşması deməkdir.

– Bu gün İran bölgəmizdə özünə görə təsir dairəsi yaratmaqdadır. Necə bilirsiniz: İranın Yaxın Şərqdə daha çox hansı ölkə və ya ölkələrlə birlikdə olması onun güclənməsinə yardım göstərə bilər?

– İran 1979-cu ildə yaşadığı İslam inqilabından sonra Qərb düşərgəsindən sürətlə uzaqlaşaraq müstəqil və layiqli xarici siyasət yürütməyə başladı. ABŞ imperializmi isə heç vaxt belə vəziyyətdən xoşlanmır və əlbəttə, əlinə fürsət düşən kimi belə dövlətləri sarsıtmağa, çevriliş edib hakimiyyətini dəyişməyə, buna imkan olmadığı halda isə vətəndaş savaşları yaradıb ölkənin daxili sabitliyini pozmağa, inkişafını dayandırmağa çalışar. Necə ki, 1979-cu ildən sonra ABŞ bölgədəki müttəfiqləri ilə birlikdə eyni addımı İrana qarşı atıb. Sonradan Səddam Hüseyn devrildi, İrak İranla münasibətlərini normallaşdırdı. Amma bunu unutmamaq lazımdır ki, hər bir dövlət öz xarici siyasətini milli maraqları üzərində qurur. Bu məqsədlə də İran ABŞ, İsrail və münasibətləri kəskinləşmiş Səudiyyə Ərəbistanından gələ biləcək təhlükədən sığortalanmaq üçün özünə müttəfiqlər tapır, ittifaqlar yaradır, bu yolla hərbi, iqtisadi və diplomatik mövqeyini gücləndirir.

– Yenə qayıdaq söhbətimizin əvvəlinə, İranla ABŞ arasında gediş-dönüş çoxdurmu və Trumpun qərarı daha çox kimə ziyan vuracaq: İrana, yoxsa ABŞ-a?

– Birləşmiş Ştatların iranlılara və digər müsəlman ölkələrinin vətəndaşlarına qarşı tətbiq elədiyi viza məhdudiyyəti heç bir hüquqi əsasa söykənmir. Trump bu addımı terrordan müdafiə olunmaq üçün atdığını deyir. Amma belə olduğu halda o ilk növbədə, öz məhkəmələrinin də 11 sentyabr hadisəsində əli olması haqda qərar çıxardığı Səudiyyə Ərəbistanı və İordaniya vətəndaşlarını hədəf seçməliydi. Amma görürsünüz ki, viza məhdudiyyəti o ölkələrdən heç birinə şamil olunmur. Hesab edirəm ABŞ-ın viza məhdudiyyəti qoymasına İran anında reaksiya verib və ABŞ vətəndaşlarına qarşı eyni addımın atılacağını bildirib. Şübhəsiz ki, bu cür məsuliyyətsiz davranışlar bölgəmizin və dünyamızın əldə etdiyi sabitləyə qarşı hücumdur.

– Trumpun qəzəbli münasibətinə İranın gələcəkdə nə cür cavab verəcəyini düşünürsünüz?

– Bayaq dediyim kimi, İran Xarici İşlər Nazirliyi dərhal elan etdi ki, ABŞ vətəndaşı olan heç kim İrana daxil ola bilməz. Xarici işlər naziri Cavad Zərifin bu məsələyə dair açıqlamalarına baxdıqda hiss olunur ki, əslində nüvə razılaşmasının qüvvədə qalmasına inam o qədər də böyük deyil. Yəni əgər Trump və ətrafı gələcəkdə də indiki mövqeyində qalarsa, o zaman İran sazişdən çıxa və nüvə fəaliyyətini davam etdirə bilər. Məncə ABŞ-dakı sağdüşüncəli hökumət üzvləri və dövlət idarələri Trump kimi irqçi liderlərinin xarici ölkələrə münasibətdə daha irəli getməsinə imkan verməyəcək və bununla da başda Yaxın Şərq olmaqla, dünyada toqquşmaların qarşısı alınacaq.

Vüsal Tağıbəyli
http://hafta.az/index2.php?m=yazi&id=194294

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir