KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Soçidən sonrakı 7 gediş…

Soçidən sonrakı 7 gediş…

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
351 0

Prezident Ilham Əliyevin iyulun 21-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü hələ də Azərbaycanda müzakirə olunur. Görüşün nəticələri ilə bağlı iki rəy var. Birinci rəy bundan ibarətdir ki, görüş uğurlu keçib və prezidentlər gələcək planlar haqqında danışıblar. İkinci rəy isə bunun tərsidir, yəni görüşdə ciddi nəticə əldə olunmayıb.
Soçi görüşündən sonra baş verənlər prezidentlərin görüşünün müsbət nəticələnmədiyinə işarədir. Bunu son faktlar da göstərir.
Birincisi, İlham Əliyev Soçiyə daha çox Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün getmişdi. Əgər görüşdən müsbət nəticə çıxsaydı, hazırda cəbhə bölgəsində sakitlik hökm sürməli idi. Hazırda bunun tam tərsidir. Cəbhə bölgəsində vəziyyət əvvəlkindən də gərgindir. Atəşkəsin pozulması intensivliyi artıb. Azərbaycan hərbçiləri arasında yaralananlar var.
İkincisi, yalnız Qarabağ istiqamətində vəziyyət gərgin deyil. Azərbaycan-Ermənistan sərhəddi boyunca lokal toqquşmalar qeydə alınır. Onlar bizim mövqeləri vurur, biz də onları vururuq.
Üçüncüsü, Soçi görüşündən dərhal sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa gəldi. Ermənistanın xarici işlər naziri üstəlik işğal altındakı Kəlbəcərdə oldu. Kəlbəcərin Dağlıq Qarabağa aidiyyatı yoxdur və Ermənistanda bilirlər ki, erməni rəsmilərin Dağlıq Qarabağa aididyyatı olmayan işğal altındakı səfərləri Azərbaycanda böyük narazılıq yaradır. Bunu Rusiyada da bilirlər, ancaq Moskva erməni rəsmilərin bu təxribatlarının qarşısını da almaq istəmir.
Dördüncüsü, Rusiya Cənubi Osetiya istiqamətində Bakı-Supsa boru xəttinin bir hissəsini nəzarətinə götürdü. Bu da Soçi görüşündən sonra baş verdi. Sual olunur: Rusiyanın nəzarət altında saxladığı Cənubi Osetiya üzərindən Bakı-Supsa boru xəttinin bir hissəsini nəzarətə götürməsinin nəyinə lazımdır? Bu Gürcüstandan çox Azərbaycana qarşı atılmış addımdır. Çünki Bakı-Supsa boru xətti faktiki Azərbaycana məxsusdur və bu boru xəttindən Azərbaycan nefti daşıyır. Rusiya Bakı-Supsa boru xəttinin bir hissəsini nəzarət altına almaqla rəsmi Bakıya təzyiqini artırır. Halbuki, bir başqa boru xətti olan Bakı-Novorosiysk Rusiyadan keçir. Ancaq Moskvanı narazı salan odur ki, Azərbaycan faktiki bu boru xətti ilə neft daşımır. Çünki, bu boru xəttindən Azərbaycan real gəlir əldə etmir. Azərbaycanın neft satışından əldə etdiyi əsas gəlir Bakı-Tiflis-Ceyhan boru xətti ilə bağlıdır. Sadəcə, 1990-cı illərin ortalarında ilk tikilən boru xətti Bakı-Novorosiyk idi. Rəsmi Bakı bu boru xəttinin tikintisinə ona görə razılıq verdi ki, Rusiya Azərbaycana təzyiq etməsin və Bakı-Ceyhan daha sonra tikildi. Ancaq görünür, Moskva yenidən təzyiq siyasətinə qayıdıb.
Beşincisi, Rusiyanın Azərbaycandakı səfirliyi açıqlama verərək bildirdi ki, Azərbaycan qanunlarını pozan Aleksandr Lapşin Rusiyaya ekstradisiya edilməlidir. Aleksandr Lapşin iki dəfə Azərbaycan qanunlarını pozub. Birinci dəfə qeyri-qanuni olaraq Ermənistan üzərindən Qarabağa gedib və bundan sonra onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınıb. Bu o deməkdir ki, Dağlıq Qarabağda qeyri-qanuni olan istəilən şəxsin daha sonra Azərbaycana gəlişi qadağandır, ona viza verilmir. Ancaq Aleksandr Lapşin bunu bilə-bilə ikinci dəfə fərqli pasportla Azərbaycana gəlib və bununla Azərbaycan qanunlarını ikinci dəfə pozub. Bundan sonra Azərbaycan Lapşini axtarışa verdi və Belarus bu şəxsi Azərbaycana ekstradisiya etdi. Keçən həftə Lapşin üzərində məhkəmə tamamlandı və ona 3 il 3 ay çəza verildi. İndi isə məhkəmə qərarından cəmi bir neçə gün sonra Rusiyanın Azərbaycandakı səfirliyi məsələ qaldıraraq Aleksandr Lapşinin ekstradisiya məsələsini aktuallaşdırır. Bu faktiki Azərbaycan hakimiyyətinə növbəti təzyiqdir. Əlbəttə, böyük ehtimalla rəsmi Bakı bu şəxsi ya əfv edə, ya da Rusiyaya ekstradisiya edə bilər. Ancaq bundan əvvəl rəsmi Bakı erməni separatçılarının girov saxladığı iki Azərbaycan vətəndaşı ilə dəyişməyə çalışacaq. Həmin şəxslərdən biri həm də Rusiya vətəndaşıdır. Demək rəsmi Bakı onu Lapşinlə dəyişməyi Moskvaya təklif edəcək. Bunun üçün Moskva İrəvanı razı salmalıdır. Ancaq bütün hallarda Moskva Lapşinin azad edilməsi üçün rəsmi Bakıya təzyiqi artıracaq. Bu arada, Aleksandr Lapşin hiyləgər gediş edib. O, Rusiya əvəzinə İsrailə ekstradisiya olunmaq istədiyini bildirib. Lapşin bilir ki, Bakı ilə Moskva arasında söz atışması mövcuddur və biz onu Dağlıq Qarabağda girov saxlanılan vətəndaşlarımızla dəyişmək istəyirik. Buna isə ümid azdır. Bu halda ekstradisiya uzana bilər. Ona görə də Lapşin İsraili seçib. Rusiyadan fərqli olaraq bu ölkə ilə əlaqələrimiz strateji tərəfdaşlıq mahiyyəti daşıyır və Bakının Tel-Əvivin xahişinə “yox” deməsi çətindir.
Yeddincisi, Vladimir Putin İlham Əliyevlə Soçi görüşündən bir neçə gün sonra Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya etdi. Saziş iki ölkə arasında 2016-cı ilin 30 nayabr tarixində Moskva şəhərində imzalanıb. Birgə hərbi burləşmələr birmənalı şəkildə Azərbaycana qarşıdır.
Beləliklə, bütün bu bəndlərdən çıxış edərək, Azərbaycan və Rusiya prezidentlərinin görüşünün uğurlu saymaq problematikdir. Moskva Azərbaycanın Ermənistan və ya Qırğızıstan kimi sözəbaxan olmasını, onun bütün istəklərini yerinə yetirməsini istəyir. Bu mümkün deyil. Çünki Azərbaycanın milli və təhlüksəzilik maraqları Rusiyanın maraqları ilə üst-üstə düşmür.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu son müsahibəsində deyib ki, bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır. O deyib ki, Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edir.
Şoyqu hansı dövlətləri nəzərdə tutur? Rusiya müdafiə naziri Cənubi Qafqazdan niyə bu qədər narahatdır? NATO ölkələri ara-sıra Gürcüstanda hərbi təlimlər keçirirlər və çıxıb gedirlər, Bunun əvəzində Rusiyanın Ermənistanda daimi yerləşdirdiyi – Azərbaycan, İran və Türkiyə ilə sərhəddəki hərbi birlikləri kimə qarşıdır? Rusiya rəsmiləri açıqlamalarında Ankaranı, Tehranı və Bakını strateji tərəfdaş adlandırırlar. Demək, Kreml səmimi deyil, bu dövlətlərdən hansısa birinə və ya bir neçəsinə inanmır, çünki Ermənistanda hərbi bazaların gücləndirilməsinin başqa izahı yoxdur.

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir