KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Səudiyyə krallığında siyasi “inqilab”

Səudiyyə krallığında siyasi “inqilab”

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
376 0

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz 31 yaşlı oğlu Məhəmməd ibn Salmanı krallığın varisi, birinci vəliəhd təyin edib. Eyni zamanda Məhəmməd ibn Salman baş nazirin müavini təyin olunub. Bununla da ölkənin faktiki söz sahibi 31 yaşlı şahzadə olub. Çünki buna qədər Məhəmməd ibn Salman eyni zamanda müdafiə naziri və ölkənin iqtisadi islahatlar layihəsinə rəhbərlik edirdi. İndi isə faktiki olaraq kraldan sonra ikinci adam postuna gətirildi.

Kral Salmanın əmri ilə vəliəhd şahzadə Məhəmməd ibn Naif həm birinci vəliəhd şahzadə postundan, o cümlədən baş nazirin müavini və daxili işlər naziri vəzifəsindən azad edilib. Bununla da faktiki olaraq ölkədə əsas siyasi güc Məhəmməd ibn Salmanın əlində toplanıb. Krallığın Sədaqət Şurasının 34 üzvündən 31-nin Məhəmməd ibn Salmana səs verdiyi bildirilir. Avropada universitet təhsili almış gənc şahzadənin qarşısında kral olmaq üçün faktiki olaraq siyasi maneə qalmayıb.

Qeyd edək ki, hazırkı kral Salman ibn Əbdüləziz 2015-ci ildə böyük qardaşı Abdullah ibn Əbdüləzizin ölümündən sonra taxta çıxıb. Ancaq 81 yaşlı kralın səhhətində problemlər var, bu səbəbdən də onun işlərini varisi Məhəmməd görür. Kral Salman vəzifəyə gəldikdən az sonra oğlu Məhəmmədi əvvəlcə müdafiə naziri, daha sonra isə ikinci vəliəhd təyin etdi. Bu ilin aprelində isə kral Salman 40-a yaxın fərman imzalayaraq quru qoşunları komandanı, ABŞ-dakı səfir və eləcə də bir neçə naziri, o cümlədən enerji və sosial işlər, idman nazirlərini dəyişdi. İki mühüm posta- enerji naziri və Vaşinqtondakı səfir postuna öz oğlanlarını təyin etdi.

Maraqlıdır ki, bu il martın 14-də Şahzadə Məhəmməd ibn Salman ABŞ-a səfər edib. Burada Pentaqon rəsmiləri və prezident Donald Trampla görüşüb. Məhz bu səfərdən və görüşdən sonra kralın 40 yüksək rütbəli məmuru vəzifədən alması haqda əmri verilib, ölkədə ciddi siyasi dəyişikliklər baş verib. Bu isə Vaşinqtonun yeni islahatları dəstəkləməsinə işarədir. Mayın 21-də Səudiyyə Ərəbistanı və ABŞ arasında imzalanan 350 milyardlıq anlaşmanın arxasında dayanan səbəblərdən birinin də bu olduğu ehtimal edilir. Məsələ ondadır ki, hazırda Yəməndə müharibə aparan Səudiyyə Ərəbistanı eyni zamanda ciddi iqtisadi islahatlar həyata keçirəcəyini elan edib. Hər iki istiqamətə rəhbərliyi məhz gənc şahzadə Məhəmməd edir.

Maraqlıdır ki, apreldə həyata keçirilən dəyişikliklər zamanı ölkənin idman naziri postuna Ərəbistanda ikinci nüfuzlu ailə olan və dini fəaliyyətlərə rəhbərlik edən Şeyx ailəsinin nümayəndəsi təyin olunub. Məsələ ondadır ki, Səud ailəsinin hakimiyyətə gəlməsində rolu olan Şeyx ailəsi ilə bağlanan müqaviləyə əsasən ölkədə siyasi hakimiyyət Ali Səuda, dini hakimiyyət isə Şeyx ailəsinə məxsus olacaqdır. Bu günə qədər də bu anlaşma davam edir, ölkənin baş müftisi bir qayda olaraq (elə indi də – K.R.) Əbdüləziz əş-Şeyxdir. Eyni zamanda Şeyx ailəsindən hər zaman bir neçə nazir postu olub. Lakin öncəki kral Abdullahın hakimiyyəti illərində dini hakimiyyət sıxışdırılıb və Şeyx ailəsi hökumətdə nazir postları əldə edə bilməyib. Ancaq indi kral Salman Şeyx ailəsinin üzvünə nazir postu verməklə, görünür, Məhəmməd ibn Salman üçün dəstək almağa çalışıb.

Yeni addımın bir qayda olaraq yaşları 80-dən çox olan Səudiyyə krallarının dövlət idarəçiliyindəki çətinlikləri, eləcə də Qərblə əlaqələrin qurulmasında yaranan problemləri aradan qaldıracaq kimi görünür. Çünki Məhəmməd ibn Salman gəncdir, Avropada təhsil alıb. Qərb ölkələri ilə yaxşı münasibətləri var. Ancaq şahzadə Məhəmməd ibn Salmanın iqtidar olmasının bir neçə sıxıntılı tərəfləri var.

İlk növbədə şahzadənin daha aqressiv siyasi xətt yürütməsi. Yəmənə 2015-ci ilin martında başlayan hərbi müdaxilə məhz Məhəmmədin rəhbərliyi altında davam edir. Bundan başqa, Qətər böhranının arxasında da gənc şahzadənin dayandığı iddia olunur. Ərəb-müsəlman coğrafiyasının bu qədər ciddi problemlərlə üz-üzə qalması heç də yaxşı nəsə vəd etmir. Üstəlik, gələcəkdə krallıq taxtına oturacaq bu şəxsin regionda ciddi münaqişələrə səbəb olması da qaçılmaz olacaq. Bu mənada Məhəmməd ibn Salmanın iqtidarı Səudiyyə Ərəbistanı üçün də başağrısı ola bilər.

Şahzadə Məhəmmədin və Səudiyyə krallığının qarşısında daha bir ciddi maneə hakim ailə daxilindəki etirazlar ola bilər. Doğrudur, hələlik zahirən kralın qərarlarına kimsə etiraz etmir. Hətta birinci şahzadə, daxili işlər naziri və baş nazirin müavini postundan azad edilən Məhəmməd ibn Naif şahzadə Məhəmməd ibn Salmana biyət edib, onun yeni vəzifəsini qəbul edib. Ancaq kral Salmanın son addımları, oğlanlarını dövlətin əsas postlarına gətirməsi, özündən sonra yerinə gənc oğlunu gətirməsi (halbuki daha yaşlı və “sırada” olan şahzadələr vardı – K.R.) ailə içərisində heç şübhəsiz ki, xoş qarşılanmayıb. Açıq şəkildə etiraz etməsələr belə, gələcəkdə Məhəmməd ibn Salman taxta oturduqdan sonra ciddi siyasi müqavimətlə qarşılaşa, hakimiyyətdə qalmaq üçün rəqiblərini məhv edə bilər.


Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir