Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

DR. BABEK CAVANŞİR: “TÜRKİYE’DEN SONRA EN FAZLA TÜRK NÜFUSUNA SAHİP OLAN ÜLKE İRAN’DIR.”

Sədrin və İraq qövmçülüyünün qələbəsi

Gündem 17 Mayıs 2018
29

İraq seçkilərinin sürpriz nəticələrinin arxasındakı həqiqətlər

Müəyyən qədər Fələstində baş verənlərin kölgəsində qalsa da, İraq seçkiləri mahiyyət etibarı ilə region üçün ciddi bir hadisə oldu. İraq bölgənin ən həssas və açar ölkələrindən biridir. Kəşf olunmuş neft ehtiyatlarına görə 5-ci yerdə olan (ümumi neft ehtiyatlarının 8,69 faizi İraqdadır – K.R.) və gündəlik 3,8 milyon barrel neft istehsal edən bir ölkə olan İraq həm də yerləşdiyi ərazi baxımdan bəşər tarixi boyunca dünya güclərinin diqqətində olub.

2003-cü ildə ABŞ-ın İraqa ordu yeridib Səddam Hüseyn rejimini devirməsindən sonrakı 15 il ərzində İraq terror və xaosdan çıxa bilmədi. Baxmayaraq ki, amerikalılardan sonra İraqda parlament respublikası, federal dövlət və müəyyən mənada demokratik seçki mühiti formalaşdı. Ancaq İraq 2014-cü ildə İŞİD-in Mosulu işğal etməsi ilə dünyanın qorxulu kabusuna çevrildi.

Belə bir ölkədə mayın 13-də parlament seçkiləri keçirildi. Bu seçkilər təbii ki, İraq xalqının kimləri millət vəkili seçməsi hadisəsindən daha çox regionda davam edən böyük geopolitik mübarizə idi. Regionun iki əsas gücü İraqdakı seçkilərdə “qol güləşi” etdilər. Bir tərəfdə ABŞ və onun regional ərəb müttəfiqi Səudiyyə Ərəbistanı, digər tərəfdə isə İran. İraqın enerji, neft-qaz önəmini qeyd etdik. Amma bu ölkə həm İranın Yaxın Şərqə, eləcə də rəqiblərinin İrana açılan qapısıdır. İraq “ərəb və əcəmin” qarşılaşdığı, qovuşduğu məntəqədir. Qədim Ktesifonun xarabalıqları üzərində tikilən Bağdad illərdir həm də ərəb və əcəmin uğrunda çarpışdığı nöqtədir.

İraqdakı bu dəfəki seçkilərin sürpriz nəticəsi ondan ibarət oldu ki, heç kimin gözləmədiyi və ya çox az ehtimal etdiyi hadisə baş verdi: Müqtəda Sədrin kommunistlərlə birlikdə qurduğu “Sairun” ittifaqı seçkilərdə qalib gəldi. Paytaxt Bağdad da daxil olmaqla, əksər böyük şəhərlərdə və vilayətlərdə Sədrin ittifaqı birinci olub. Halbuki, bundan əvvəlki 3 seçkidə Sədrin qrupu ilk üçlüyə daxil ola bilməmişdi. Əlbəttə, Müqtəda Sədrin uğurunu İraqda elə də nüfuzu olmayan kommunistlərə bağlamaq gülünc olardı. Və ya Sədr özü 2000-ci illərin əvvəllərindən fərqli olaraq İŞİD-in hücumları zamanı hansısa qəhrəmanlığı, fəallığı ilə yadda qalmadı. Ya da tərəfdarları terrora qarşı mübarizədə uğurlu nəticə göstərmədi. Terrora qarşı savaşa rəhbərlik edən baş nazir İbadi və mübarizəni aparan “Həşdi Şabi” ordusunun seçki bloku ikinci və üçüncü yerləri ala bildilər. Demək ki, ortada başqa amil olub.

Ötən ilin payızında Müqtəda Sədr gözlənilmədən Səudiyyə Ərəbistanına səfər etdi. Səfər qısamüddətli oldu və Müqtəda Sədr Krallığın parlayan ulduzu, dövləti faktiki olaraq idarə edən Məhəmməd bin Salmanla görüşdü. Görüşlə bağlı sadəcə bir foto və qısa açıqlama yayıldı. Sədr iki ölkə arasında əlaqələrin yumşaldılmasına çalışacağını qeyd edirdi. İraqa qayıtdıqdan sonra artan etirazların ardından daha bir açıqlama yayan Sədr məqsədinin İranla Səudiyyə Ərəbistanını barışdırmaq olduğunu bildirdi. Təbii ki, bu açıqlama heç kimi razı salmadı, amma tezliklə unuduldu. Hətta bu ilin yazında şahzadə Salmanın gözlənilmədən İraqa və Nəcəfə səfəri məsələsi gündəmə gəldikdə, (təşkilatçının və dəvətçinin adı açıqlanmadı – K.R.) iraqlılar ciddi etiraz etdikdən sonra səfər təxirə salındı.

Əlbəttə, Sədrin seçkilərdə gözlənilmədən qalib gəlməsində Səudiyyənin birbaşa rolundan danışmaq üçün əlimizdə ciddi əsas yoxdur, ancaq Sədrin qalibiyyətinin arxasında onun İran əleyhdarı xəttinə çıxmasının ciddi rolunun olduğu aydındır. Sədr artıq 10 ilə yaxındır ki, İranla ciddi soyuq münasibətlərə malikdir. Bir zamanlar İrana yaxın din adamı, hətta son illərə qədər İranın İraqdakı əsas adamlarından biri hesab olunan Sədr indi əks cəbhədədir. Sədr 2012-ci ildə bundan öncəki baş nazir Nuri Malikiyə, iki il əvvəl isə hazırkı hökumətə qarşı ciddi etirazların müəllifidir. 2016-cı ildə isə Sədr tərəfdarlarının Bağdadın mərkəzində keçirdiyi etiraz aksiyaalrında İran əleyhinə sərt şüarlar səsləndirilmiş, İranın İraqdan çəkilib getməsi tələb olunmuşdu. Hətta bundan sonra, İran hökuməti Bağdada hava reyslərini bir müddətlik dayandırmışdı. Sədr özü isə ötən ilin noyabrında etiraf edirdi ki, Səudiyyə Ərəbistanına səfəri İranda qəzəblə qarşılanıb.

İndi isə belə bir şəxsin qalib gəlməsi təbii ki, İranın maraqlarına zərbədir. Yeri gəlmişkən, Sədr artıq koalisiya qura biləcəyi mümkün siyasi qüvvələrin adlarını açıqlayıb. Bu siyahıda yalnız seçkilərdə ikinci yeri almış “Həşdi Şabi” komandiri Hadi əl-Amiri, keçmiş baş nazir Nuri əl-Maliki və Cəlal Talabaninin partiyaları istisna edilib. Bilindiyi kimi, hər 3 siyasi qüvvə İrana yaxın hesab olunur. Yəni, cənab Sədr mövqeyini və niyyətini artıq gizlətmir.

2000-ci illərdə iki dəfə ABŞ ordusuna qarşı müharibə aparmış, 2004-2006-cı illərdə amerikalılarla savaşan və onları qorxuya salan Müqtəda Sədr indi cəbhəsini dəyişib. Doğrudur, onun amerikalılarla müttəfiq olduğunu demək olmaz, amma bir şey aydındır ki, artıq əvvəlki xəttində deyil, həm də keçmiş müttəfiqi İrana qarşı cəbhədə yer alıb.

İslam aləmində, xüsusən də şiə dünyasında böyük alim və nüfuzlu şəxsləri ilə tanınan Sədr ailəsi İran əsilli olsa da, seyyid, yəni, kök etibarı ilə Peyğəmbər nəslindəndir. 200 ildən çoxdur ki, İraqda, Nəcəfdə məskunlaşan sədrlərin nüfuzu islam alimi sədrlərlə yanaşı bu nəslin davamçılarının mübarizliyi ilə əlaqədardır. Səddam Hüseyn zamanında ciddi təzyiqlərə, həbs və edam təhlükəsinə baxmayaraq, digər üləmadan fərqli olaraq sədrlər İraqı tərk etməyib və bunun bədəlini Məhəmməd Baqir Sədr, Bintul Huda kimi nüfuzlu ailə üzvlərinin edamları ilə ödəyiblər. Müqtəda Sədrin atası Ayətullah Sadiq Sədr və iki qardaşı isə 1999-cu ildə Səddam Hüseyn hökuməti tərəfindən sui-qəsdə məruz qalaraq öldürülüb.

Müqtəda Sədr indi İraqda dini xətdən daha çox etnik, yəni ərəb qövmçülüyü xəttindədir. Bunu özü də etiraf edir. Həm də məzhəbçi xətdə dayanan İrana qarşı çıxmaqla. Sədr xarici dəstəklə yanaşı, İraqda İran əleyhdarı cinahın dəstəyini qazanıb. İraqda isə bütün digər ərəb ölkələrində olduğu kimi ərəb millətçiliyi hələ də güclüdür. Bu tendensiya son illərdə İraq hökumətində də hiss olunur.

Yeri gəlmişkən, mövzu ilə birbaşa əlaqəsi olmasa da, ötən ay Bakıda keçirilən İslam Əməkdaşlqı Təşkilatı nazirlərinin toplantısında İraq daha əvvəl olduğu kimi Azərbaycan, İran, Türkiyə, Pakistan kimi “əcəm” ölkələrini deyil, təşkilatda ənənəvi cəbhə təşkil edən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Küveyt kimi körfəz ölkələri ilə birgə hərəkət edib, onlara dəstək verib. Bu da İraqda “ərəb xəttinin əcəm xəttinə” üstün gəlməsinin daha bir nümunəsi.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Yorumlar