KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ruslar Sarkisyanı niyə qurban verdi: istefanın sirri

Ruslar Sarkisyanı niyə qurban verdi: istefanın sirri

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
329 0


Sarkisyan 11 günlük etirazdan sonra istefa verdi, həm də “Paşinyan haqlı idi, mən səhv etdim” deməklə. Hərçənd, bir gün öncə Paşinyanla görüşdə o, “sən qanuni hakimiyyəti hədələyirsən” deyərək, salonu tərk etmişdi. Ardınca Paşinyanın həbs olunması Sarkisyanın geri çəkilməyəcəyini göstərirdi. Nə dəyişdi, doğrudanmı hər şeyi Paşinyan və tərəfdarları həll etdi? Əlbəttə, hadisələrin fitilini yandıran və nəticəni istefaya qədər gətirib çıxaran kütlə oldu. Lakin bu nəticəni rusların müəyyənləşdirdiyi də ortadadır.

Publika.az bildirir ki, əslində hər şey bu gün bir neçə hərbi hissənin hərbiçilərinin küçələrə çıxaraq, kütləyə dəstək verməsi ilə başladı. Hərbiçilərlə yanaşı, Ermənistan siyasətinə ciddi təsir imkanı olan din xadimlərinin də küçə yürüşünə qoşulması vəziyyəti Sarkisyanın əleyhinə dəyişdi.

Məhz hərbiçilərin küçələrə çıxarılması Moskvanın nəzarətdən çıxan vəziyyəti öz xeyrinə dəyişmək gedişi idi.

Çünki: “Məxməri inqilab”ın başlanmasından sonra Paşinyana əsas dəstəyi erməni diasporu verdi və bu, əslində Qərbin dəstəyi hesab oluna bilərdi; Rusiya-Qərb qarşıdurması fonunda görünən bu idi ki, Moskvaya qarşı Cənubi Qafqazdan yeni cəbhə açılır və Gürcüstandan sonra Ermənistanı da itirmək Kreml üçün şikəst olmaq anlamına gələrdi;

Kütlənin dağılmaması, əksinə getdikcə daha da böyüməsi Moskvanı güc tətbiqinə doğru sürükləyirdi. Sarkisyanın indiyə qədər güc tətbiq etməməsi də rusların razılığını ala bilməməsindən qaynaqlanırdı. Çünki o, güc tətbiq edəcəyi təqdirdə Kremlin onu dəstəkləyəcəyindən əmin deyildi. Güc tətbiqi isə Ermənistanda vəziyyəti daha da kəskinləşdirə və rusların maraqlarına qarşı proseslərlə nəticələnə bilərdi. Məhz bu vaxt Kremlin nəzarəti ələ almaq gedişi dövriyyəyə girdi.

1. Hərbiçilər küçələrə çıxarıldı. (Ermənistan ordusunda rusların təsirinin güclü olduğu unudulmamalıdır). Bununla Sarkisyan fakt qarşısında qaldı. Çünki hərbiçilərin olduğu aksiyaya müdaxilə etmək hadisələrin silahlı qarşıdurmaya qədər getməsi ilə nəticələnə bilərdi.

2. Moskvanın İrəvan hakimiyyətinə yerləşdirdiyi Karen Karapetyan oyuna girdi. Belə görünür ki, Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı ilə keçirilən fövqəladə müşavirədə Kremlin tələbləri Sarkisyana çatdırılıb və onun istefası qərarı verilib. Karapetyanın müşavirədən sonra Paşinyanla görüşə getməsi də prosesləri onu nəzarətə aldığı demək idi. Rusiya Sarkisyanı göndərib, uzun müddətdir hazırladığı Karapetyanı dövriyyəyə saldı.

Və hər şey Karapetyanla Paşinyanın təcridxanada keçirdiyi görüşdə həll olundu. Paşinyan detalları açıqlamasa da, “iki saatlıq fasilə” elan etməsi onun istefa qərarını gözləməsindən qaynaqlanırdı. Hesab etmək olar ki, həmin görüşdə Paşinyanın tələbləri qəbul edilib.

Hələ ki rusların Karapetyanı dövriyyəyə salaraq, prosesi qansız yola verdiyi və Ermənistan üzərindəki nəzarəti əldən buraxmadığı görünür.

Bundan sonra proseslərin mümkün inkişafı da belə görünür:

– Karapetyan baş nazir olur;
– Paşinyanın fraksiyası hökumətdə təmsil olunur;
– Əhalinin istəyinə uyğun sosial-iqtisadi islahatlar həyata keçirilir;

Lakin bunlar ehtimallardır və əsas məsələ Paşinyanın Sarkisyan qarşısında irəli sürdüyü 4 şərtin – istefa, xalqın namizədi baş nazir seçilir, müvəqqəti hökumət yaradılır, növbədənkənar parlament seçkiləri keçirilir hamısının yerinə yetirilib-yetirilməyəcəyindən asılıdır. Bu şərtin biri – istefa qəbul edilib.

Mümkündür ki, təcridxanadakı görüşdə digər şərtlər üzərində də razılıq əldə edilib və proseslər ona doğru gedəcək. Amma bu az inandırıcı görünür.

Hesab etmək olar ki, Rusiya kütlənin qəzəbinin yatması və evlərinə dağılması üçün Sarkisyanı qurban verdi. Lakin “xalqın namizədi baş nazir seçilir” şərtinə əməl edilsə, bu, Paşinyanın, yəni Qərbin adamının ölkəyə rəhbərlik etməsi və rusların namizədinin – Karapetyanın oyundan kənarda qalması deməkdir. İnandırıcı deyil ki, ruslar bununla razılaşır, heç o da inandırıcı deyil ki, Karapetyan hakimiyyəti Paşinyana vermək üçün onunla görüşə getmişdi. Bu baxımdan, Sarkisyanın qurban verilməsinin arxasında Rusiyanın Ermənistanda sükanı əldən verməməsinə hesablanıb.

Məsələnin digər tərəfi bu prosesdən Qərbin hansı qazanc əldə etməsidir. Etiraz aksiyasını Qərbin başlamadığına inansaq belə, (hərçənd, Paşinyanın prosesi dəqiqliklə idarə etməsi planın əvvəldən hazırlandığını aydın göstəririrdi) gedişatda dəstək verdiyi aşkar idi və ruslara qarşı geosiyasi oyunda Ermənistandan nəsə qopartmadan əl çəkəcəyi də inandırıcı deyil. Amma nə? Karapetyanın Sarkisyanı əvəzləməsi faktiki olaraq, Rusiyanın nəzarəti əldən vermədiyi, hətta bir az da gücləndiyi deməkdir. Bəs Qərbə nə çatacaq? Bu sualın cavabı proseslərin inkişafında ortaya çıxacaq.

İlkin ehtimal Paşinyanın timsalında güclü alternativ yaratmaqdır. Hətta onun hökumətdə təmsil olunması da istisna deyil. Ən yaxşı halda isə Saakaşvilidən sonra Gürcüstanda həyata keçirilən variant – prezident Qərbin, Baş nazir Rusiyanın – həyata keçirilə bilər. Lakin dövr nə o dövrdür, nə də Rusiya-Qərb münasibətləri hansısa razılaşmanın əldə oluna biləcəyini göstərir.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir