AZƏRBAYCANDAN GÜRCÜSTANA KİM GEDƏCƏK?

Pompeo’nun 12 Şartı ve Enerji Jeopolitiği

Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

Rəsmi Bakı Rusiya siyasətini korrektə edir

Azerbaycan, Rusya 9 Şubat 2017
377

Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə mərhum dövlət başçısı Heydər Əliyevin siyasi xəttinə qayıdır. Heydər Əliyev heç zaman Rusiyanın Ermənistana dəstəyi ilə barışmadı, rusiyalı rəsmilərlə müxtəlif görüşlərdə sərt şəkildə Moskvanın Ermənistanı silahlandırmasından narazılığını “bu silahlar kimə qarşıdır”, “niyə Ermənistana bu qədər silah verirsiniz” sualları şəklində ünvanlayırdı. Heydər Əliyev hakimiyyətinin son illərində Rusiyanın yeni seçilən prezidenti Vladimir Putinlə ona görə yaxınlığa qərar verdi ki, Kreml sahibi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışacağını vəd etmişdi. Ancaq bu 17 ildə Moskva verdiyi vədi yerinə yetirmədi.
Heydər Əliyevdən sonra Bakının Moskva ilə əlaqələr daha da intensivləşdi, qarşılıqlı səfərlərin sayı artdı, Rusiya hakimiyyətinin ünvanına müxtəlif reveranslar edildi. Ancaq bunların heç birinin nəticəsi olmadı. 2016-cı ildə apreldəki 4 günlər döyüşlər də Rusiyanı Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaltmasına həvəsləndirmədi. Tam əksinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son mətbuat konfransında söylədiyi iki fikir Azərbaycanın son gözləntilərinin üstündən xətt çəkdi. Nə dedisə, Ermənistanın maraqlarına uyğun idi.
Birincisi, Lavrov dedi ki, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması bölgənin statusunu müəyyənləşdirəcək mexanizmlə paralel aparılmalıdır. Başqa sözlə Lavrov münaqişənin həllinin “mərhələli həllindən” “paket həllinə” keçid etdi.
İkincisi, Lavrov dedi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”.
Lavrova sualıyla bu cavabı söyləməyə məcbur edən azərbaycanlı jurnalist bir gün sonra işdən çıxarıldı. Jurnalistin işdən çıxarılmasına Bakıda Rusiyadan çəkinən, ehtiyatlanan qrup qərar verdi. Ancaq hadisələrin inkişafı göstərdi ki, Lavrov son mətbuat konfransında məlum açıqlamaları söyləməsə də, onun mövqeyi Ermənistana dəstək üzərində qurulub. Digər tərəfdən Rusiyada xarici siyasət konsepsiyasını prezident müəyyənləşdirir. Ona görə də Lavrov həmin konsepsiyanın içracısıdır.
Moskva Aleksandr Lapşinin Belarusdan Azərbaycana esktradisiya məsələsində həm Minskə, həm də Bakıya təzyiq etdi. Bununla Rusiya hakimiyyətinin siyasətində ikili standartlar üzə çıxdı. Dağlıq Qarabağ separatçılarının uzun müddətdir girov saxladığı iki azərbaycanlıdan biri Rusiya vətəndaşıdır. Ancaq Rusiya həmin vətəndaşının azad olunması üçün heç bir fəaliyyət göstərməyib. Ancaq Azərbaycan qanunlarını kobud surətdə pozan digər vətəndaşı Lapşinin qeyri-qanuni hərəkətlərinə haqq qazandırır.
Rusiya hakimiyyətinin Azərrbaycan əleyhinə yönələn bu siyasətinə susmaq artıq mümkün deyildi. Ona görə də, Azərbaycan rəsmiləri artıq rusiyalı rəsmilərin açıqlamalarına cavab verməyə başlayıblar.
Gün ərzində həm prezident İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarov Rusiya hakimiyyətinə sərt mesajlar göndərdilər.
Birincisi, Azərbaycan prezidenti dedi ki, “aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik, toqquşma bizim daxili işimizdir”. Bu İlham Əliyevin Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil” açıqlamasına cavab idi. Digər tərəfdən əgər indiyənə qədər rəsmi Bakı apreldəki döyüşlərin Ermənistanın təxribatına cavab olduğunu deyirdisə, indi isə prezidentin sözlərindən anlaşılır ki, cəbhə xəttində işğalçıya daima zərbə endirmək Azərbaycanın müstəsna hüququdur. Bu o deməkdir ki, Azərbaycan işğalın davamına yol açan atəşkəsə riayət etmək fikrində deyil. Prezidentin sözlərindən anlaşılır ki, Azərbaycan torpaqlarını azad etmək məqsədilə müharibəni öz torpaqlarında edir, Ermənistana hücum etmir ki, Rusiya bu prosesə qarışsın.
İkincisi, Azərbaycan xarici işlər naziri dedi ki, Sergey Lavrovun təklifi ilə onun iştirakıyla erməni həmkarıyla üçtərəli görüşdə iştirak edə bilər, ancaq bu görüş üçün iş qrafikini razılaşdırmalıdır. Bu o deməkdir ki, Lavrov istəyir deyə azərbaycanlı nazir erməni həmkarı ilə görüşməyə məcbur deyil.
Üçüncüsü, Elmar Məmmədyarov ilk dəfə rəsmi Bakının Rusiyanın Ermənistanda hərbi baza saxlamasından narahat olduğunu bildirdi. İndiyənə qədər rəsmi Bakı bu məsələyə toxunmazdı. Ancaq Elmar Məmmədyarovun “biz Rusiyanın Ermənistanda hərbi bazasını nəzərə alırıq, ona görə də təhdid və çağırışlara gözüaçıq olmalıyıq” fikrini dilə gətirməsi rəsmi Bakının Rusiyanın Ermənistanda hərbi bazasının varlığından narahatlığını ortaya qoydu.
Rusiyada olduğu kimi Azərbaycanda da xarici siyasət prioritetlərini prezident müəyənləşdirir. Ona görə də Elmar Məmmədyarovun Rusiyanın regional siyasəti ilə bağlı son açıqlamalarını prezidentin müəyyənləşdirdiyi xarici siyasət konspesiyasının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.
Kremlin yürütdüyü siyasət rəsmi Bakıya Rusiya siyasətini korrektə etməkdən başqa alternativ qoymayıb. Rusiya tərəfdaş, hətta müttəfiq dövlətlərə vassal kimi yanaşır. Kreml 2008-ci ildə Gürcüstanı parçaladı, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı, 8 il sonra Ukraynanı parçaladı, Krımı işağl etdi, Donbasda separatizmin dayağına çevrildi, üstəgəl zaman-zaman sözdə müttəfiq adlandırdığı Belarus və Qazaxıstana hədələyici mesajları göndərir. Belə vəziyyətdə rəsmi Bakı da seçimini etməli idi.
Bu arada, İlham Əliyevin Brüsselə səfəri daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ilə interqasiyanı gücləndirməli, il ərzində Avropa İttifaqı ilə strateji sazişin imzalanmasına nail olmalı, üstəgəl ordunun NATO standartlarına keçidi sürətləndirilməlidir.

Elhan Şahinoğlu

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar