KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qarabağ məsələsi Moskvada müzakirə olunacaq

Qarabağ məsələsi Moskvada müzakirə olunacaq

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
411 0

Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya hökumət başçısı kimi ilk rəsmi səfəri başlayıb. O, Moskvada və Kazanda olacaq. Müzakirə olunacaq məsələlər də yetərincədir: vizaların ləğvi, ticarətdə lirə və rubldan istifadə, Suriya, İraq, PKK problemləri və sair.

Onu da qeyd edək ki, baş naziri Rusiya səfərində çox böyük heyət – nazirlər, millət vəkilləri, xeyli sayda iş adamı müşayiət edir.
Təbii ki, heyətin geniştərkibli olmasının və rəsmi Ankaranın, eləcə də Moskvanın ikitərəfli münasibətlərin inkişafına önəm verməsinin səbəbi 2023-cü ildə ticarət əlaqələrinin həcmini 100 milyard dollar qaldırmaqdır. Hansı ki, bu rəqəm Rusiya təyyarəsinin vurulmasından sonra 20 milyard dollar civarında qərarlaşıb.
Təyyarənin vurulmasından söz düşmüşkən, bu müstəvidə aparılan istintaqda yeni irəliləyişlərin olduğu üzə çıxıb. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun araşdırmaçısı Ruslan Qurbanov NTV kanalında yayımlanan “Vstreça” proqramında bildirib ki, ötən il noyabrın 24-də Rusiya təyyarəsini vurmaq haqda əmri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ya Baş nazir Binəli Yıldırım deyil, NATO-nun “İncirlik” bazasında oturan FETÖ-çü polkovnik verib.
Maraqlıdır ki, türkiyəli baş nazir rusiyalı həmkarları ilə təkcə özlərinə aid məsələləri deyil, həm də yaxın bölgəmizin problemlərini müzakirə edəcək. Bura Azərbaycanla Ermənistan arasında illərdir davam edən müharibə vəziyyəti, Dağlıq Qarabağda başlayan münaqişənin hansı səpkidə aradan qaldırılması, bütövlükdə Qafqazdakı digər problemlər, Kipr və Qara dəniz bölgəsində ortaya çıxan məsələlər və sair daxildir. Ən çox maraqla gözlənilən danışıq mövzusu Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü, “Türk axını” layihəsinin davam etdirilməsi, Türkiyədə Akkuyu nüvə reaktorunun tikilməsi, müdafiə sahəsində əməkdaşlıq və Rusiyadan uzaqmənzilli havadan müdafiə sistemlərinin alınması məsələsidir. Hansı ki, Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri zamanı bu müstəvidə söhbət olmuş və razılıq da alınmışdı…
Bu yerdə qeyd edək ki, Ankara ilə Moskva ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün son dərəcə fəallıq göstərirlər. Elə baş nazir Yıldırımın səfərindən az öncə hər iki paytaxtda vacib qərarlar qəbul olunub və ya bir-birinə sərf edən bəyanatlar səsləndirilib. Məsələn, Moskvanın türk meyvə-tərəvəzinə qarşı tətbiq elədiyi embarqonu ləğv etməklə türk istehsalçıları sevindirdi, münasibətləri gərginləşdirmək istəyən xarici qüvvələrin isə arzusunu gözündə qoydu.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) direktoru Hasan Oktay deyir ki, Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşması qaçılmazdır. “Baş nazir Binəli Yıldırımın hökumət başçısı olaraq ilk dəfə etdiyi bu səfərin uğurlu olacağı qənaətindəyəm. O, Moskva və Kazanda səfərdə olacaq və keçirilən görüşlərdə viza tətbiqinin ləğvi, qarşılıqlı ticarətin artırılması, iqtisadi əlaqələrdə ödəniş olaraq lirə və rubldan istifadə və sair məsələlər danışılacaq” deyən politoloqa görə, bu səfər ikitərəfli münasibətlərin yaxşılaşdırılması baxımından olduqca vacibdir.
H.Oktay bildirir ki, turizm, enerji, təhlükəsizlik, İraq və Suriya məsələləri masadakı ən həssas mövzulardır: “Bir vaxtlar Türkiyə-Rusiya əlaqələrinin təyyarənin vurulması səbəbindən müharibənin astanasına gəlməsi həssaslıqla müzakirə edilməlidir. Onsuz da hər kəsə bəllidir ki, təyyarə Amerikanın planları əsasında vurulub və məqsəd Ankara ilə Moskvanı Suriyada toqquşdurmaq olub. Hətta noyabrın 24-də Suriyada antiterror əməliyyat aparan türk birliklərini bombalayaraq, bunu rusların intiqamı kimi qəbul etdirməyə də çalışıblar. Hadisələri soyuq başla araşdırdıqda görərik ki, bütün hallarda Türkiyə-Rusiya əlaqələrini pozmağa hesablanmış cəhdlər edilir. Binəli Yıldırımın Moskva və Kazana səfərini də məhz bu müstəvidə analiz etmək lazımdır.
Politoloqa görə, Yıldırım Əhməd Davutoğlunun siyasətini daha ağıllı və qəbulolunan istiqamətə dəyişərək ölkələrarası münasibətləri inkişaf müstəvisinə çıxarıb: “İyunda münasibətləri yaxşılaşdırmaq üçün tərəflər arasında addımlar atılmağa bağlandı və bu prosesi dayandırmaq üçün iyulda məlum çevrilişə cəhd olayı törədildi. Hesab edirəm ki, bundan sonra Rusiya və Türkiyə bölgədə daha sağlam və düşünülmüş, səmimi əlaqələr qursalar, təhlükəsizlikləri daha da təmin edilmiş olacaq. Məncə, görüşlərin keçirilməsi də bu məqsədə xidmət edir. Binəli Yıldırımın ziyarəti bir sıra problemlərin həllində başlanğıc kimi qəbul edilməli və əlaqələri ən yüksək zirvəyə necə çıxara bilməyin yolları tapılmalııdr. Başda Suriya olmaqla, regional problemlərin həllində iki ölkə daha çox çalışmaqla vacib nəticələr əldə edə bilərlər. Hətta Qarabağ münaqişəsinin həlli də bu günlərdə gündəmə gətirilməlidir. Suriya, İraq və Qarabağ münaqişələri bir-birini alovlandıran problemlər olduğundan, kompleks qiymətləndirilməli və həll yolları tapılmalıdır”.
Mərmərə Universitetinin doktoru Məhmət Əli Əroğlunun qənaətincə isə Rusiya məlum təyyarə böhranından sonra Türkiyə ilə əlaqələrində təmkin nümayiş etdirir. “İkitərəfli münasibətlərdə 15 iyul olayından sonra yaxşıya istiqamət alan proseslərdə, görünür ki, Əsədlə bağlı verilən son açıqlama Moskvanı bir az təmkinli olmaga vadar edir. Rusiyanın daha artıq etimada ehtiyacı var. Təbii ki, Türkiyənin də Rusiya ilə əlaqələrə önəm verdiyi və münasibətləri daha yaxşı eləmək üçün göstərdiyi cəhdlər ortadadır. Hətta Ankara 24 noyabrda əsgərlərimizə Suriyada kimin hücum etdiyini belə araşdırıb, ardınca getmədi. Getdisə də bunu ictimaiyyətə açıqlamadılar. Rusiya bu mövzuda nə dedisə, sanki inandı kimi yanaşıldı. Əsəd nə qədər bu hücumda əli olmadığını bildirsə də, mövzunu qapatmağa səy göstərildi. Bunun səbəbi isə, məncə, Rusiya ilə qurulan gözəl əlaqələrin qorunub-saxlanılması istəyidir. Rusiya əlaqələrin addım-addım əvvəlki vəziyyətə gələcəyini dönə-dönə bildirir. Türkiyə də əlindən gələni edir ki, problem yaşanmasın. Hesab edirəm, Yıldırımın bu səfərində də vacib addımlar atılacaq”, – deyən Mərmərə Universitetinin doktoru əlavə etdi ki, əslində, Rusiyanın bu ziyarətdə Ankaradan nə istəyəcəyi barədə dəqiq nəsə demək istəmir. Amma səfər nəticəsində daha yaxşı şeylərin olacağına ümidləri böyükdür.

Vüsal Tağıbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir