BEKA SORUNUMUZUN ASIL SEBEBİ NEDİR?

Jirinovski: Türkiye-Rusya-İran üçlüsünü ben önerdim, Nobel Ödülü’nü hakediyorum

Rus gazeteci: ABD Türkiye’de iktidarı devirmeye mi çalışıyor?

PREZİDENT KİMİN TƏRƏFİNDƏDİR?

Qətər-Səudiyyə savaşı yeni mərhələdə

Gündem 1 Ağustos 2017
287

Ərəb dövlətləri arasında mübarizə getdikcə sərtləşir və daha geniş coğrafiyanı əhatə edir
Ötən həftə toplanan 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn xarici işlər nazirləri növbəti ultimatumla çıxış ediblər. Bəhreyn xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Xəlifə Bəhreynin paytaxtı Manamada keçirilən görüşdən sonra Qətərə qarşı tələbləri səsləndirib. Nazir deyib ki, Qətər daha öncə tələb olunan 13 maddəlik tələbləri yerinə yetirməyə, digər ölkələrin daxili işlərinə müdaxiləni dayandırması və terrorizmlə mübarizəyə dəstək verəcəyini səmimi şəkildə bəyan edərsə, danışıqlara hazırdırlar.

Yəni əslində görünən odur ki, mahiyyət etibarı ilə dəyişən bir şey yoxdur. Qətərə qarşı tələblər qüvvədə qalır. İyunun 5-dən bu yana 4 ərəb ölkəsinin tələb etdiyi məsələlərin hamısı və eləcə də sonradan əlavə olunan şərtlər yerindədir. Sanki bununla ərəb ölkələri Qətərə qarşı tutumlarını dəyişdirmədikləri, əvvəlki sərt mövqelərini, tələblərində israrlı olduqlarını bir daha nümayiş etdiriblər.

Artıq Qətər hökuməti 4 ərəb ölkəsinin növbəti tələbinə reaksiya verib. Gözlənildiyi kimi, Doha Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin blokadanı qaldırmaq üçün təklif etdiyi “şərtli dialoq”u rədd edib. Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani, ölkələrinə qarşı blokadanın beynəlxalq hüququn pozulması mənasına gəldiyini deyib.

Həqiqətən də irəli sürülən tələblərin Qətər hökuməti tərəfindən yerinə yetirilməsi mümkün deyil. Çünki faktiki olaraq bu tələblərin icra olunması Qətərin müstəqil siyasi kursdan imtina edib adıçəkilən 4 ölkənin, xüsusən də S.Ərəbistanının vassalına çevirir. Qətər kiçik ölkə olmasına rəğmən çevik diplomatiyası, ərəb dünyasında barışdırıcı, vasitəçi rolu olan əsas ölkələrdən biridir. Bu günə qədər ərəb-müsəlman coğrafiyasında bir sıra münaqişə və mübahisəli məsələlərin həllində əsas vasitəçi Qətər olub. Eyni zamanda “ərəb baharı” və ondan sonrakı üsyanların, silahlı münaqişələrin əsas sponsor və dəstəkçilərindən biri də Qətər olub.

Qətərin bu mövqedə olmasını təmin edən 3 əsas amil var. Birincisi, fantastik maddi gəlirlər, böyük enerji – neft-qaz ehtiyatları və sərvətlərə sahib olması. Qətər bu gün az qala dünyanın ən güclü ölkələrinin hamısında yatırımlara sahibdir, böyük iqtisadi layihələrdə payçıdır. İkincisi, Qətərin əlində nəinki ərəb coğrafiyasında, bütövlükdə dünyada az ölkənin sahib olduğu güclü media orqanları var. Təkcə “əl-Cəzirə” kanalı nəinki ərəb aləmində, bütövlükdə dünyada informasiya müharibəsinin əsas güclərindən biridir.

Qətərin üçüncü “silahı” isə onun ərəb-müsəlman dünyasında ən güclü və aktiv dini-siyasi hərəkat olan “İxvan”la yaxın olmasıdır. Qətər hakimiyyəti “İxvan”ı dəstəkləyir və xüsusən də son illərdə bu hərəkatla yaxından koordinasiya içərisindədir. Bu gücü təsvir etmək üçün onu demək olar ki, bu hərəkat bütün ərəb və müsəlman ölkələrinin hamısına müxtəlif səviyyələrdə mövcuddur. Ancaq Yaxın Şərq və Şimali Afrika ölkələrində “İxvan” hərbi-siyasi gücü olan, cəmiyyətdə güclü təsiri olan bir hərəkatdır.

Qeyd etdiyimiz üç vasitə 2,7 milyon əhalisi olan Qətəri Yaxın Şərqin ən fəal və güclü diplomatiyası olan ölkəsinə çevirir. İndi isə ərəb ölkələri 13 maddəlik tələbləri ilə Qətəri bu “silahlardan” məhrum etmək, onu mövcud koalisiyanın əlavəsinə çevirmək istəyir. Bunu isə Dohanın qəbul etməsi real deyil. Hələlik Türkiyə, Mərakeş kimi dövlətlər açıq şəkildə Qətəri dəstəkləyir. Bu isə Dohanı daha da gücləndirir. Hazırda Dohada Türkiyə hərbi bazası var və bu, onu xarici hərbi müdaxilədən qoruyur. Yeri gəlmişkən, bir qədər əvvəl Qətərdə hərbi çevriliş cəhdinin qarşısının alınması haqqında xəbər yayılıb. Ancaq təhlükənin tamamən sovuşduğunu da demək olmaz. Hazırda iki ölkədə Liviya və Suriyada Qətər və ərəb “dördlüyü” arasında qarşıdurma davam edir. Ötən həftə Suriyanın İdlib vilayətində son 4 ildə yaxın müttəfiq olmuş islamçı silahlı qruplaşmalar arasında qəflətən toqquşmalar başlayıb və nəticədə vilayətin böyük bir hissəsi əl-Qaidənin Suriya qolu, keçmiş adı ən-Nusra Cəbhəsi olan silahlı qruplaşmanın nəzarətinə keçib. Liviyada isə ölkə artıq bir neçə ildir ki, Qətər dəstəkli hökumətlə, Qərb və Səudiyyə dəstəkli hökumət arasında bölünüb. Ehtimal ki, münaqişə uzandıqca fərqli yerlərdə bunun təsirləri hiss olunacaq. Yeri gəlmişkən. Pakistanda ötən həftə baş nazir Navaz Şərifin Konstitusiya Məhkəməsi tərəfindən istefaya göndərilməsi də Qətər-Səudiyyə qarşıdurmasının təsiri hesab olunur.

Qətərin uzun müddət körfəz ölkələrinə qarşı dayanması mümkünsüz görünsə də, Doha Vaşinqtonun dəstəyini aldıqdan sonra körfəz ölkələrinin yumşalacağına ümid edir. Ancaq hələlik o yumşalma yoxdur. Əksinə, Səudiyyə kralı Salman taxtını oğlu Məhəmmədə verib Mərakeşə istirahətə getdikdən sonra fəallaşan oğul vəliəhd diplomatik hücuma keçərək İraqın əsas müxalifət lideri, din adamı Müqtəda əs-Sədri ər-Riyada dəvət edib. Artıq onların birgə görüşü də baş tutub. Məhəmməd ibn Salman İraqda hakimiyyət partiyasının liderlərindən olan Əmmar əl-Həkimi də ər-Riyada dəvət edib. Əsas məqsəd isə “iki ölkə əlaqələrinin əvvəlki hökumətlər zamanı pis olan vəziyyətini düzəltməkdir”. Maraqlıdır ki, bu günlərdə iranlı zəvvarların bir qismi Səudiyyə Ərəbistanına gedib və hava limanında Həcc naziri və gül-çiçəklə qarşılanıblar. Görünən odur ki, gənc vəliəhd daha ağıllı siyasət yürütmək, keçmiş rəqiblərini neytrallaşdırmağa çalışır.

Baş verənlər Qətər və rəqibləri arasında siyasi-diplomatik mübarizənin daha da kəskinləşəcəyini, “savaş coğrafiyasının” daha da genişlənəcəyini göstərir.

Kənan Rövşənoğlu

Yorumlar