Rus askeri istihbaratının (GRU) yeni kuşak silahları Systema ve Nooscope!

Черкесское политическое движение продолжает усиливаться. Это сравнительно недавний феномен, последних пары десятилетий.

Նիկոլ Փաշինյանի պատմական այցը. բարձր նոտա Թբիլիսիում

DR. BABEK CAVANŞİR: “TÜRKİYE’DEN SONRA EN FAZLA TÜRK NÜFUSUNA SAHİP OLAN ÜLKE İRAN’DIR.”

Politoloq Nəzakət Məmmədova: “Paşinyan Qərbin adamıdır”

Ermenistan, Gündem 16 Mayıs 2018
121

“Ermənistandakı hakimiyyət dəyişikliyi ABŞ-ın İranı təcrid etmək siyasətinə xidmət edir”

– Qonşu Ermənistanda böyük dəyişikliklər baş verdi və yeni əsərin qəhrəmanı Nikol Paşinyan oldu. Kimi deyir bu şəxs Qərbin adamıdır, kimi deyir Rusiyanın. Sizcə necədir və bunu təsdiqləyəcək hansı fikirləriniz var?

– Bəli. Əlbəttə ki, onun hələ hansı siyasi qüvvələrə, hansı güc mərkəzlərinə qulluq etməsi, kimlərlə əməkdaşlıq etməsi tam aydınlaşmış məsələ deyil. Bu zamanla həll olunub aydın olacaq bir məsələdir. Yəni biz onun indiki dediyi sözlərdən yox, gələcəkdə həyata keçirdiyi daxili və xarici siyasətini müşahidə edib, təhlil edib onun kimlərlə əməkdaşlıq etdiyini müəyyən edə bilərik. Amma ilkin ehtimallara görə bəzi fikirlər belə səslənir ki, o Amerika Birləşmiş Ştatları (ABŞ) ilə yaxın münasibətdə olan bir siyasətçidir. Digər müşahidəçilər isə hesab edir ki, o Fransa dövləti ilə, Fransanın müəyyən dairələri ilə əlaqələri olan bir şəxsdir. Nəzərə alsaq ki, Paşinyan Ermənistan parlamentinin müxalifətçi blokunun rəhbəri idi. Həmin blok da Qərb yönümlü siyasət yeridirdi və hətta ötən il onlar parlamentdə işğalçı ölkənin Avrasiya iqtisadi birliyi və Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatından çıxması, Ermənistanın orda iştirakının bu ölkəyə heç bir fayda gətirməməsi barədə müzakirələr açmışdılar. Eyni zamanda onun fəaliyyətində, onun başladığı hərəkatda birmənalı olaraq Qərb yönümlü siyasətçi sayılan Ermənistan müxalifətinin patriarxı hesab olunan Levon Ter Petrosyan deməli, Milli Konresi təşkilatı partiyasının gəncləri də iştirak edirdilər və Levon Ter Petrosyan birmənalı olaraq qərbə yaxın bir siyasətçidir. Bu ehtimallar Paşinyanın Qərb yönümlü bir siyasətçi olduğunu göstərir və bu hadisələrdə qərbin nə marağı ola bilər? Burada da yeni iki ehtimal var. Əsas inandırıcı ehtimal bundan ibarətdir ki, bu prosseslər Amerikanın İrana gözlənilən sanksiyaları, təzyiqləri və hətta bəlkə hərbi əməliyyatları ilə bilavasitə bağlı ola bilər. Yəni ABŞ-dakı müəyyən dairələr, İranı dünyadan, Rusiya əlaqələrindən təcrid etmək, eyni zamanda Avropa Birliyi ilə yaxın münasibətlərini zəiflətmək üçün Ermənistanda özlərinə yaxın olan siyasi qüvvələri hakimiyyətə gətirməklə bu proseslərdə İranın təcridini gücləndirmək istəyirlər. Yəni erməni milli konqresi, digər müxalif yönümlülər əlbəttə ki, bu işdə Paşinyana dəstək verirlər. Yəni ABŞ bir sözlə İranı təcrid emək üçün bu prosseslərə başlamış ola bilər. Bunu inandırıcı göstərən həm də budur ki, bu günlərdə artıq ABŞ prezidenti Trump ölkəsinin nüvə (silahi) sazişindən çıxdığını bəyan elədi. Bu da onu göstərir ki, təkcə sözdə yox, əməldə də İrana qarşı Amerika tərəfindən sanksiyalar başlanılır. Və burada əsas həll edici ölkələrin rolu böyükdür. İranla sərhəd ölkələr, o cümlədən Ermənistan. Ermənistan bilir ki, İranla çox yaxındır. Rusiya və İranı birləşdirən halqa dövlətdir. Əgər Ermənistan ABŞ-ın, qərbin nəzarətinə keçərsə, bu zaman İranın təcridini gücləndirmək daha rahat olacaqdır və eyni zamanda Ermənistan ərazisindən istifadə etməklə İrana qarşı bir sıra əməliyyatlar, təxribatlar və sair fəaliyyətlər həyata keçirilə bilər. Bu baxımdan ABŞ-ın rolu inandırıcı görünür ki, məhz indiki məqamda bu hadisələr baş verdi və məhz İranın təcridini gücləndirmək üçün. Digər tərəfdən qısaca deyim ki, Fransa amili də var. Fransa da onunla əlaqələndirir ki, ABŞ və İngiltərəylə Fransanın Suriyada maraqları hazırda toqquşub. Baxmayaraq ki, onlar Suriyaya qarşı sonuncu dəfə birgə əməliyyat həyata keçirdilər. Lakin bu onların müttəfiq olduğunu, bütün maraqlarının üst-üstə düşdüyünü göstərmir. Yəni Fransa istəyir ki, o Afrikada və Yaxın şərqdə enerji, geosiyasi maraqlarını arxayın şəkildə həyata keçirsin. Lakin ABŞ, Böyük Britaniya, Rusiya və Türkiyənin də burda maraqları var. Fransa da bunların qarşısını almaq üçün Ermənistanda bu prosesləri başlayıb. Belə deyək ki, Qərbdəki müttəfiqlərini yəni, İngiltərə və Amerikanı oradan sıxışdırmaq fikrindədir. Bunu da gücləndirən əsas amil ondan ibarətdir ki, fikir verəndə görürük ki, Paşinyan Rusiya əleyhinə fikir səsləndirmədi, o Rusiya ilə əməkdaşlığı davam edəcəyini söylədi. Hətta bu günlərdə – mayın 14-də Avrasiya iqtisadi Birliyinin toplantısına qatılıb Putinlə görüşəcəyi gözlənilir. Bu da onu göstərir ki, Fransa ilə Rusiya tarixdə Napalyon müharibələri istisna olmaqla əksər hallarda müttəffiq, yaxın münasibətləri olub. Buna görə də proses Rusiyaya qarşı yönəlməmiş ola bilər. Paşinyanın bu hərəkatı başlayanda erməni diasporasının liderləri orada Sarkisyan əleyhinə bəyanatlarla çıxış etdilər. Fransa mətbuatında, məsələn Liberasyon qəzetində çıxışlar elədilər. Yəni bu da onu göstərir ki, bu məsələdə Fransanın böyük rolu olmuş ola bilər.

– Dağlıq Qarabağ məsələsində hamı Paşinyandan Sarkisyandan fərqli bir yanaşma gözləyirdi. Ancaq gözləntilər tam əksini ortaya qoydu. Bunun əsas səbəbi Paşinyanın uzunmüddətli mövqeyidir, yoxsa qısa müddətlik Qarabağ ermənilərinin dəstəyini almaq məqsədi daşıyır?

– Mən düşünürəm ki, ümumiyyətlə, Paşinyan Qarabağ siyasətində həlledici, dönüş edəcək bir siyasətçi deyil. Əgər fərz etsək ki, onu siyasətdə qısa bir müddətdə populyarlaşdırdılar. O Ermənistanın siyasətində bir müddət idi ki, var idi. Amma bu qədər populyar, müxalifət lideri olacaq səviyyədə deyildi. Lakin qısa bir müddətdə onu populyar elədilər. Hətta fikir versək, görərik ki, onda daha çox ermənilərin sevdiyi, bizim terrorçu hesab etdiyimiz və həqiqətən də, terror əməliyyatlarında adı hallanan Monte Melkonianın obrazı da hiss olunurdu ki, onun üzərində siyasi texnoloqlar, imicmeykerlər çox belə diqqətlə, səylə, güclü şəkildə işləyiblər və bir anın içərisində onu ən populyar müxalifət liderinə çeviriblər. Lakin Ermənistanda heç bir lider, şəxs Qarabağ məsələsində güzəştli mövqe tutub hakimiyyətdə uzun müddət qala bilməz. Çünki ermənilərin böyük ermənistan, dənizdən – dənizə o sərsəm xülyaları, ideaları ki var, bu idealar onların birliyini təmin edir. Hansı siyasətçi ki, bu məsələdə güzəştə getməyə hazır olur o dərhal siyasətdən uzaqlaşdırılır, ona qarşı çevriliş, terror siyasəti baş verir. Bu baxımdan Paşinyan da istisna deyil. O istəsə də, istəməsə də ermənilərin rəyi ilə hesablaşmağa məcburdur. O rəy də bundan ibarətdir ki, onlar torpaqları veriblər qan töküb biz deyir almışıqsa, bu torpaqlar sülh yolu ilə verilə bilməz. Təbii ki, o da ictimai rəy ilə hesablaşdıqda məcburdur ki, bu cür addımlar atsın ki, radikal mövqe tutsun. Eyni zamanda bu proseslərin arxasında ABŞ, Fransa, Rusiya dayanırsa belə, bu dövlətlər artıq neçə illərdir ATƏT-in MİNSK qrupunun həmsədrləridir. Bu MİNSK qrupunun həmsədrləri kimi münaqişədə dönüş yarada bilmədilərsə, indi heç bir dönüş olacağına da mən inanmıram. Yəni eyni dövlətlər bu proseslərdə – Qarabağ danışıqlarında iştirakçı idilər. Onlar indiyə qədər prosseslərdə bir dönüş etdilərmi? Yox. Deməli, bundan sonra da nə Paşinyan öz iradəsi daxilində erməni xalqının iradəsinin əleyhinə olaraq, nə də onun arxasında duran böyük qüvvələr, güclər, dövlətlər, bu məsələdə inanmıram ki, bir konstruktiv bir mövqe tutsunlar. Bu daha çox dediyimiz kimi nə Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bir addım idi, nə Sarkisyana.

– 2016 – cı ildə aprel hadisələri ona görə baş vermişdi ki, ermənilər sülh danışıqlarını sırf danışıqlar naminə aparır və status – kvonun dəyişməsinə qarşı idilər. Ancaq Paşinyanın açıqlamaları göstərdi ki, bu rejimlə danışıqlar ümumiyyətlə, mümkün olmayacaq. Bu fonda təmas xəttində müharibənin başlanması ehtimalı nə qədərdir?

– Əlbəttə ki, müharibənin başlaması ehtimalı həmişə var. Əgər münaqişə həllini tapmayıbsa, atəşkəs dövründə görünür ki, nə qədər itki olur. Həm dinc əhali arasında, həm hərbi qlluqçular arasında. Xüsusən, Azərbaycan tərəfindən bu itkilərin sayı daha çox olur. Və belə bir şəraitdə müharibənin başlaması ehtimalı hər zaman var. Bu kövrək bir atəşkəsdi, sülh əldə olunmayıb. Azərbaycan tərəfi də bildirir ki, biz müharibə yolu ilə məsələni həll etməyə qadirik və edə bilərik. 2016-cı ilin aprel hadisələri də bunu göstərdi ki, müharibə hər an başlaya bilər. Bununla bağlı daim proqnozlar olur. Yəni müharibənin başlaması əlbəttə ki, mümkündür, amma yaxın müddətdə bir dəyişikliyin olacağı o baxımdan mümkün deyil ki, hazırda əsas diqqətdə İran məsələsidir. Yəni böyük dövlətlər ki, burada- Ermənistanda bu prosesləri başladılar, təşkil elədilər və onların əsas məqsədi biri – birilərinə qarşı nüfuz savaşı, yəni Ermənistan hazırda böyük güclərin geosiyasi bir qarşıdurma poliqonudur. Burada məqsəd həm bir-birilərinin nüfuzunu zəiflətmək, həm də Ermənistan ərazisindən digər ölkələrə qarşı istifadə məqsədidir. Bunların da başında İran məsələsi dayanır. Bu prosesləri də başlayan qüvvələr Dağlıq Qarabağ məsələsinə görə yox, yəqin ki, İran və Rusiyaya qarşı məsələləri diqqətdə saxlayacaqlar. Amma bu proseslərin sonunda əlbəttə ki, diqqət yayındırmaq üçün müəyyən məqsədlərlə atəşkəs rejimini poza bilən təxribatlar gözlənililir. Hər an ola bilər. Məsələn bu prosseslərin əvvəlində Sarkisyan rejimi xalqı qorxutmaq üçün guya Azərbaycan tərəfinin cəbhə xəttində öz qoşunlarını hərbi güclərini cəmləşdirməsi barədə yalan məlumat yaydılar. Bununla da əhalini qorxutmaq istəyirdilər ki, xalq geri çəkilsin. Çünki həmişə xarici təhlükə amili olanda daxildəki narazılıqların bir tərəfə qoyulması və birləşmə amili güclü olur. Hələ prosseslər səngiməyib. Ermənistanın Paşinyanın hakimiyyətə gəlməsi bu hələ sakitliyin, sabitliyin başlanğıcı deyil. Mən deyərdim ki, bu böyük qarşıdurmaların, münaqişlərin, çaxnaşmaların həm daxili qüvvələrin, həm də böyük dövlətlərin oradakı qarşıdurmasının bir başlanğıcıdır. Çünki Rusiyanın oradan sakit getmək fikri yoxdur. Onun 300 illik imperiya dövründə Ermənistan ərazisini özünün nüfuz dairəsi hesab edir və Rusiya Ermənistan iqtisadiyyatına böyük investisiyalar qoyub, orada onun hərbi bazası var. Yəni Paşinyanın seçilməsi Rusiyaya şans verdi o qüvvələrə ki, orada iki variant qalırdı. Onlar Paşinyanı seçməsəydilər, parlament buraxılmalı idi, yəni ikinci dəfə baş nazir seçilə bilmirsə, onların Konstitusiyasına, siyası sisteminin tələblərinə görə Paşinyan seçilməsəydi , parlament buraxılmalı idi. Parlament buraxıldıqdan sonra proseslər necə olacaqdı, parlament necə formalaşacaqdı, bu da Rusiyanın xeyrinə olacaqdımı ya tam əksi bunlar sual altında qalırdı. Ona görə də Putin demişdi ki, orada növbədənkənar seçkilər olmayacaq. Deməli, Rusiya iki pistdən birini seçməli oldu. Respublika partiyasından bir neçə nəfər də Paşinyana səs verdi ki, o səs toplaya bilsin, baş nazir seçilə bilsin. Yəni Paşinyanı seçməklə onlar növbədənkənar parlament seçkilərinin keçirilməsindən özlərini sığortaladılar. Fəqət bununla da parlamentdə yenə də Respublika partiyası üstün mövqedədir. Əgər bu gün Ermənistanın siyasi sistemində parlament respublikasına keçilibsə, əsas söz sahibi baş nazir və onu təyin edən parlamentdirsə, hazırdakı siyasi sistem heç də Rusiyanın zərərinə deyil. Rusiya oradan bir dəfəlik getmədi, öz mövqeyini saxladı. Gələcəkdə hadisələrin necə olacağını biz müşahidə edib görəcəyik. Hazırda isə onu demək olar ki, Ermənistandakı bu proseslər sabitliyin yox, əksinə böyük qarşıdurmaların başlanğıcıdır.

– Ermənistan hər zaman Qərblə Rusiyanın arasında qalır. Yeni hakimiyyətə gələn qüvvələr bu nisbəti necə dəyişəcək sizcə? Eyni zamanda Ermənistanın Qərbə yönəlməsi fonunda Rusiyanın əlini Ermənistandan çəkməsi işğal altında olan torpaqların azad olunması üçün münbit şərait yarada bilərmi?

– Ermənistandakı bu hadisələr, yəni bunu indidən proqnozlaşdırmaq çətindir ki, kimin xeyrinə başa çatacaqdır. Amma hər bir halda mən düşünürəm ki, Rusiyanın orada üstünlükləri daha çoxdur. Əgər Rusiya bir imperiya kimi 300 il orada qalıbsa, ölkənin siyasi sistemində, dövlət orqanlarında Rusiyapərəst insanlar varsa, oradan onun hərbi bazası, iqtisadi resurslar var. Bunlar hamısı onu şərtləndirir ki, proseslərdə hər halda Rusiya oradan yaxın müddətdə sıxışdırılıb çıxarılmayacaq. Rusiya elə bir dövlətdir ki, o Suriyada, özündən minlərcə kilometr uzaqda öz maraqlarını təmin edə bildisə, təbii ki, o yaxın bir Ermənistanda onun olmasına da imkan verməyəcək ki, onu oradan sıxışdırıb çıxarsınlar. Necə ki, Ukrayna elə də Ermənistanda Rusiya öz maraqlarını qoruyub saxlamağa çalışacaq. Amma Dağlıq Qarabağ məsələsində birmənalı olaraq bilir ki, Rusiya nə Ermənistanı, nə də Azərbaycanı dəstəkləyir. Sanki balanslı bir siyasət yeritmiş kimi görünür. Amma əslində əlbəttə ki, o Ermənistanı daha çox dəstəkləyib. Amma hər iki dövlətə silah satır. Hər iki tərəfi çalışır ki, manipulyasiya eləsin. Yəni öz maraqlarına uyğun hansı tərəfdən istifadə eləmək varsa, Rusiya onun tərəfinə keçir və qarşı tərəfə təzyiq göstərməyə çalışır. Məsələn, Ermənistanda proseslər başlayan kimi Sergey Narişkin – Putinin ən etibarlı insanlarından biri Azərbaycana gəldi. Bu da onu göstərir ki, Rusiyanın əbədi dostları yaxud düşmənləri yoxdur, necə deyərlər əbədi mənafeləri, maraqları var. İmperiyaların maraqları olur. Ermənistan da bu maraqlara cavab verən bir dövlətdir. Məsələn, Azərbaycan müstəqil siyasət yeridir. Azərbaycana o qədər də təzyiq edə bilmirlər. Azərbaycan öz maraqlarını həyata keçirir. ABŞ-la, Avropa ilə, Çin ilə, Türkiyə ilə yəni, həm islam, həm də xristian ölkələri ilə milli maraqları çərçivəsində Azərbaycan həqiqətən də öz maraqlarını müstəqil surətdə həyata keçirə bilir. Buna çoxsayılı misallar çəkmək olar. Ermənistan isə daha zəif, Rusiyadan asılı ölkədir. Ona görə də Rusiya onu daha çox manipulyasiya edib maraqları üçün istifadə edə bilər. Dağlıq Qarabağ məsələsində böyük dövlətlər yenə də öz maraqlarından çıxış edəcəklər. Amma böyük bir dönüş gözlənilmir.

– Sahənizdən əlavə ən çox maraq duyduğunuz peşələr hansılardır? Varsa, nəyə görə?

– Hər bir peşənin öz gözəlliyi var. Yetər ki, insan öz peşəsini sevsin və o peşədə çalışsın ki, yaxşı mənada fərqlənsin. Öz sahəsinin mahir bilicisi olsun. Mən peşələr arasında fərq qoymuram. Amma öz sahəmdən başqa ikinci seçim imkanım olsaydı,mənim üçün diplomat peşəsi maraqlıdır. Öz ölkəsini xarici dövlətlərdə təmsil etmək, beynəlxalq aləmdə təmsil etmək. Bundan başqa öz övladımın peşə seçiminə qalanda mən bu mövqedən çıxış edirəm ki, insanın təbii potensialı, istedadı, qabiliyyəti nəyə imkan verirsə, onu seçməsi doğrudur. Dəbdə olan peşələr var ki, qadın üçün deyirlər, müəllim yaxud həkim. Mən elə bir seçim qoymuram. Peşələri genderə görə bölmək düzgün deyil. Qadın və kişi peşələri deyə bir şey yoxdur. İnsanın qabiliyyəti olduğu yaxud da olmadığı peşələr vardır. Qadınlar olub ki, Azərbaycanda, Türkiyənin özündə hərbi pilot olublar. Məsələn, Azərbaycanda Leyla Məmmədbəyova, Türkiyədə Sabiha Gökçən – onun adına hava limanı da var. Atatürkün mənəvi qızlarından biri olub. Yəni ki, Azərbaycan qadınları, tarix boyu kişilərlə çiyin-çiyinə, onlarla birlikdə fəaliyyət göstəriblər. Qədim dövrlərdən Tomrisdən tutmuş o döyüşçü olub. Misal çəkə bilərik Uzun Həsənin anası Sara Xatun diplomat olub. O gedib Osmanlıya danışıqlara gedib və müharibənin qarşısını bir müddətlik alıb. Sultan Fateh Mehmetlə görüşüb və Trabzon xəzinəsini, imperiya xəzinəsini Azərbaycana gətirib. Xəzinəni bölüb. Çünki onun gəlini Trabzon imperatorunun qızı idi və orada danışıqlarda belə razılaşma əldə olunmuşdu ki, bu xəzinədən bizə də çatır. Sara xatunun müharibənin qarşısını alması, xanlıqlar dövründə qadınlarımızın böyük rolu olub. Ümumiyyətlə, dünya tarixində qadınların böyük rolu olub, nə yaxşı ki, Azərbaycan bu mövzuda istisna deyil. Bizim insanlarımız fəal olublar, xüsusilə də qadınlarımız. Əsas vətənpərvərlikdir. Lev Tolstoyun bir sözü var: “Vətənpərvər olmaq üçün vacib deyil ki, insan əlinə silah alıb gedib cəbhədə vuruşsun. Vətənpərvər olmaq üçün hərə öz peşəsində ləyaqətlə, vicdanla xidmət edərsə, bu ən böyük vətənpərvərlik nümunəsidir”.Öz övladıma gəlincə isə mən düşünmürəm ki, Nigar filan peşənin sahibi olsa, yaxşı olar. Düşünürəm ki, onun təbii potensialı, istedadı nəyə imkan verirsə, onun ardınca getsin və o sahədə həm xalqa, dövlətə xidmət eləsin. Ümumiyyətlə, bəşəriyyətə faydalı biri olsun. Eyni zamanda özünün təbii potensialını reallaşdıra bilsin. Məsələn, o şəkil çəkə bilir. Mən istərdim ki, o gələcəkdə tanınmış rəssam olsun. Ölkəmizi tanıtsın. Mən politoloq, siyasi şərhçi kimi fəaliyyətimdən başqa boş vaxtlarımda şeir yazıram, tərcümə ilə məşğul oluram. 5 xarici dildə- İngilis, Ərəb, İtaliyan, Rus, Türk dillərində danışa bilirəm. Bu dillərdə də filmlər izləyirəm. Hazırda bir kitab üzərində işləyirəm. Bu xoş bir şeydir ki, insan öz potensialını lazımi sahələrə yönəldə bilir. Məsələn, mən hüquqşünas olmaq istəyirdim. Çox istəyərəm ki, dünyada ehtiyac olunan bir yerdə olub insanlara kömək edə bilim. Məsələn, insanların zorakılğa məruz qalmasının qarşısının almaqda zərrə qədər rolum olsa, mən sevinərəm. Məsələn, hüquq müdafiəsi olsun, humanitar təşkilatlarda fəaliyyət kimi olsun. Bu mənim arzularımdan birisidir ki, kövrək təbəqənin müdafiəsində iştirak edim. Heç istəmirəm ki, insanlar, xüsusilə uşaqlar nələrdənsə-kasıblıqdan, zorakılıqdan, müharibədən əziyyət çəksin. Digər arzum isə öz sahəmizə aid kitab yazmaqdır. Bilirik ki, Beynəlxalq münasibətlər elmi Azərbaycanda yeni yaranıb, biz müstəqillik əldə etdikdən sonra bu elm sahəsi bizdə yarandı və bu mənim arzularımdan biri bu sahədə kitablarımın olması və insanları bilgiləndirmək, maariffləndirməkdir. Dünya siyasəti barədə məlumatlı olsunlar. Dünya siyasətinin görünməyən tərəfi barədə bilgili olsunlar. Orta statistik bir vətəndaş bunu oxuyub başa düşsün ki, dünyada nələr baş verir və bizim bu sahədə rolumuz nədir.

– Koreya dilini öyrənmək istədiyinizi vurğuladınız. Fikir vermisinizsə, son dönəmdə Azərbaycanda gənclərin Koreya dilinə olan marağı xeyli artıb. Mənə elə gəlir ki, bunun əsas səbəbi də Koreya filmlərindən qaynaqlanır. Belə bir halı da Koreyanın siyasəti kimi qəbul etmək mümkündür? Əgər elədirsə, burada məqsəd nədən ibarətdir?

– Əlbəttə, bu bir mənalı surətdə belədir. Hər bir ölkə öz mədəniyyətini ilk növbədə incəsənət, filmlər vasitəsi ilə yaymağa çalışır. Misal olaraq, Hollivud ən böyük bir mədəniyyət industriyasıdır. Burada Amerika mədəniyyətinin 1.15 deyilən bir məsələsi var ki, Amerikansayağı həyat tərzinin dünyaya yayılması və bununla da Hollivud filmlərini dünyaya yayılmaqla Amerikaya bir rəğbət Amerikasayağı həyat tərzi sürmək bir çox insanlarda baş qaldırır. Öz ölkəsinin təbliğatı. Yaxud da son illərdə görürük ki, Türkiyənin serialları, xüsusən də tarixi seriallar yaxın şərq ölkələrində, hətta Latın Amerikası ölkələrində yayılır və bu Türk dilinə, hətta Osmanlı tarixinə böyük maraq yaradıb. Həm Türkiyənin özündə, həm də o filmlərin yayıldığı ölkələrdə. Eləcə də Koreya dili olsun və başqa dillərdə o filmlərin rolu var. Mən daha çox bu məsələlərə bir az fəlsəfə, yəni o ölkələrin fəlsəfəsi, tarixi baxımından yanaşmışam. Çünki onların o minilliklər boyu gələn dərin fəlsəfi fikirləri var. Elə Çinin özü olsun, Konfutsinin digər filosofların fikirləri yəni, onlar öz dövlətçiliklərini necə qoruyub saxlayıblar.

– İdmanın ən çox hansı sahəsini sevirsiniz? Niyə?

– Mən idmanın idmandan çox fəlsəfəsi, insanın özünü müdafiə etmə vasitəsi kimi görürəm, nəinki hücum aksiyası kimi. İdman əslində gözəl bir şeydir, bu aqresiyanın yox, zəifi müdafiə etmək, özünün potensialını göstərmək aksiyası olmalıdır. Öz sevdiyim idman isə fiqurlu kanki sürmə və bədii gimnastikadır. Mən bunları idmanın zərif növləri qəbul edirəm. Əlbəttə, bütün idman növləri gözəl və maraqlıdır. Məsələn, şahmat beyni nə qədər inkişaf etdirir. Lakin dediyim iki idman növü mənə çox eleqant, zərif gəlir. Mən hələ uşaqlıqdan belə deyək də 4-5 yaşımda olanda saatlarla oturub çempionatda kanki sürməyə, bədii gimnastikaya maraqla baxırdım. Orada idmançı qadınların gözlənilməz çevik hərəkətləri, geyimləri, musiqi sədaları altında rəqs etmələri mənim üçün həmişə maraqlı olub.

– Siz təhsil aldığınız dönəmdəki qız tələbələrlə indikilər arasında hansı fərqləri müşahidə edirsiniz?

– Fərq yəqin ki, var. Mən bir müddət ali məktəblərdə dərs keçmişəm və haradasa bir on il əvvəl akademik çevrələrdə tələbələri müşahidə etmək imkanım o vaxtlar daha çox idi. Çünki bilavasitə xanım tələbələrlə ünsiyyətdə olurdum. Amma sonradan o sahədən ayrıldım. Müəllimə olanda həmişə çalışırdım ki, xanım tələbələrimlə rəfiqə kimi olum. Çünki müəllim sadəcə savadını bölüşmür. O eyni zamanda tələbələrin həyata baxışının, dünyagörüşünün formalaşmasında rol oynayan bir insandır. Həm də müəllim şəxsə nümunə olmalıdır. Onun geyimi, davranışı, mədəniyyəti, əxlaqı, özünü aparması, savadı – bunlar hamısı tələbələrin yaddaşına həkk olunur. Xüsusilə, xanım tələbələr qadın müəlliməni gördükdə onun obrazından bəlkə də özlərini ona bənzətməyə çalışa bilərlər. Onların yaş dövrü elə bir yaş dövrüdür ki, onlar bir qəhrəman axtarışında olurlar. Haradasa bir həyatda obraz axtarırlar. Film obrazımı olsun, real həyatdamı olsun. Müəllimə də buna görə hər tərəfli nümunə olmalıdır. Mən müəllimə kimi fəaliyyət göstərərkən çalışmışam ki pedaqoji fəaliyyətimlə insani münasibətlərimi uzlaşdırım. Müəllim nə qədər savadlı olur olsun, onun insanı xüsusiyyətləri, psixoloji qabiliyyəti aşağı olarsa, tələbədə ona qarşı ikrah hissi oyanacaq və onun fənnini öyrənməyəcək. Müəllimə ilk növbədə rəğbət olmalıdır ki, tələbə o duyğuya görə dərslərini daha da yaxşı mənimsəsin. Müəllimin simasında o fənni sevsin. Əlbəttə ki, müəllimin savad və davranışı 50/50-ə olmalıdır.

– Qızların çoxu ali təhsil alır, ancaq ailə həyatı qurduqdan sonra diplomu atırlar rəfə. Bu məsələyə münasibətiniz necədir?

– Çox mənfidir. Çünki diplom bir aksessuar, bəzək əşyası deyil. Yaxud da titul, status üçün bir vasitə deyil. Diplom şəxsin müəyyən bir sahədə ixtisas almasını, mütəxəssis olmasını təsdiq edən bir sənəddir. İnsan əlbəttə ki, ada görə yox öz sahəsində mütəxəssis kimi yetişmək, cəmiyyətə faydalı olmaq üçün, işinin peşəkarı kimi tanınıb nüfuz qazanmaq üçün diplom bir vasitədir. Əlbəttə ki, Azərbaycan bir şərq cəmiyyətidir. Bizim qadınlardan çox fəallıq, Avropadakı kimi, başqa ölkələrdəki kimi hələ gözləmək bir az tezdir. Çünki bizim qadınlarımız ailəyə daha çox bağlıdır və seçim qarşısında qaldıqda əsasən ailəni seçirlər. Amma hər bir halda öz peşəsini davam etdirmək, unutmamaq yaxşı bir hal olardı. Əgər insan əziyyət çəkib bir sahə üzrə dörd il, yaxud əlavə 2 il də magistratura təhsili alıbsa, əlbəttə ki, o əziyyətini qiymətləndirməlidir. Ümumiyyətlə qadınların ali təhsil almağı çox gözəl bir haldır. Yaxşı ki, Azərbaycanda savadlılıq məsələsi ilə bağlı bir problem yoxdur. Qadının təhsilli olması cəmiyyətin təhsilli olması demək olduğu kimi, qadının cahil olması da cəmiyyətin cahil olması deməkdir. Çünki qadın övlad yetişdirir və savadlı ananın savadlı da övladları olur. Hər bir savadlı kişini savadlı ana yaxud savadlı müəllim, müəllimə yetişdirib. Qadınların təzyiqə, basqıya məruz qalıb cahil qaldığı cəmiyyət heç vaxt inkişaf edə bilməz. Cəmiyyət yalnız gender məsələsi, kişilərin hegemonluğu üzərində bərqərar ola bilməz. Burada bərabərlik qorunmalı, istedadlı qadınların təhsil məsələsi ön planda olmalıdır. Mütləq qadın savadlı olmalıdır ki, öz maliyyə müstəqilliyi olsun, özü, övladları üçün yaxşı həyat təmin edə bilsin.

http://interview.az/interview/pasinyan-qarabaq-siyasetinde-helledici-donus-edecek-bir-siyasetci-deyil

Yorumlar