Rus senatör: Türkiye’ye yönelik yaptırım tehditleriyle ABD blöf yapıyor

Peskov: Erdoğan’ı ne kadar görüyorsam eşimi de o kadar görüyorum

Rusya’da sağduyu Türkiye karşıtı provokasyonu önledi

Ermenistan’ın yeni başbakanı Türkiye için ne vaat ediyor?

Osmanlının son zəfəri hansıdır – Kutul Amara, yoxsa Bakı?

Azerbaycan, Türkiye 9 Mayıs 2016
904

Osmanlının son zəfəri hansıdır – Kutul Amara, yoxsa Bakı?
ken
Osmanlı ordusunun son zəfəri kimi qeyd olunan Kutul Amara savaşından sonra, Birinci Dünya müharibəsinin başa çatmasına iki ay qalmış Bakı azad edilib
Bu həftə Türkiyədə Kutul Amara savaşının 100 illiyi qeyd olundu. Dövlət rəhbərliyinin də qatıldığı rəsmi tədbirlərdə bir məqam vurğulandı ki, Kutul Amara savaşı Osmanlı İmperiyası ordusunun sonuncu qələbəsi olub. 600 illik imperiya bu hadisədən iki il sonra Birinci Dünya savaşında məğlub olub və dağılıb.
Qeyd edək ki, Kutul Amara savaşı 1916-cı ildə İraqın Kut bölgəsində baş verib. Osmanlı ordusu ilə Britaniya ordusu arasında bu yerdə baş verən savaş osmanlıların böyük qələbəsi ilə bitirib. Savaş zamanı 40 min ingilis əsgəri öldürülüb, 13300 əsgər, 13 general və 481 zabit əsir götürülüb.
Məlum olduğu kimi, Birinci Dünya Savaşı zamanı Osmanlı ərazilərinə, xüsusən də Yaxın şərq bölgəsinə hücum edən əsas ölkə Britaniya olub. Uzun illər ərəb coğrafiyasında işləyən ingilislər savaşdan istifadə edərək bölgəni ələ keçirməyə çalışıblar. Bu səbəbdən də Birinci Dünya müharibəsi başladıqdan az sonra Britaniya ordusu ərəb coğrafiyasına soxulub. İngilislərin ən çox maraq göstərdikləri ərazilərdən biri də Osmanlı sənədlərində “İraq əl-Ərəb” olaraq keçən indiki İraq ərazilərinin cənub hissəsi idi. Müharibənin başlamasından az sonra – 1914-cü il noyabrın 6-da Britaniya ordusu Bəsrə körfəzinə çıxır. İrəliləyən ingilis ordusu 1915-ci ildə Kutul Amara və Nasiriyyə bölgələrini ələ keçirir.

Osmanlı ordusu ilə ingilislər arasında ilk toqquşma 1915-ci il noyabrda baş verir və ingilis ordusu geri çəkilərək Kutul Amara ərazisində möhkəmlənir. Burda növbəti savaş başlayır və 29 aprel 1916-cı ildə ingilis ordusu təslim olana qədər davam edir. Savaş nəticəsində 40 min ingilis əsgəri öldürülür və başda general Tounşend olmaqla ümumilikdə 13 general və 481 zabitlə birlikdə 13300 hərbçi əsir alınır.

Bu savaşda Osmanlı ordusu 10 min (bəzi rəqəmlərə görə 25 min) nəfər, o cümlədən 350 zabit itki verib. Lakin bu savaş və əldə olunan qələbə ingilislərin İraqı işğal etməsinin qarşısını ala bilmədi və 1917-ci ildə Britaniya ordusu Bağdadı ələ keçirdi. Buna baxmayaraq Kutul Amara qələbəsi zəifləmiş Osmanlı ordusunun Britaniya qarşısında Çanaqqala qələbəsindən sonra ən böyük uğuru hesab olunur. Hətta bəzi ingilis tarixçiləri bu hadisənin Birinci Dünya Savaşında Britaniyanın hərbi nüfuzuna ən böyük zərbə adlandırıb.

Təbii ki, miqyasına, iştirakçıların sayına və hətta əsirlərin sayına baxdıqda Kutul Amara böyük bir qələbə hadisəsi sayıla bilər. Amma bu savaşın Osmanlının son qalibiyyət savaşı olduğunu iddia etmək həqiqəti əks etdirmir. Məsələ ondadır ki, Osmanlı ordusunun ən son qələbə ilə nəticələnən savaşı İraq ərazilərində deyil, Cənubi Qafqazda baş verib. Ancaq nədənsə Türkiyədəki tarixçilər, araşdırmaçılar bunu görməzdən gəlirlər.

Məsələ burasındadır ki, Osmanlı İmperiyası ordusunun Birinci Dünya müharibəsində, eləcə də öz mövcudluğu dövründə sonuncu qalibiyyətli savaşı Bakının, yəni əslində həm də Azərbaycanın erməni-bolşevik qüvvələrinin işğaldan azad edilməsi hadisəsi olub.
1918-ci ilin mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən az sonra iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanıb.

Osmanlı hərbi naziri Ənvər Paşanın əmri ilə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək üçün Nuru Paşanın komandanlığı altında Osmanlı ordusu Təbriz ətrafından Gəncəyə gəlib. Daha sonra Osmanlı ordusunun 5-ci Qafqaz piyada diviziyasının (6 minə yaxın hərbçi) Gəncəyə gəlməsi ilə Qafqaz İslam Ordusu adı verilən hərbi birləşmə əvvəlcə Gəncədə erməni qüvvələrini zərərsizləşdirib, daha sonra da Bakıya doğru yola çıxıb. İyunun ortalarında Ucar və Göyçay ərazilərində baş verən bir neçə döyüşdən sonra Osmanlı ordusu qalib gəlib və yolboyu əraziləri erməni-daşnak və bolşevik qüvvələrindən azad edərək, Bakıya doğru irəliləyib. İyulun ortalarında Şamaxını azad edən Osmanlı ordusu Bakıya çatıb. Bakı mühasirəyə alınsa da, top mərmilərinin bitməsi səbəbindən Bakının azad edilməsi prosesi ləngiyib. Yalnız mərmilər gəldikdən sonra ordu hərəkətə keçib.

15 sentyabr 1915-ci ildə hücuma keçən Osmanlı ordusu və yerli könüllü birliklər Bakını erməni-rus qüvvələrindən azad edib. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçüb və beləliklə Azərbaycan ərazisi bütövlükdə işğaldan azad olunub. Yalnız Qarabağda erməni qüvvələri ilə döyüşlər davam edirdi. Bakının azad edilməsi uğrunda aparılan savaşlarda 1000-ə yaxın Osmanlı ordusu əsgər və zabiti şəhid olub.

Bu hadisədən iki ay sonra Birinci Dünya Savaşı rəsmən başa çatıb, Osmanlı dövləti də Almaniyanın müttəfiqi olaraq məğlubiyyət anlaşması imzalayıb. Bununla da imperiya tarixi rəsmən bitib.

Bakının və bütövlükdə Azərbaycanın erməni-rus bolşevik qruplarının işğalından təmizlənməsi müstəqil Azərbaycan tarixində mühüm hadisə idi. Qafqaz islam Ordusunun Bakını azad etməsi əməliyyatı Azərbaycanın müstəqilliyi və dünya dövlətləri tərəfindən tanınması yolunda ən böyük hadisə sayılır. Bu, eyni zamanda Osmanlı ordusunun son qələbəsidir.

Kənan Rövşənoğlu, musavat.com

Yorumlar