Güc mərkəzlərinin arasında qalan Azərbaycan: Bakının seçimi necə olacaq?

Petersbug Ekonomi Forumu

Teşkilatı Mahsusa’nın kurduğu Gürcistan Cumhuriyeti 100 yaşında!

ABD Savunma Bütçesi Pentagon-Beyaz saray mücadelesi

Ölənlər şəhiddir, yoxsa öldürənlər?

Gündem 16 Ocak 2017
595

Bəhreyndə üç vətəndaşın edam edilməsi ölkədə insanların bir qisminin etirazı ilə qarşılanıb. Rəsmi BNA agentliyinin xəbərinə görə, hər üç məhkum təxminən 3 il öncə törətdikləri cinayətə görə güllənmə yolu ilə edam olunublar.

Maraqlıdır ki, ilk olaraq İranın rəsmi və qeyri-rəsmi qurumları Bəhreyn hökumətinin əleyhinə mövqe ortaya qoyublar. Niyə, çünki öldürülən hər üç cinayətkar şiədir…

Xatırladaq ki, edam edilən cinayətkarlar 2014-cü il martın 5-də paytaxt Manamanın Əd-Diya bölgəsində polislərə qumbara ilə hücum ediblər və nəticə üç polis həlak olub. O vaxt vəziyyət o qədər narahatverici olub ki, hətta dünya birliyi bəhreynliləri silahlı təxribatdan əl çəkməyə və qeyd-şərtsiz vəliəhd Şeyx Salman əl-Həlifənin ortaya qoyduğu milli dialoqa başlamağa çağırmışdı.

Onu da nəzərinizə çatdırım ki, polislərə qarşı zorakılıq halları Bəhreyndə son illər mütəmadi hal alıb. Məsələn, ötən il də Bəhreynin Əş-Şimaliyə şəhərciyində bənzər hadisə yaşanmışdı. Belə ki, xidməti gəzintidə olan polislərə silahlı hücum edən motosikletçilər iki polisi yaralamışdı. Araşdırmalar nəticəsində həmin cinayətkarların da, ölkədə məzhəb ayrımçılığı edən qrupun üzvləri olduğu ortaya çıxmışdı.

İndi bəzi insan hüquq müdafiəçiləri işə qarışıb və bildirirlər ki, Manama məhkəməsinin həmin cinayətkarların barəsində verdiyi edam hökmünün ədalətliliyindən narahatdırlar. Yəni hüqiq müdafiəçiləri düşünür ki, üç polisi öldürdüyünə görə insanları edam eləmək olmaz. Maraqlı məqamdır: polislər öldürülə bilər, amma cinayətkarları bağışlamaq lazımdır…

Bu yerdə, çoxları düşünür ki, son onillikdə, daha konkret desək, İraq şiələrin timsalında İranın nəzarətinə keçəndən sonra Bəhreyndə yaşayan şiələr də daha geniş hüquqlar əldə etmək üçün mübarizəyə başlayıblar. Hətta burada İranın birbaşa təsirini və rolunu nəzərə alanlar da az deyil. Yəni bölgədə nüfuz davası gedir və burada silah kimi məzhəb fərqindən istifadə edilir. Əlbəttə, həmin vaxt Ərəb Liqasının timsalında Səudiyyə Ərəbistanından yardım istəyən rəsmi Manama şiələrin qiyamını sakitləşdirə bildi və sonra da uğursuzluqla üzləşən Tehran Ər-Riyad hökuməti ilə qanlı-bıçaq oldu.

Bütün baş verənlərə baxmayaraq 2011-ci ildən bu yana istər şiə, istərsə də sünni olsun, heç bir cinayətkarın haqqında edam hökmü verilməyən Bəhreyndə, bu, reallaşdırılan ilk cəzadır. Amma ötən il ölkə hakimiyyəti tanınmış şiə din xadimini vətəndaşlıqdan çıxarıb. Necə deyərlər, cəza-filan vermirik, get təxribatını kənarda – səni dəstəkləyənlərin ölkəsində et. Hansı ki, bu gün geninə-boyuna rəsmi Manamanı edam qərarına görə tənqid edənlər o vaxt da kəskin etiraz bildirirdilər. Deyirdilər ki, hökumət şiələrə qarşı repressiya siyasəti yürüdür.
Bu yerdə haşiyəyə çıxım ki, Bəhreynin vəkili qismində yazmıram məqaləni, çünki özüm də məzhəb anlayışını qəbul eləsəm, şiə sayılıram. Amma bu, insanın içində yaşayan, ruhuna bağlı inancdır. Əgər kimsə cinayət edirsə, ona milli-dini-məzhəb fərqinə görə qiymət verilməlidirmi, əsla yox. Adi bir misal çəkim: ötən ilin avqustunda İranın Kərəc şəhərində 11 nəfər, daha konkret desək 11 sünni edam edildi. Səbəb də bu olub ki, həmin 11 sünni “Tevhid və cihad” təşkilatının üzvləridir. Bir az dəqiq desək vəhabidirlər. Vəhabi olduğuna görə terrorçu adlandırılır, heç bir islah yeri olmadığı bildirilir və 11 insanın həyatına son qoyulur.

Hə, yadımdaykən, İranın insan hüquq müdafiəçiləri bu günlər dedilər ki, ölkədə narkotika, qətl və oğurluq etməsindən dolayısı son iki gün ərzində 20 nəfər edam edilib. Müqayisə üçün bildirim ki, eyni cinayətlər Azərbaycanda, Avropada və bütün ölkələrdə olur, amma buna görə heç kimi son cəza üsulu ilə – edamla cəzalandırmırlar. Demək istəyirəm ki, törətdiyi əmələ görə cinayətkar cəzalandırılırsa, ona dini don geyindirmək lazım deyil. Onsuz da artıq islama terror və müharibələrin baiskarı donu geyindirilib.

Ümumilikdə, Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, İranda 2015-ci il ərzində 977 nəfər edam edilərək, öldürülüb. Amma heç bir ölkə İran rəsmilərinə niyə belə etdiyini irad tutmaqla daxili işlərinə qarışmayıb…

Elə isə İran niyə harda bir cinayətkar cəzalandırılırsa, o ölkənin iç işlərinə qarışır? Baxın, Bəhreyndə 3 cinayətkarın edamından dərhal sonra İran saytlarından biri – İrib.ir belə yazdı: “Bəhreyn xalqı Xəlifə rejiminə qarşı qəzəblidir. Xəlifə rejimi bu gün üç bəhreynli gənci əsassız ittihamlarla edam edib…”

Bu sadəcə Bəhreynə olan münasibət deyil. Bir vaxtlar Səddam Hüseyn ona görə diqtator adlandırılırdı ki, o, öz ölkəsində sabitlik yaratmaq, parçalanmanın qarşısını almaq, vahid İraq dövlətini təsis etmək istəyirdi və İranın müdaxilələrini əngəlləyirdi.
Ötən ilin əvvəllərində Səudiyyə Ərəbistanında şiə Nimr əl-Nimr edam olunandan dərhal sonra bunu şiələrə qarşı hücum kimi dəyərləndirən İran “Səudiyyə Krallığı edama görə cavab verəcək” kimi açıq təhdid etdi. Hansı ki, həmin şəxsin barəsində uzun müddət istintaq gedib və sonda Səudiyyə məhkəməsi onu dini-inancına deyil, əməlinə görə cəzalandırıb.

Yaxud götürək Azərbaycanda bir vaxtlar İslam Partiyasının sədri həbs edilərkən Tehranın göstərdiyi reaksiyanı, az qala Bakını İsrailə işləməkdə günahlandırdı. Elə son məlum Nardaran məsələsini xatırlayaq – hazırda haqqında məhkəmə prosesi gedən Taleh Bağırovu deyirəm. İran höccətülislamlarının fikrincə, onlar tam suçsuzdur. Hansı ki, başına yığdığı silahlı dəstə ilə, Allah bilir hansı qarışıqlığı salmaq niyyətləri vardı. Sonuna nəzər yetirək: eynən Bəhreyndə olduğu kimi, qayda-qanun yaratmaq istəyəndə polisimizi şəhid etdilər. Yaxşı, indi Azərbaycanın ədalət sistemi necə rəftar eləsin onunla ki, sabah “sionizmə xidmət etməkdə” qaralanmasın?

Yeri gəlmişkən, İran mətbuatı yanvarın 11-də bir neçə şəxsin Azərbaycanın Rusiyadakı səfirliyi önünə gəlməsini “Azərbaycanın Rusiyadakı səfirliyi önündə Taleh Bağırov və digər dindarların həbsinə etiraz” başlıqlı məqalələrlə işıqlandırmışdı. Yəni belə böyük cinayətin törədicilərini “dindar” adlandırmaqla onların günahsızlığını isbatlamağa, məsələyə sırf din donu geyindirməyə çalışıblar.

Qısası, əgər cinayətkarlar məzhəb mənsubiyyəti nəzərə alınmaqla cəzalandırılmalıdırsa, o zaman cinayəti “məzhəb toxunulmazları” törətsinlər ki, həbsə düşməsinlər. Yox, əgər sabit və sağlam cəmiyyətlər qurmaq istəyiriksə, hər şeyi öz adı ilə çağırmalı, ölənə şəhid, öldürənə cani deməliyik. Bunu edə bilmiriksə məzhəbi kənara qoyub müsəlmançılığımızı yaşayaq. Əks təqdirdə onsuz da parçalanan, Qərb ssenairisi əsasında, amma öz əlimizlə çamura atılmış dinimizi birdəfəlik itirəcəyik…

Dr. Hasan OKTAY


KAFKASSAM-ın direktoru Hasan Oktay da bizimlə söhbətdə bildirdi ki, kim olur-olsun, günah işləyibsə, cəzasını çəkməli, şəxsin mənsub olduğu din, məzhəb, millət, tayfa və ya ailə cəzalandırıla bilməz: “Məsələn, İranda cinayət edən bir xristian edam ediləndə, bu heç də bütün xristianlara qarşı cəza tədbiri sayılmır. Ona görə də hansısa ölkədə günahından dolayısı bir şiənin cəzalandırılması heç də İrana və ya bütün şiə məzhəbinin davamçılarına qarşı hücum deyil. Amma təəssüf ki, islam cəmiyyətləri və ölkələrində bu düşüncə tərzi hələlik, inkişaf eləməyib. Yaxın Şərq və İran coğrafiyasında məzhəb təməli İslam dininin əsası olan ədalətdən çoz uzaqlaşıb və qarşılıqlı etimadı azaldıb. Ona görə də hansısa cinayətkar cəzalandırılanda sanki şiə və ya sünni olduğu üçün cəzalandırılır kimi fikir yaranır. Burada ədalət anlayışının məzhəbin önünə keçirilməsi lazımdır”.

H.Oktay deyir ki. çoxlarının düşündüyü kimi, İranda hansısa ölkədə baş verən edam hökmlərindən siyasi məqsədlər üçün istifadə edilməsə də, əmindir ki, insanlar sadəcə, belə düşünür. Bu da islam cəmiyyətlərini ədalətsizliyə, zülmə sürükləməkdədir. Onun sözlərinə görə, hüquq qarşısında kimliyindən asılı olmayaraq hamı eynidir.

Vüsal Tağıbəyli
http://hafta.az/index2.php?m=yazi&id=193433

Yorumlar