KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nadir Şahın son beşik 11 yaşlı oğlu Avstriyaya necə qaçırılır?

Nadir Şahın son beşik 11 yaşlı oğlu Avstriyaya necə qaçırılır?

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
418 0

Əmir Aslan Avşar, Pəhləvi silsiləsi zamanında dövlətin önəmli vəzifəlrində çalışmış Avşar boyundan bir dövlət adamı idi. O, bir çox ölkələrdə səfir olaraq görəvdə bulunmuşdu. Ən son isə Muhəmməd Rza şahın sarayından və ailəsindən sorumlu görəvə gətirilmişdi. Pəhləvi şahının güvəndiyi birinci şəxs olmuşdur. Öylə ki, Şah ölkəni tərk edərkən yanında tək dövlət adamı olaraq Əmir Aslan Avşar bulunmuşdu. Onun “Xatirələr” kitabı 2012-ci ildə Kanadada yayımlandı. O, Avşar boyuna mənsub olduğunu bu kitabda qürurla dilə gətirməkdədir. Onun “Xatirələr” kitabı bir çox yaxın tarixi hadisələrin pərdə arxasına işıq tutmaqdadır. Lakin ən önəmlisi onun Avstriyada səfir olduğu illərdəki xatirələrdir. Səfir Avstriyada öz soyundan, yəni Nadir Şah Avşar soyundan bir şahzadənin macəraları ilə tanış olaraq bu barədə araşdırmalar aparır. Nadir Şah öldürüldükdən sonra Onun 11 yaşlı son beşik oğlunun Avstriyaya necə qaçırılması və Avropdakı həyatı haqda səfir ayrıntılı bilgilər əldə edir. Səfirin “Xatirələr” kitabında yazdığı bu bölümü olduğu kimi təqdim edirəm:
“Viyanada səfir olduğum zaman “Vox Persica” adlı almanca və farsca bir dərgi yayımlayırdıq. Dərgidə iki ölkənin ilişkilərini öyən məqalələrin yanı sıra sənət, sosial və kültürəl məzmunlu yazılar da dərc edirdik. İş saatı bitdikdən sonra mən də həmkarlarımla bir yerdə Avstriyanın çox zəngin milli səltənət arşivinə uğrayaraq İran-Avstriya diplomatik münasibətlərinin son 100 il tarixi haqqında araşdırmalar aparırdıq. Qacar dönəmi Avstriyanın Tehrandakı səfərilərinin yazdıqları reportajlar çox ilgi çəkici idi. Bu reportajlardan bir kolleksion təşkil edib İrana apardım. Ancaq nə yazıq ki, 1979-cu ildə inqilab olarkən hamısını məhv etdilər. Avstriya milli səltənət arşivində araşdırma edərkən Nadir Şah Avşarın oğlu Əli Mirzənin macəra dolu çətin mühacirət həyatıyla bağlı maraqlı məlumatla qarşılaşdım. Əli Mirzə Nadir Şahın son beşik oğlu olmuşdur. Səltənət arşivindən əldə etdiyim bilgiləri o zaman “Vox Persica” dərgisində də çap etdirmişdim. O dərgidə çap olan məqalə bu şəkildə idi:
Nadir Şahın qətlindən sonra Avşar ölkəsində böyük hərcümərc və keşməkeş meydana gəlir. Nadir soyundan olanlar müxaliflərin saldırısına uğrayır, öldürülürdülər. Nadir Avşarın fədailəri böyük əziyyətlərə qatlaşaraq Şahın soyunu qorumaq üçün hər növ fədakarlıq edirmişlər. Bu zaman Nadir Şahın son beşik oğlu Əli Mirzə 11 yaşındadır. Əli Mirzənin də öldürüləcəyini görən Nadir fədailəri uşağı Osmanlıya qaçırırlar. Bu zaman Osmanlıda Birinci Mahmud səltənətdədir. Əli Mirzə Osmanlıda çox çətinliklər çəkir və məhrumiyyətlərlə qarşılaşır. Nadir fədailərindən dördü uşağı Avstriya imperatorluğunun bir əyaləti olan “Slavnin”ə qaçırmağı başarırlar. Bir sürə onları “Mitruvis”də qarantinə alırlar. Daha sonra rayonun qarnizon komandiri Nadir Şahın oğlunun orada olduğundan xəbər tutur. Tarixi sənədlər göstərər ki, Əli Mirzəni Osmanlıda Muhəmməd adı ilə tanıtmışlar. Bəlkə də onun Osmanlıda kimlik dəyişdirməsi səbəb olmuş ki, Avstriyada ona güvənməmiş və Nadirin oğlu olduğuna dair şübhə etmişlər. Çünkü illər sonra kraliçə “Mari Terz” təkrar onun Nadirin oğlu olub olmaması qonusunda araşdırma aparılmasına dair əmr vermiş. Əli Mirzə Nadirin oğlu olduğunu iddia etdiyində “Qraf Mersi” araşdırmasını geniş bilgi halına gətirərək kraliçə “Mari Terz”ə çatdırır. Onun yolladığı bilgilər kraliçənin özəl əmri ilə araşdırılan bilgilərlə qarşılaşdırılır. Bir neçə digər mənbə də araşdırma aparır. Bütün araşdırmalar Əli Mirzənin Nadirin oğlu olduğunu doğrulayır. Əli Mirzə 19 yaşına gəldiyində onun ağlı, dərrakəsi, davranışı və əxlaqı haqqında xasiyyətnamə xarakterli məlumat səltənət sarayına və kraliçəyə bildirilir. Kraliçənin əmri üzərinə səltənət sarayı məmurlarından biri olan “Qraf Kutk” Əli Mirzəni gizlicə Qraz şəhərinə aparır. Bu şəkildə onun həyatına qarşı müxaliflər tərəfindən gələ biləcək təhlükələrin qarşısı alınır. Arşivlərdəki sənədlərə görə Əli Mirzəni Qraz şəhərinə aparmaq və orada həyatı üçün gərəkən güvənlikləri sağlamaq üçün səltənət sarayı tərəfindən 200 altun sikkə ayrılmışdır. Sənədlərdə yazılanlar bu şəkildədir. Bu şəhərə aparıldıqdan sonra onun tərbiyyəsi və dil öyrənməsi üçün özəl müəllim tutulur. “Qraf Şaf Qoc” Avropa mədəniyyətini ona öyrətməklə görəvləndirilir. Çox istedadlı olan Əli Mirzə qısa sürədə alman dilini yüksək səviyyədə öyrənir və hərbi instituta girir. Hərbi institutdakı başarılarından dolayı onun Hərbi Akademiyaya girməsinə izn verilir. Hələ də Avropanın ən önəmli hərbi təlimat mərkəzlərindən biri olan Wiener Neustadt akademiyasından başarılı zabit kimi məzun olur. “Kayts Ruk” 42 saylı piyadə ordunun qərargah rəisi təyin edilir. Əli Mirzənin təhsili boyunca bütün sənədlərini incələdim. Bütün dərslərdə əlaçı olmuşdur. Özəlliklə hərbi dərslərdə çox başarılı olduğu vurqulanmışdır. Bu zaman Prosiyaya qarşı Avstriya savaşa girir. Əli Mirzə Kulin savaşına qatılaraq böyük qəhrəmanlıqlar göstərir və başarılar qazanır. Digər savaşlarda da qazandığı başarılar onu məşhurlaşdırır. Bu savaşların birində Əli Mirzə başından sərt yaralanır. Top gülləsinin qəlpəsi sol ayağını da qoparır. Artıq bundan sonra sağlığını itirdiyindən heç bir savaşa qatıla bilmir. Lakin göstərdiyi şücaətlər təqdir edilərək kapitanlıq rütbəsiylə ödülləndirilir. Reich Freiherr Baron von Zemlin adlı dövlət şərəf nişanı alır. Bu nişan Avstriyanın ən önəmli dövlət ödüllərindən biridir. “Zemlin” ləqəbini almasının da bir səbəbi vardı. Çünkü ilk dəfə olaraq “Zemlin” şəhərində dövlət yetkililəri ilə buluşmuşdu. Ömrünün sonuna qədər “Zemlin” ləqəbini daşımışdır.
1762-ci ildə Əli Mirzə istirahət etmək üçün Viyananın yaxınlığında olan “Baden” şəhərinə gedər. O ilin may ayında da Qrats hərbi saxlusunun (qarnizonun) birinci komandir yardımçısı olaraq təyin edilmişdi. Beş il bu vəzifədə qalmışdı. Bu vəzifəni uğurla yürütdüyü üçün sol ayağının olmamasına rəğmən “Kufstein” hərbi saxlusunun baş komandiri təyin edilir. 1791-ci ildə Əli Mirzə Polkovnik rütbəsini alır. 1792-ci ildə bədənindəki rahatsızlıqlarından dolayı hərbi xidmətdən ayrılır. Viyanada Jägerzeile xiyabanında 2-ci nahiyyədə 12 nömrəli evdə əməklilik həyatına davam edir. Avstriya dövləti böyük xidmətlərinə və fədakarlıqlarına görə Əli Mirzəyə illik 810 altun sikkə maaş bağlayır. Bu, çox yüksək məbləğdir. Əli Mirzə bu evdə 88 yaşında vəfat edir. Viyana bələdiyyəsi ölənlər bəlgəsi onun ölüm tarixini 13 fevral 1824-ci il olaraq yazmaqdadır. Qəbrinin üzərində “İsfahan doğumlu Baron Zemlin” yazılmışdır. Əli Mirzə Viyanada aldığı özəl mülkündə dəfn edilməyi vəsiyyət etmişdi. Əli Mirzənin xatirələrindən anlaşıldığı üzrə onun Məcaristanın quzeyində yerləşən “Karbat” nahiyyəsində də özəl mülkü olmuş. Yəhya və Yusif adlı iki oğlu qalmış. Oğulları daha sonra Almaniyaya gedərlər. Onların Almaniyadaki talehləri haqqında bilgi yoxdur. Yəni biz nə qədər araşdırsaq da, bir bilgi ilə qarşılaşmadıq. Əli Mirzənin həyatını araşdırdığımızda onun vətən sevgisi ilə də qarşılaşdıq. Vətənini unutmamış və hər zaman maraqlanırmış. Ölümündən 26 il öncə bir vəsiyyətnamə yazmış. Vəsiyyətnaməsində yazır ki, mənim bu ölkəmdə heç kimsəm yoxdur. Böyük ehtimalla mənim cənazəmi şəhərin yoxsulları və dillənçiləri basdıracaqlar. Bu üzdən ölümümdən sonra mal varlığımdan və sərmayəmdən cənazəmi daşıyan hər yoxsul və dilənçiyə beş altun sikkə verilməsini vəsiyyət edirəm. Ayrıca, sərmayəmin bir qismini də Viyana əlillər evinə bağışlayıram. Əli Mirzə Avstriya dövləti tərəfindən “Baron” adı ilə ödülləndirilsə də, rəsmi sənədlərə atası Nadirin qoyduğu adla, yəni “Əli Mirzə Xan” adı ilə imza atırdı.
***************************
Güntay Gencalp
(Qaynaq: Əmir Aslan Avşar, Xatirələr, Fərhəng nəşriyyatı, 2012— Kanada, s. 270, 271, 272, 273, 274.)

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir