KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nəzakət Məmmədova: “Rusiya Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb”

Nəzakət Məmmədova: “Rusiya Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb”

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
404 0

Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsindən doğan narazılıq Azərbaycanda davam edir. Əslində, bu məsələdə Rusiya tərəfi öz neytrallıq reputasiyasına ciddi zərbə vurmuş olub. Gərginliyə səbəb olan qısa xronologiyaya nəzər salaq.

Mətbuat konfransı ilə bağlı yayılmış videogörüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin azərbaycanlı jurnalistin sualına konkret cavab verdiyi əksini tapıb. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndidə səsləndirdiyi fikirlərə cavabdır. Azərbaycanlı jurnalist də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibəti fərqli şəkildə təqdim edilib. Ortada videomaterialın olmasına baxmayaraq, Rusiya XİN bu məsələdə açıqca ermənilərin mövqeyini dəstəkləmiş olub. Faktiki olaraq belə nəticəyə gəlinir ki, Kojinin açıqlamasında Paşinyanın danışıqların formatını dəyişməyə cəhdlə bağlı səsləndirdiyi fikirlər Rusiya XİN-in yekun mövqeyinə uyğun şəkildə “redaktə” edilib. Bu, Rusiyanın dolayısı ilə qondarma “DQR”in danışıqlar prosesində iştirakını istəməsi anlamına gələ bilərmi?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, adətən diplomatlar ictimai mühitdə bir fikir söyləyərkən onu mümkün qədər korrekt şəkildə ifadə etməyə çalışırlar: “Ona görə ki, bu sonradan qalmaqala və diplomatik-siyasi gərginliyə aparıb çıxarmasın. Bu, diplomat peşəsinin əsas xüsusiyyətlərindən biridir və bir çox ölkələrin xarici işlər nazirliklərinin təlimatlarında da öz əksini tapıb. Diplomatın geyimindən tutmuş, jestlərinə, mimikalarına, danışdığı hər bir sözə görə onun ölkəsinin siyasəti barədə mülahizələr yürütmək olar. Rusiya isə çoxəsrlik diplomatik ənənəsi olan ölkə kimi bu məqamlara həmişə xüsusi diqqət yetirib. Rusiyanın beynəlxalq uğurlarının arxasında hərbi qüdrəti qədər onun diplomatiya və kəşfiyyatının yüksək səviyyədə olması da rol oynayıb. Odur ki, yüksək çinli rus diplomatı üçün müttəfiq bir ölkənin baş naziri haqda bu fikirlərin səsləndirilməsi artıq Paşinyanın bu ölkənin siyasi elitasında arzuolunmaz şəxs olmasına, ona qarşı Qərbin hakimiyyətə gətirdiyi bir baş nazir kimi xoşagəlməz münasibətin formalaşmış olduğuna dəlalət edir.

Paşinyan bir çox məsələlərdə artıq Rusiyanın əksinə hərəkət etməyə başlayıb. Qarabağın erməni icmasının bu danışıqlarda tərəf kimi iştirakına çalışması isə Rusiya tərəfindən onun növbəti özbaşınalığı kimi qəbul edilir. Çünki bu format ATƏT tərəfindən konsensus prinsipi əsasında formalaşıb və bu günədək davam edir. ATƏT Rusiya və Avropa arasında münasibətlərin gərgin olmadığı, əksinə, daha çox razılaşmaların olduğu azsaylı təşkilatlardandır. ATƏT-in Minsk Qrupunun hazırkı tərkibi Rusiyanı qane edir və o bu formatda dəyişikliyə ehtiyac görmür. Belə bir zamanda Paşinyanın bu yersiz təklifi əlbəttə ki, qeyri-konstruktiv yanaşmadır və Rusiyanı narazı salan növbəti addımdır. Paşinyanın fəaliyyəti artıq Rusiyanı narazı salır və Rusiyanın yüksək çinli diplomatının onun bəyanatına münasibəti də bu nasazlığın təzahürüdür. Lakin hələ ki, Paşinyan və Rusiya açıq söz savaşına daxil olmayıblar və postsovet məkanında inqilab nəticəsində hakimiyyətə gələn digər liderlərdən, məsələn, Saakaşvilidən fərqli olaraq, Paşinyan sözdə də olsa, hələ ki, Rusiyaya qarşı aşkar bir bəyanat səsləndirməyib. Görünür, Rusiya da polemikanı birinci başlamaq istəmir. Daha təmkinli mövqe nümayiş etdirməyə çalışır. Odur ki, Kojinin fikirlərini saytda təhrif edərək yerləşdirib. Bununla həm öz diplomatının açıq şəkildə deyilməsi məqsədəuyğun olmayan fikirlərinə düzəliş edib, eyni zamanda hələ ki, Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb. Prosedur belədir ki, mətbuat konfransında gedən fikirlər daha yuxarı instansiyalı rəhbərliyə məruzə edilir və onunla razılaşdırılaraq sayta yerləşdirilir. Xüsusilə mətbuat konfransının gedişatında diqqətçəkən, qeyri-adi, xüsusi maraq doğuran, sonradan müzakirəyə səbəb olacaq söz və ifadələr işlədilibsə, həmin məqamlara xüsusi diqqət yetirilir. Yuxarı rəhbərlik, bu, Lavrov da ola bilər, yaxud mətbuat departamentinin rəhbəri ilə razılaşdırılmaqla tədbirin stenoqramını və ya videoçəkilişdəki fikirləri lazım gəldikdə təhrif edərək saytda yerləşdirə bilər. Bu zaman dövlətin rəsmi mövqeyi əsas götürülür. Görünür, son hadisə ilə də bağlı vəziyyət elə bu cür olub”.

Məhəmmədəli QƏRİBLİ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir