KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
260 0

“Adam 52 faiz alıb, niyə 55 almamış deyə müzakirə aparır, sən rəzil olmusan, bunu müzakirə etsək, AKP-nin üstünü örtərik deyirsən… Bu düşüncə iqtidar ola bilməz, sən 14 partiya ilə bir araya gəlmisən.. çıxıbsan, yenib… yenmiş də yenmiş, yenmiş də yenmiş…”.

Türkiyə daxili siyasətində iqtidar AKP-nin hər səfərində ana müxalifət CHP-nin sifətinə çırpdığı bu məşhur kəlmələrin sahibi Məhərrəm İncə adına yaraşmayacaq sərtliklə Ərdoğanın üzərinə gəlir; millətçilərin içindən çıxıb Türkiyənin Merkeli olmaq istəyən Meral “İYİ, kötü” nələrsə etməyə çalışır; türk siyasətinin bel sütunu hesab olunan MHP-nin lideri Baxçalı U dönüşü ilə Ərdoğanın sağında yer alıb; Türkiyəni dibdən çıxaran Ərdoğan yorğun görünür;

İyunun 24-də Türkiyədə keçiriləcək seçkilərdən öncəki mənzərə belədir. Türk insanı isə kreativ yumor hissini işə salaraq, repçi qara gedələrin fonunda “Bana bak Muharrem” – “Eee sana baktım Recep, söyle” remiksləri ilə seçki gərginliyini üzərindən atmağa çalışır.

Bu seçkinin ağaran dişləridir, bir-birini parçalamağa hazır olan azı dişlərsə 24 iyunda ortaya çıxacaq.

“Kim seçiləcək” sualı üzərində gərgin müzakirələr gedir. Kimin seçiləcəyini proqnozlaşdırmaq çətindir, lakin siyasi cəbhələrin zəif və güclü tərəflərini analiz etdikdə ortaya ehtimallar çıxır.

Əsas müxalifət CHP-İYİ-Səadət partiyalarının yaratdığı “Millət ittifaqı”dır. Onlar AKP və MHP-nin yaradığı “Cümhur ittifaqı”na qarşı mübarizə aparacaq. Burada maraqlı detal diqqətdən qaçmır: Cümhuriyyət Xalq Partiyasının olduğu ittifaq adını “Millət”, Milliyyətçi Hərəkat Partiyasının olduğu ittifaq isə “Cümhur” adını daşıyır. Bu paradoksun səbəbini izah etmək çətindir, lakin mümkündür ki, cümhuriyyətçilərin “Millət” adını götürməyində MHP-dən qopan Akşenerin rolu olub, AKP isə “Cümhuriyyət dəyərlərinə qarşıdır” iddialarını aradan qaldırmaq və “arada qalmış” seçicilərin səsini almaq üçün bu gedişi edib.

“MİLLƏT İTTİFAQI” – zəif və güclü tərəflər: İttifaqda təmsil olunan partiyalar 24 iyun seçkilərində öz namizədləri ilə gedir – CHP-nin namizədi Məhərrəm İncə, İYİ partiyasının namizədi Meral Akşenar, Səadət Partiyasının namizədi isə Temel Karamollaoğlu.

Razılaşmaya görə, birinci turda hər partiya öz namizədi ilə seçkiyə qatılır, ikinci turda isə bütün partiyalar ən çox səs toplamış namizəd ətrafında birləşir, təbii ki, ikinci tur olarsa… “Millət ittifaq”ının ilk zəif tərəfi bu əks məntiqdə ortaya çıxır. Məntiqə görə, hədəf seçkini udmaqdırsa, o zaman, bütün qüvvələr bir namizəd ətrafında birləşməlidir. Lakin partiyaların bu məsələdə razılaşa bilməməsi, ittifaqın güclü olmadığını, buna görə də səslərin bölünəcəyini deməyə əsas verir. Yəni əsas hədəfi sonrakı mərhələyə saxlayırlar. Görünür, Akşener yeni qurduğu İYİ partiyanın ilk seçkisində başqa namizədi dəstəkləməkdən imtina edib. Çünki hazırda yeni formalaşan İYİ-nin əsas hədəfi siyasətdə özünə yer tapmaq və mümkün olduğu qədər parlamentdə çoxlu yer qazanmaqdır.

İttifaqın, daha dəqiq desək, ittifaqda əsas güc olan CHP-nin güclü tərəfi namizəd olaraq partiya sədri Kamal Kılıçdaroğlunu yox, çıxışları ilə xarizmatik görüntü yaradan Məhərrəm İncəni namizəd olaraq irəli sürməsidir.

İncə 2000-ci ildən sonra Türkiyə siyasətində müxalifətin yeni və xarizmatik namizədi olaraq görünür, mitinqlərdəki çıxışları ilə də namizədliyinin “haqqını” verməyə çalışır.

Lakin İncənin namizədliyi əks-effekt də yarada bilər. Çünki cümhuriyyətçilərin daxilində uzun zamandır Kamal-İncə qovğası sürməkdədir və ehtimal ki, kamalçıların seçkini incəçilərdən “qisas alma” imkanı olaraq görməsi təhlükəsi yarana bilər.

Çünki: İncənin seçilməsi onu Kılıçdaroğluna qarşı tənqidlərində haqlı çıxaracaq; seçilməməsi isə Kılıçdaroğluna “yenmiş də yenmiş…” sözlərini İncəyə yedirmək şansı verə bilər.

Türkiyə siyasətinə bu yanaşmanın aid olmadığını düşünmək olar, lakin Kılıçdaroğlunun partiya daxilindəki müxalifəti “seçki gedişi” ilə əzdiyi Sarıgül təcrübəsi də unudulmamalıdır.

Bir dövr CHP içində Mustafa Sarıgül ruzigarı əsməkdəydi və çoxlarına görə, partiyanın yeni lideri olacaq Sarıgül Türkiyə üçün də yeni lider ola bilərdi. Nəticə isə gözlənilməz oldu. Kılıçdaroğlu 2014-cü ilin bələdiyyə seçkilərində Sarıgülün namizədliyini İstanbul Bələdiyyəsindən verdi. İlk mənzərəyə görə, CHP İstanbulda qalib gəlmək üçün güclü namizədini irəli sürürdü, lakin məlum idi ki, İstanbulda məğlub olmaq Sarıgülün partiya daxilində anti-Kamal iddialarının da sıradan çıxmasına səbəb olacaqdı. Belə də oldu, Sarıgül məğlub oldu və o gün-bu gün siyasətdə nadir hallarda gözə dəyir.

İndi Kamal Kılıçdaroğlunun ən sərt tənqidçisi İncənin sinəsinə “rozet” taxaraq, “döyüşə göndərməsi” nə dərəcədə təsadüfdür?!

Kılıçdaroğlu son 6 seçkini Ərdoğana məğlub olub və hər seçkidə Ərdoğanın “mən məğlub olsam, istefa verəcəm, sən eyni addımı atacaqsanmı?” çağırışı qarşısında səssiz qalıb. Bu məğlubiyyətlərin sonunda İncənin məşhur “yenmiş də yenmiş” çıxışı peyda oldu.

Hesab etmək olar ki, Kılıçdaroğlu bu seçkidə də məğlub olacağı təqdirdə partiya sədrliyindən istefa verməkdən başqa yolun qalmadığını bilirdi. Onun İncə gedişi də məhz buna hesablanıb:

– Qalib gələrlərsə (hərçənd, bu çətin görünür) “düzgün gediş etdiyini” əsas gətirərək, bu qalibiyyətdə böyük pay sahibi olduğunu göstərmək və partiya liderliyini bundan sonra da uzun müddət davam etdirmək;

– Məğlub olacaqları təqdirdə “İncə nağılı”nı arxivə göndərmək, beləliklə, Sarıgüldən sonra ən böyük daxili müxalifəti də basdırmaq və liderliyini davam etdirmək;

Məhz sonuncu amil seçki günündə də səslərə təsirsiz ötüşməyə bilər.

“Millət ittifaqı”nın zəif tərəflərindən biri də terroru dəstəkləyən HDP-yə yumşaq münasibət göstərməsi, mitinqlərində HDP-çilərin də öz bayraqları ilə qatılmasıdır. Türk ordusu Qəndilə hücuma hazırlaşdığı, terrorçularla müharibə apardığı bir dövrdə bu amil türk seçicisi üçün bağışlanmaz səhvdir.

“CÜMHUR İTTİFAQI” – zəif və güclü tərəflər: Bu ittifaqın zəif tərəfi güclüdən az görünür.

1. Ərdoğan yorğun görünür, yaş və uzun illər seçki kampaniyasında əsas sima olaraq çıxış etməyin yorğunluğu hiss olunur.

2. AKP-nin 16 illik iqtidarlığı. Bu illər ərzində AKP Türkiyəni dibdən çıxarsa da, insanların fərqlilik axtarışı da bəzən nəticəyə təsir göstərir.

3. Seçki aktivliyinin zəif olması. Sorğular “Cümhur ittifaqı”nın 50 faizdən çox səs toplayacağını göstərir. Lakin seçki aktivliyinin zəif olması bu proqnozu alt-üst edə bilər. 2014-cü ildəki prezident seçkilərində bu acı təcrübə yaşanmışdı.

Lakin AKP-nin iqtidarlığı dövründə gördüyü işlər – türk insanının sosial rifahının yaxşılaşdırılmasından, “gecəqondu” probleminin həll edilməsindən, tibbi sığorta kimi insanların ən ağrılı çətinliyinin aradan qaldırlmasından tutmuş, terrora qarşı mübarizə və Türkiyənin regional güc olması, sərhəddən kənar hərbi əməliyyatların keçirilməsi və s. – seçkidə nəticəyə təsir göstərəcək. Son sorğu da AKP-nin 48,5 faizdən çox səs toplayacağını deyir.

Burada MHP faktoru də gözdən qaçmamalıdır: millətçilər tarix boyu Türkiyə dövlətinin bel sütunu olaraq çıxış edir və təcrübə göstərir ki, onların hədəfi iqtidar olmaq yox, dövlətin qorunması üçün çalışmaqdır. Və bu gün MHP AKP-nin yanında yer alırsa, deməli, türk dövlət sistemi “prezident üsul-idarəsi”ndən yanadır. Bu amillər seçkidə Ərdoğanın istədiyi nəticəni əldə edəcəyini deməyə əsas verir. Lakin böyük ehtimalla səs faizlərində ciddi fərqlər olmayacaq.

“Cümhur ittifaqı”nın əlini gücləndirən faktorlardan biri də “Millət ittifaqı”nın seçkini iki tur olaraq görməsi və birinci turda ayrı-ayrı namizədlərlə çıxış etməsidir.

Dediyimiz kimi, seçkinin azı dişləri 24 iyunda görünəcək. Və Türkiyənin qarşısında iki yol görünür: ya prezident üsul-idarəçiliyi ilə böyük güc olmaq yolunda addımlamaq, Ərdoğanın dediyi kimi, “dünyanın beşdən böyük olduğunu” göstərmək, ya da Türkiyəni ABŞ-NATO çətiri altına qaytarmaq və öz qınına sığınmış ölkə yaratmaq.
Asif Nərimanlı
Publika.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir