KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Menderesi asanların “Yeni Türkiyə” planı

Menderesi asanların “Yeni Türkiyə” planı

Hasan Oktay Hasan Oktay - - 26 dk okuma süresi
400 0

“Kəlləmi onlara götürdüyünüzdə deyin ki, Adnan Menderes hürriyyət uğrunda qoyduğu başını 17 il əvvəl almadığınız üçün sizlərə mütəşəkkirdir”.

1960-cı il 27 mayında Türkiyə Cümhuriyyət tarixinin ilk hərbi çevrilişindən sonra Menderesi asdılar. O, ölümə gedərkən son sözlərində belə deyirdi. Onun devrilməsinin bir çox səbəbləri haqda dəfələrlə deyilib. Lakin 15 iyul 2016-cı il Türkiyədə hərbi çevrilişə cəhd fonunda Menderes dönəminin bir detalı diqqətlərdən yayınmır.

“Vatan” qəzetinin 1950-ci illərində yayımlanan saylarından birində manşet belə idi: “Ərəb dilində azan məsələsi münaqişə mövzusu oldu”.

Menderes ərəbcə azana dəstək verdiyi üçün həmin dövrdə Demokrat Partiyasının üzvü olan bir çox mason istefa etdi. Tarixçilərə görə, Menderes bununla dar ağacına gedən yola çıxmışdı. Çünki; Osmanlının süqutundan 40 ilə qədər zaman keçmiş, azanın məhz ərəb dilində səslənməsi isə tarixi bağları yenidən gündəmə gətirir, imperiyanı dağıdan xarici qüvvələrin daxili uzantıları bu bağları israrla unutdurmağa çalışır; Osmanlını dağıdanlar Türkiyəni ərəb coğrafiyası ilə yaxınlaşdıracaq, yaxud keçmişə dair ən kiçik nostolji hissini oyadacaq detalı belə qəbul edə bilməzdilər.

Türkiyənin ilk “darbəsi” və bu olaydakı İslam detalı 15 iyulda yaşanan hərbi çevriliş cəhdi fonunda da yada düşməyə bilməz. Xüsusilə çevrilişin İslam pərdəsinə bürünmüş FETÖ-nün əli ilə gerçəkləşdirilməsi cəhdi. Lakin bu, həm də bütöv pazlın bir hissəsi kimi qəbul edilməlidir.

“Hərbi çevriliş xronologiyasının pozulması”: 15 iyul hərbi çevriliş cəhdinin əsas səbəblərindən biri tarixi xronologiyanın pozulması idi: Ərdoğan nəzərdə tutulan vaxt iqtidarı dövr etməmiş və 60 illik “Türkiyə ssenarisini” relsdən çıxarmışdı. Bunu anlamaq üçün Menderes dönəminə qayıtmaq və ondan sonra yaşananları sıralamaq lazımdır.

– 1961-ci ildə ordu iqtidara əl qoydu və Menderesi asdılar. Bundan sonra çevrilişlər tarixi başlandı və təxminən hər 10 ildən bir Türkiyə hərbi çevrilişə şahidlik etdi.

– 1971-ci ildə Menderesi asanlar yenidən iqtidarı endirdilər və Süleyman Dəmirəl istefaya göndərildi.

– 1980-ci ildə qanlı tərəfi ilə heç unudulmayan 12 sentyabr çevrilişi yaşandı.

– 1997-ci ildə yenə darbə gündəmdə idi, amma bu dəfə daha modern şəkildə. Ərbakan istefaya getməyə məcbur edildi.

Bu çevrilişlərin arasındakı məsafəni və hər çevrilişdən sonra Türkiyə siyasətində daha da güclənən qətiyyətsizliyi göz önünə gətirəndə, əsas hədəfin siyasətin güclənməsi və ordu üzərində hakimiyyəti ələ alması yox, Türkiyənin güclənməsi olduğunu görmək olur. Çünki hər çevrilişdən sonra Türkiyə siyasi və iqtisadi olaraq çöküş dövrünə qədəm qoyur, bir müddət ordu iqtidarı təmsil edir, ardınca koalisiya hökumətləri qurulurdu.

Koalisiya hökuməti: bu amilə diqqət etmək lazımdır. Siyasi təcrübə göstərir ki, koalisiya hökumətləri olan ölkələrin əsas diqqəti daxili problemlərə və siyasi qarşıdurmalara yönəlir və həmin dövlətin xarici siyasəti zəifləyir, güclənə, dolayısı ilə böyüyə bilmir. Türkiyənin başını qaldırıb ətrafa baxması və nəinki Osmanlı dönəmindəki gücünü qaytarması, ümumiyyətlə regionda dirçəlməsinə belə qarşı olanlar “27 may darbəsi”ndən sonra “çıxış yolu” tapmışdılar. Müəyyən zaman kəsimi ilə hərbi çevriliş planını dövriyyəyə salmaq və milli iradənin siyasət ətrafında birləşməməsini təmin etmək. Türkiyəyə ya siyasətdən uzaq ordu rəhbərlik edir, ya da daxili intriqalardan başı ayılmayan koalision hökumətləri. 2002-ci ildə hakimiyyətə gələn AKP-nin iqtidarını davam etdirməsi “darbə tarixinin ənənələrinə zidd” hesab oluna bilər . Amma burada məsələ iqtidarda başqasının yox, məhz AKP-nin olması deyil. AKP-nin yerinə MHP, yaxud CHP olsaydı, 10 ildən artıq təkbaşına iqtidarı davam etdirsəydi və bu müddətdə Türkiyə böyüsəydi, başını qaldıraraq önünə baxsaydı, yenə 15 iyul çevriliş cəhdi baş verəcəkdi. Məsələ siyasi partiyalar, yaxud liderlər deyil, məsələ Türkiyənin güclənməyinə, böyüməyinə imkan yaradan sistemdir.

Bu sistem nədən təşviş yaradır?: Bunu anlamaq üçün, Türkiyənin mövcud durumuna qısa olaraq nəzər salaq.

Terrorla mübarizə: PKK-nın sıradan çıxarılması üçün ciddi şəkildə addımlar atılır. Bu, PKK faktorundan Türkiyəyə qarşı istifadə edənlərin əl-qolunu bağlayır, dolayısı ilə Türkiyənin böyüməsinin qarşısındakı əsas əngəlin yox olması ilə bu ölkəyə təzyiq rıçaqları əllərindən çıxır.

Siyasi: Türkiyə regionda güclənir. Azərbaycan və Gürcüstanla ittifaq quraraq Cənubi Qafqaza, ardınca Mərkəzi Asiyaya gedən yolu açır, həmçinin, Xəzərin karbohidrogen ehtiyatlarına çıxış əldə edir. Təyyarə böhranından (hansı ki, 15 iyuldan sonra bu böhranın FETÖ tərəfindən məqsədli şəkildə yaradıldığı ortaya çıxdı) sonra münasibətləri pis olan Rusiya ilə barışır. İsraillə 6 illik mübahisəni həll edir və regiondakı geosiyasi proseslərdən qazanclı çıxır. Rusiya və İsraillə münasibətlətin düz xəttə çıxarılması Yaxın Şərqdə mənzərəni ABŞ-ın əleyhinə dəyişir. Okeanın o tayındakıların Ankaraya qarşı “istehsal etdikləri yeni silah” olan (əslində “köhnə modelin” yenilənməsi də demək olar) PYD (PKK-nın Suriya qolu) kartını gündəmdən çıxarır, beləliklə, ABŞ-ın Türkiyənin cənubunda yaratmaq istədiyi “kürd dəhlizi” təxirə salınır. Bu, həm də Orta Doğu Planına ciddi zərbədir.

İqtisadi: Türkiyə iqtisadiyyatının yetərincə grnişləndirməklə yanaşı, bölgədə siyasi güc funksiyasının gücləndirəcək iqtisadi layihələrin də önündə gedir. Məsələn, TANAP layihəsi. Bakı ilə eyni layihəyə imza atan Ankara əslində bununla yalnız iqtisadi divident əldə etmədi. Söhbət Avropanın enerji təminatında söz sahibi olmaqdan və Qərbə doğru axan karbohidrogen ehtiyatlarının ana arteriyasını təşkil etməkdən gedir. Və bu, Türkiyəyə avropalıları ovucunun içinə almaqla yanaşı, Avropa bazarına çıxmaq istəyən İran, həmçinin, bu bazardan “qovulmuş” Rusiya qarşısında nüfuzedici faktor olmaq imkanı verir, eləcə də müasir dünya iqtisadiyyatının əsasını təşkil edən enerji bazarında rolunu artırır.

***

Dünyada dəyişən siyasi mənzərədə Türkiyə faktorunun əhəmiyyəti 15 iyul planının məqsədini daha aydın şəkildə anlamağa imkan verir.

1. “Ərəb baharı” ilə başlanan, Ukrayna ilə sürətlənən dünyanın yenidən dizayn edilməsi siyasətində Türkiyə ana faktor olaraq qəbul edilməlidir. Ankara kimin yanındadırsa, o cəbhənin əli güclü olur. Hansı ki, zəifləyən Rusiyaya öz dirənişi ilə güclü Qərb qarşısında duruş gətirmək üçün Türkiyə lazım idi. “Varşava paktı” ilə rusların atalarının imperiyasını dağıtmaq məqsədini qarşıya qoyan Qərb də Sovetlərin xələfini “müti hala” salmaq, parçalamaq və hömkran olmaq üçün yenə Türkiyəyə möhtacdır. Bu prosesdə Ukraynadan sonrakı dövr diqqət çəkir. Türkiyə hər şeyə rəğmən Moskvaya qarşı sanksiyalara qoşulmadı və onu güc olaraq qəbul etmək istəməyən Qərbə meydan oxudu. Təbii ki, bu siyasi manevr idi və Türkiyənin dövlət maraqları çərçivəsində aparılırdı. Bu, Qərbin böyük layihəsinin uğursuzluğa düçar olmasının əsas amili oldu. Məhz Türkiyə faktoruna görə Rusiyanı istədikləri səviyyəyə endirə, “müti” edə bilmədilər. Lakin təyyarə böhranı bu prosesdə Qərbə planını yenidən dövriyyəyə salmaq imkanı yaratdı. O zaman qədər ki, Ankara qəfil dönüş etdi və eyni anda iki “düşməni” dosta çevirərək, bölgədə siyasi dəngələri dəyişdirdi. Planları pozan Türkiyə oyundan tamamilə çıxarılmalı idi.

2. Türkiyənin bu həmləsi ilə bölgədə dəyişən siyasi dəngələr hər şeydən öncə ABŞ-ın planlarına qarşıdır.

Vaşinqtonun planı:

– Şimali Suriyada “kürd dəhlizi” yaradılır və bununla Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilməklə Aralıq dənizinə qədər olan zolaq ABŞ-ın idarəçiliyi altındakı kürdlərin əlində olur;

– Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları “kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır;

– Hazırda Şimali İraq nefti rəsmi Bağdadın əli ilə Avropa bazarlarına çıxarıldığı üçün gəlirlərin yalnız 17 faizi kürd muxtariyyətinə çatır. “Kürd dəhlizi” yaranarsa, kürdlər neft satışından əldə olunan gəlirlərin 100 faizini əldə edəcək və mərkəzi İraqdan asılılıq ləğv olunacaq. Beləliklə kürd dövlətinin qurulması iqtisadi tərəfdən təmin olunacaq;

– Bu, Şimali İraqın karbohidrogen ehtiyatlarının Avropaya çıxması üçün maşrut olmaq istəyən Ankaranın planına qarşıdır. Plana görə, gələcəkdə İranın böyük enerji ehtiyatları da “kürd dəhlizi” marşrutu ilə çıxarılır. Bununla həm də kürd marşrutuna möhtac edilən İranın kürdlərin ərazi iddiaları qarşısına geri çəkilməsini təmin etməyə imkan yaranır və Ruhani dönəmi ilə ABŞ-ın “ikinci inqilab” etdiyi bu ölkə ocuvun içində saxlanılır;

– Türkiyə bununla ərəb ölkələrinə olan çıxışını itirir və “Yeni Türkiyə” dönəmində həyata keçirilməsi planlaşdırılan “Osmanlı nüfuzunun” qaytarılması prosesi əngəllənir.

Bütün bunlar üçün Ankaranın Rusiya ilə düşmən olması və ABŞ-ın yanında “sözə baxan” ölkə funksiyasını yerinə yetirməsi lazım idi. Lakin Ankaranın Rusiya və İsrail həmləsi Türkiyəyə qarşı oynanılan oyunu pozdu.

3. Hərbi çevriliş cəhdinin məhz 2016-cı ildə həyata keçirilməsinin iki səbəbi var:

Daxili amil: Burada 15 iyul tarixi önə çıxır. Əvvəldən məlum idi ki, Türkiyə Ali Hərbi Şurasının (YAŞ) avqust ayında toplantısı olacaq və FETÖ ilə əlaqələri ortaya çıxan hərbiçilər ordudan uzaqlaşdırılacaq. Hətta iddialara görə, Ankara YAŞ toplantısını gözləməyərək, 16 iyulda sübh vaxtı bir-bir nəzarətə götürülən hərbiçilərə qarşı əməliyyat keçirəcəkdi. Bunu öncədən öyrənən FETÖ-çülər isə hökuməti “qabaqlamaq” gedişi etdi. Bu kimi iddialar 15 iyuldan sonra sıralandı. Lakin xarici amil də burada diqqətdən qaçmamalıdır.

Xarici amil: Bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləridir. ABŞ-ın super güc olmasına baxmayaraq, ən zəif tərəfi seçki ərəfəsində xarici siyasətə diqqətin azalmasıdır. Artıq bunun simptomları görünür. Hətta seçkidən bir il sonraya qədər bu belə davam edir. Hesab etmək olar ki, Türkiyənin Rusiya və İsrail siyasətində qəfil dönüş etməsi xuntaçıları hərəkətə keçirdi. Çünki ABŞ-dakı seçkilərdən istifadə edən Ankaranın regionda siyasi tarazlığı öz xeyrinə çevirmək üçün yaxşı imkanı yaranmışdı. Çevrilişi öncədən hazırlayanlar bir az da gözləsəydi, ABŞ özünü tamamilə seçkiyə “təslim edəcək”, Türkiyə isə artıq siyasi planlarında önəmli yol qət etmiş olacaqdı. Bu da onlara lazımi dəstəyin verilməməsinə səbəb ola bilərdi. Buna görə onlar vaxt itirmədən hərəkətə keçdilər.

(Burada kiçik də olsa bir ehtimal da qeyd olunmalıdır: Vaşinqton Ankara ilə münasibətlərini pozmamaq üçün “çevriliş cəhdi”nə dəstək verməyə bilərdi. Planı öncədən hazırlayanlar isə Obama Administrasiyasıın getmək üçün “yola çıxdığı” bir vaxtdan istifadə edərək, çevrilişi məhz seçki ərəfəsində etmiş ola bilərlər. Əgər Ərdoğan devrilsəydi, siyasi partiya liderləri Menderesin taleyini yaşasaydılar, Vaşinqton xuntaçılarla razılaşmaq məcburiyyətində qalacaqdı. Təbii ki, bu proseslərin içindən boylanan kiçik ehtimallardan biridir, amma məsələyə baxış üçün vurğulanması da lazımlıdır).

Ümumilikdə 15 iyul çevriliş cəhdini Türkiyəni “sözə baxan” ölkə vəziyyətinə qaytarmaq üçün qurulan plan hesab oluna bilər.

***

15 iyul çevriliş cəhdinin arxasında haqlı olaraq CİA-NATO-Qladio olduğuna dair ehtimallar irəli sürülür. Yəni bu çevrilişin arxasındakı qüvvələrin sadəcə adıdır. Amma proseslərin analizi bütün yolların okeanın o tayına getdiyini göstərir. Söhbət Obama Administrasiyasından yox, Amerikanın gerçək sahiblərindən gedir. Biz buna ümumi olaraq “dərin Amerika” deyək.

Bölgədə siyasi tarazlığın pozulması təbii ki, hər şeydən öncə “dərin Amerika”nın layihələrinə ciddi zərbədir. Obama, yaxud Klinton, hətta Amerikanın “Jirinovskisi” səviyyəsinə qoyulan Trampın prezident olmasının o qədər də əhəmiyyəti yoxdur.

Və bu çevriliş cəhdində FETÖ-nün “maşa” olaraq əldə tutulmasının daha dərinə gedən səbəbləri önə çıxır. Çünki məsələ yalnız vaxtilə ittifaq halında olan Fətullah Gülən-Ərdoğan düşmənçiliyini fürsətə çevirmək deyil. Məsələnin ana xətti İslamdır.

“İslam bombalanaraq yenidən qurula bilməz. İslam içərindən fəth edilməlidir. Bunu Sisi və Gülən edə bilər”. (“The Economic” dərgisində bir il önə yayımladığı məqalədən).

İslamın içəridən fəth edilməsi: Fətullah Gülən camaatının tarixi Türkiyədə orduların asanlıqla çevriliş edə biləcəyi illərə gedib çıxır. Hərbiçilərin “laiklik” sevdalarından istifadə edilərək, türk siyasətini asanlıqla dizayn etmək imkanı varkən, Türkiyədə belə bir təşkilatlanmaya səbəb nə idi?!

1969-cu ildə yaradılan (Türkiyə Cümhuriyyət tarixinin ilk darbəsindən bir neçə il sonraya təsadüf etməsi diqqət çəkir) Gülən camaatı ölkə içində sürətlə təşkilatlanır, ardınca xəstəliyini müalicə etdirmək üçün ABŞ-a gedən Fətullah Gülən Pensilvaniyada yaşamağa başlayır və Amerika torpaqlarında iqamətgah qurur. Roma Papası səviyəsində qəbul olunur, dünya dinlərarası dialoqunda önəmli şəxslərdən olur, siyasətə təsir imkanları böyüyür, dünyanın 160 ölkəsində təşkilatlanır, əlində yetərincə qədər maliyyə imkanları toplayır və s. Təbii ki, bu onun üçün hazır qəlibdə olan “uğur hekayəsidir”. Hansı ki, Qərbin rus milyarder Abramoviç, yaxud Xodoroviski kimi “uğur hekayələri” silsiləsi məlumdur. F. Gülənin “uğur hekayəsi” din üzərində quruldu.

Burada Türkiyəyə və ümumiyyətlə İslam aləminə yönələn iki hədəf var.

Türkiyə: Əgər Rusiyada, yaxud MDB ölkələrində milyarderlər hakimiyyəti lazım olan anda ələ ala bilirlərsə, Türkiyədə situasiya bir az fərqlidir. Türkiyə İvanişvili, yaxud Poroşenko ssenarilərinin xalq tərəfindən qəbul edilməyəcəyi ölkədir. Bura Osmanlının xələfidir və İslam faktorunu nəzərə almadan Türkiyəni idarə etmək çətindir. Nəzərə alsaq ki, Qərb dünyası 50, yaxud 100 illik planın ümumi cizgiləri içində hərəkət edir, o zaman Fətullah Gülən camaatının yaradılması və bu günlər üçün bəslənərək, gücləndirilməsinin arxasında çox incə və gizli planın olduğunu deyə bilərik.
Burada 1923-cü ildə Lozanna anlaşmasından dərhal sonra İsmət İnönünün “yüz il vaxt qazandıq” deməsi yada düşür. Atatürk Lozannada Türkiyəyə 100 il vaxt qazandıra bilmişdi və bu yüz ilin 2023-cü il tarixində tamamlanacağı, “Yeni Türkiyə”, yəni geriyədönüş nöqtəsinin başlanacağı məlumdur. Və unudulmamalıdır ki, Osmanlı zabiti olan Atatürk Cumhuriyyəti quraraq, dağılan Osmanlının varisini qorumaq missiyasını yerinə yetirirdi və bu prosesdə İslam faktoru şüurlu şəkildə arxa plana keçirilmişdi. Əks təqdirdə Atatürkün Türkiyəni qoruması daha çətin olardı, buna xarici güclər imkan verməzdilər. Bu kontekstdə 100 il sonra İslamın Türkiyədə önə çıxmasına yalnız iqtidar AKP-nin ideologiyası kimi baxmaq doğru olmaz. Osmanlının nüfuzunu qaytarmaq, İslam dünyasında güc olmaq və coğrafi olaraq Yaxın Şərqdə genişlənmək üçün bu faktor lazımlı görünür. Və ərəbcə azanın Menderesi dar ağacına aparmasının səbəbi də bu kontekstdə tədricən anlaşılır.

Bunu Qərb gücləri, yəni Osmanlını dağıdanlar hələ Lozannada bilirdi. Onlar da yaxşı anlayırdı ki, Atatürkün mirası olan Türkiyə bir gün geridönüş edəcək. Məhz burada Fətullah Gülən faktorunun 50 il səbrlə böyüdülməsi siyasətinin hədəfləri görünür.

Qərb anlayırdı ki, Osmanlının torunlarını İslamdan uzaqlaşdırmaq mümkün olmayacaq. Hətta bunun üçün onillər boyu missionerlik fəaliyyətini dövriyyəyə salsa da. Deməli, Türkiyə üçün Qərbin əlində olan “İslami güc” hazırlamaq, bu gücü iqtidara gətirmək və idarəolunan Türkiyə yaratmaq lazım idi. Fətullah Gülən də hədəfə gedən yolda Türkiyə üçün Qərbin əlində olan “dini güc” rolunu oynayır. Çevriliş baş tutsaydı, Gülən Xomeyni kimi gələcək və yeni model yaradılacaqdı. Bu model Qərbin Şərqə doğru siyasi ekspedisiyasında aparıcı gücə çevriləcək, Orta Doğu Planından başlamış, Rusiyanın dağıdılmasına qədər prosesin gerçəkləşdirilməsi sürətləndiriləcəkdi. Türkiyənin Osmanlıya qayıdış enerjisi rahat şəkildə Qərbin planları üçün xərclənəcəkdi.

İslama yönəlik həmlə: Fətullah Gülənin missiyasını“siyasi İŞİD” adlandırmaq mümkündür. Əgər bu gün İŞİD İslamın təməllərini məhv etmək üçün daha çox güc kimi istifadə olunursa, Gülən rəhbərliyi altındakı Türkiyə də bu işin siyasi tərəfini həyata keçirəcəkdi. Lakin siyasi güc dağıdıcı yox, bir dam altında toplayıcı rolunda çıxış edəcəkdi.

– Hazırki Türkiyənin İslam aləmini öz şəmsiyyəsi altında toplamaq gedişinə qarşı çıxılsa da, Gülən Türkiyəsində buna geniş imkan yaradılacaqdı.
– Türkiyə ətrafında cəmləşən İslam dolayısı ilə Qərbin bayrağı altında keçəcəkdi.
– Bununla İran və Səudiyyə kimi İslam aləmində bayraqdan olmaq istəyən güclərə alternativ tərəf də formalaşdırılacaqdı.
– İslam dünyasının gələcəkdə kiçik də olsa birləşmə ehtimalı sıradan çıxarılacaqdı.
-Beləliklə İslam içəridən fəth ediləcəkdi.

Burada İslama yönəlik həmlənin digər bir istiqaməti – Türk dünyası faktoru da önə çıxır: Türkiyə bu gün Türk dünyasının lokomotivi rolunda çıxış edən ölkədir. Hansı ki, Azərbaycanla sıx tarixi bağları möhkəmləndirən Ankara Orta Asiya türk dövlətlərinə doğru zəif də olsa irəliləyir. Fətullah Gülən Türkiyəsi ilə Türk dünyası da Qərbin bayrağı altında keçə bilərdi.

– Bununla Qərb Türk dünyası faktorunu öz idarəçiliyi altına alacaq;
– Gələcəkdə Rusiyanın arxasına – Orta Asiyaya keçmək üçün istifadə edəcək, Rusiyada etnik türklər ayaqlandırılacaq və rusların imperiyasına son qoyulacaq.
– Rusiyadan sonrakı dövr üçün təhlükə olaraq görülən Çinə qarşı da məhz türk faktoru silah olaraq istifadə olunacaq.

Proseslərə bu yanaşma Qərbin yarım əsrdə Fətullah Gülən camaatını bəsləməsi və müdafiə etməsinin hədəfləri, qurduğu uzun illik planları anlaşılır.

***

Çevriliş cəhdi baş tutmadı və burada türk milləti faktoru xüsusi paya sahibdir.

15 iyul Türkiyə daxilində iki aspektdə önəmlidir.

a) İddialara görə, hökumət çevrilişə cəhdin olacağını öncədən bilirmiş. Təbii ki, bu iddialardır. Lakin əgər hökumət xuntaçıları əvvəlcədən həbs etsəydi Türkiyə siyasəti itki verəcəkdi: İctimai dəstək əldə olunmayacaqdı; Ordu içində narazılıq artacaqdı; Qərb demokratiya çağırışları altında təzyiqlərini artıracaqdı; Haqlı olan Türkiyə haqsız duruma düşəcəkdi; Hətta FETÖ-nün arxasındakı qüvvələrin təsiri ilə Ankaraya qarşı sanksiyalar da gündəmə gələ bilərdi.

b) 15 iyuldan Ankara iki məsələdə qazanclı çıxdı: müxtəlif təsirlərlə fikir ayrılığı yaşayan türk milləti yenidən birləşdi; FETÖ-cülərin təmizlənməsi və siyasi quruluşun daha sağlam şəkildə təşkili prosesi başlandı.

Türkiyənin bundan sonrakı xarici siyasi kursunun Avrasiyaya doğru yönələcəyini proqnozlaşdırmaq olar.

a) Rusiya ilə münasibətlər yüksək səviyyədə qurulacaq. Ərdoğan-Putin görüşündən sonra yeni mərhələ başlaya bilər.
b) Bölgədə İranın da daxil olduğu yeni iqtisadi-siyasi format gündəmə gələ bilər. Ermənistanla münasibətlərin yoluna qoyulması məsələsində Ankaranın Bakı ilə məsləhətləşmələr aparması da bu ehtimalı gücləndirir.
c) Qonşularla problemsiz münasibətlər qurulacaq və “Yeni Türkiyə”yə daha güclü şəkildə gedilməsi üçün lazımı addımlar atılacaq.

Amma bu prosesdə Türkiyənin Qərb tərəfindən ciddi təzyiqlərlə qarşılaşacağı, 15 iyul çevriliş planından daha ciddi hücumlara məruz qalacağı, Gəzi olayları kimi gözlənilməz tələlərlə üzləşəcəyi, həmçinin,
terror təhdidi böyüyəcəyi də gözləniləndir.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir