KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məlihə Əzizpur: Güney Azərbaycanda türkcə yazan qadınlar kişilərlə eyni səviyyədədirlər

Məlihə Əzizpur: Güney Azərbaycanda türkcə yazan qadınlar kişilərlə eyni səviyyədədirlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
452 0

Məlihə Əzizpur İran Azərbaycanında türk dilində əsərləri yayımlanan qadın şair və yazarların bu sahədə fəaliyyət göstərən kişilərlə eyni səviyyədə olduğunu deyir. Təbrizli şairə Amerikanın Səsinə söhbətdə güneydə ədəbiyyat sahəsində fəaliyyət göstərən qadınların yardıcılığını dəyərləndirib.

İran Azərbaycanında qadınların türk dil və ədəbiyyatı sahəsində digər sahələr ilə müqayisədə daha çox fəalliyyət sərgilədikləri görünməkdədir. Məlihə Əzizpurun fikrincə, toplumdakı bəzi adət və ənənələr qadınların digər sahələrdə daha az fəal olmalarının əsas səbəbidir.

“Qadınların siyasi ya ictimai sahələrdə fəaliyyətlərinin az olması onların daha az çalışqan olduğu anlamına gəlməz. Bu bizim ictimai özəlliklərimizdən irəli gəlir. Milli hərəkatda da qadınların kişilərdən biraz daha geridə durması onların passiv olduğundan deyil. Ənənəvi ailələrdən gəldiyimiz və qapalı bir toplum olduğumuza görə qadınlar biraz geridə görünə bilər,” şairə söyləyir.

Əzizpurun dediklərinə görə, “xüsusilə Xatəminin prezidentliyi dönəmində toplumda azca yumşalma olduğu və ədəbi dərnəklərin çoxaldığı üçün qadınlar özlərini ədəbiyyat sahəsində göstərməyə başladılar.”

O, Həmidə Rəiszadə (Səhər), Nigar Xiyavi, Rüqəyyə Kəbiri, İpək, Susən Nəvadə Rəzi, Pərisa İslamvənd, Rüqəyyə Səfəri və Solmaz Məhəmmədrzayi kimi tanınmış qadın şairlər və yazarların adlarını çəkərək güneydə ədəbiyyat sahəsində çalışan qadınları kişilərlə eyni səviyyədə gördüyünü söyləyir.

“Güney Azərbaycanda qadın şairlər ya yazarları mən kişilərlə eyni səviyyədə görürəm… Kəmiyyət baxımından geri deyillər. Keyfiyyət baxımından da çox fərqli və dəyişik əsərlər görürük. Burada qadın yazarlar, xüsusilə gənclərin əsərlərini incələdiyimizdə fikir və məzmun açısından modernləşmə yolunda çaba göstərdiklərini, klassik formalardan qopduqlarını görürük… Bəzi qadın yazarlarımız da feminizm ilə bağlı qələm çalırlar… Amma mən baxanda bəzi əsərlərdə durğunluq da görürəm. Məncə xüsusilə qadınlarda bundan artıq irəliləməyə imkan vardır.”

Məlihə Əzizpur qadınların yaradıcılığında gözə çarpan qadın ruhu və qadın hissiyatından söz edir.

“Kişilərin yazıb yaratdığı kimi qadınlar da yazıb yaradır. Bir fərq görmürəm ancaq bəzən mövzu olaraq ya yazıların dərinliyinə getdiyimizdə bir fərqlilik görürük. Yəni qadın ruhu və qadın hissiyatını o yazılarda görmək mümkündür,” deyə Təbrizli şairə qeyd edir.

Məlihə Əzizpur Yağmur, Dəmir Sevgi, Ağ Gecə, 14 Qələm Bəzənmiş Ay, Su pıçıltısı və Mənə Bir Küçə Bağışla kimi Təbriz və Bakıda çap olmuş türkcə şeir kitablarının müəllifidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir