KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
304 0

İsrailin daxili kəşfiyyat orqanı Şin Bet bu ölkənin keçmiş enerji və infrastruktur naziri Qonen Seqevi həbs edib. İsrail mətbuatının iddiasına görə, Seqev may ayında həbs olunub və o, İranın xeyrinə casusluq etməkdə ittiham olunur. Rəsmi qurumlar Seqevi “İsrail dövlətinə qarşı casusluq və müharibə zamanı düşmənə yardım etməkdə” ittiham edir.

Rəsmi məlumatda o da qeyd olunur ki, Qüds əyaləti prokurorluğu cümə günü Seqevə qarşı rəsmi ittiham irəli sürüb. Artıq Mətbuatda keçmiş nazirin ittiham olunduğu maddələrlə bağlı bəzi məlumatlar yer alıb.

1956-cı ildə İsraildə anadan olan Seqev Ben Qurion adına Universitetdə tibb təhsili alıb, pediatrdı. 1992-95-ci illərdə İsrailin enerji və infrastruktur naziri postunu tutub, Knesset (parlament) üzvü olub.

2005-ci ildə Seqev Hollandiyadan İsrailə 30 min narkotik həbi (ekstazi) gətirməkdə ittiham olunaraq 5 il həbs cəzası alıb. 2007-ci ilə qədər həbs olub və daha sonra azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra İsraildən kənarda, fərqli ölkələrdə yaşayan keçmiş nazirin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunub.

Mətbuatda gedən fərqli məlumatlara görə Seqev 1995-96-cı illərdə və 2012-ci ildən sonra İran kəşfiyyatı ilə əməkdaşlıq edib. Seqevin İsrailin enerji təhlükəsizliyi və bazarı bəzi həssas məlumatları İran kəşfiyyatına ötürdüyü iddia olunur. Şin Betin yaydığı rəsmi açıqlamada Seqevin dünyanın fərqli ölkələrində İran kəşfiyyat agentləri ilə görüşdüyü, o cümlədən iki dəfə İrana səfər etdiyi iddia olunur.

2007-ci ildən Afrikanın bir sıra ölkələrində yaşayan eks-nazirin Nigeriyada yaşadığı illərdə İran kəşfiyyatı ilə əməkdaşlığa başladığı güman edilir. O da məlum olub ki, İsrail hökumətinin tələbi əsasında bu ilin mayında Nigeriyadan Ekvatorial Qvineyaya səyahət edərkən bu ölkədə həbs olunaraq deportasiya olunub və İsrailə gətirildikdən dərhal sonra həbs olunub.

Hələlik, İrandan hər hansı açıqlama yoxdur, ehtimal ki, olmayacaq. Məsələ ondadır ki, İran və İsrail arasında casus müharibələri illərdir davam edir. İsrail güclü kəşfiyyat orqanları planetin bütün nöqtələrində İrana təsir etmək üçün yollar axtarır, eyni zamanda yəhudi dövləti və İsrailə bağlı olan yəhudi quruluşlarını qorumağa çalışır. Təsadüfi deyil ki, son 10 ildə İranda çoxlu sayda fizik və nüvə alimləri məhz İsrail kəşfiyyatının sui-qəsdləri nəticəsində öldürülüb. Hətta İranın nüvə mərkəzlərinə kiber hücumlar həyata keçirib.

Belə görünür ki, İran da boş oturmayıb. İran kəşfiyyatı dünyanın ən zəngin, ən güclü kəşfiyyat orqanına sahib olan ölkədə sabiq dövlət rəsmilərini ələ ala bilib. Seqevin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi regionun özü maraq doğurur. Məsələ ondadır ki, Afrika uzun illərdir ki, İsrail və İran, daha doğrusu Livan Hizbullahının mübarizə meydanıdır. Afrikadakı zəngin mədən yataqları İsraili hər zaman cəlb edib. Mərkəzi və Cənubi Afrikanın zəngin mədən ölkələrində İsrail şirkətləri (onların bir çoxu Mossada bağlıdır – K.R.) fəaliyyət göstərir. Eyni zamanda bu ölkələrdə yəhudilərin əsas rəqibləri qədim Finikiyanın varisləri – livanlılardır. Afrikadakı livanlılar arasında həm də güclü Hizbullah kəşfiyyat şəbəkəsi var. İran kəşfiyyatı məhz livanlı hizbullahçılar vasitəsilə fəaliyyət göstərir. Seqevin Nigeriyada ələ alınmasında da ehtimalın məhz bu amil rol oynayıb.

Ancaq istənilən halda bu hadisə İsrailin dövlət və xüsusən də kəşfiyyat güclərinin imici üçün ciddi zərbədir. Yeri gəlmişkən, bir neçə ay əvvəl Təl-Əvivin mərkəzindən İran dini liderinin mesajını paylaşan foto yayılmışdı. Görünür, bu hadisələr İsrail dövlətini hərəkətə gətirib, içəridəki “sızmalara” qarşı fəaliyyətə başlayıb. Bu həm də qarşıdakı dövrdə İran-İsrail casus müharibələrinin daha da alovlanacağını göstərir.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir