Dərin” Devlət Bəy – Türkiyənin xilası üçün atılan böyük addımlar

Kimyasal saldırı görüntülerinde yer alan Suriyeli çocuk: Yiyecek için çekime katıldım

Dünya ticaretinin seyri değişti!

Azerbaycan Başsavcılığı, Rus gazetesini provokasyon haber için Rusya Başsavcılığı’na şikayet etti

İranın “Türk açılımı”nın səbəbi

İran 3 Kasım 2016
689

İslam Respublikası xarici təhdidlərə qarşı ölkə daxilində problemli mövzuları həll etməyə çalışır
İran parlamentində (İslami Şura Məclisi) “Türk fraksiyası”nın yaradılması son günlərin ən önəmli hadisələrindən biri oldu. Baxmayaraq ki, mediada bu mövzuya geniş yer verilmədi. Bununla bağlı xəbərdə deyilir ki, 100-ə yaxın (daha əvvəl 60 olduğu bildirilirdi – K.R.) türk əsilli millət vəkili fraksiyada birləşib.

Qeyd edək ki, İranda 31 seçki vilayətinin 19-dan türk əsilli millət vəkilləri seçilib. İran parlamentində Azərbaycan əraziləri ilə yanaşı, digər bölgələrdən, o cümlədən İsfahan, Tehran kimi şəhərlərdən də türk əsilli deputatlar var. 290 yerlik İran parlamentində 100 nəfərlik deputat fraksiyası 35 faizlik səs deməkdir və bu da o deməkdir ki, fraksiya parlamentin işində ciddi təsirə malik ola bilər.

Yeri gəlmişkən, yayılan məlumatlarda fraksiya üzvü deputatlardan 25-nin Mərkəzi Şura üzvü olduğu qeyd olunur. Yeni fraksiyanın sədri Təbrizdən olan millət vəkili Məsud Pezeşkian seçilib. Urmiyadan olan millət vəkili Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr müavinləri seçiliblər. Bu barədə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib. Fraksiya İranda türklərin yaşadığı bölgələrin problemlərinin həllinə dəstək vermək məqsədilə yaradılıb.

Fraksiyanın üzvlərinin böyük çoxluğu Təbriz, Tehran, Qum, Urmiya, Meşkinşəhr, Ərdəbil kimi bölgələrdən seçilən millət vəkilləri olub. Qeyd edək ki, İranda ali qanunverici orqanda türk adı ilə deputat fraksiyasının yaradılması bu ölkənin son 100 illik tarixində çox mühüm hadisədir. Məsələ ondadır ki, 1925-ci ildə Qacar səltənətini devirən Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəldikdən sonra İranda türklər sıxışdırılıb. 1979-cu il İran İslam İnqilabından sonra ölkədə bütün etnik qrupların haqları konstitusiya ilə tanınsa da xüsusən də Azərbaycan türklərinin ana dilində məktəblərinin olmaması, bir sıra milli-mədəni haqlarının verilməsi ilə bağlı problemləri vardı. Hətta son illərə qədər rəsmi mediada türklər haqda “azərilər” deyilirdi. İndi isə vəziyyət dəyişib və İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması təbii ki, türklərin problemlərinin həllinə də ciddi təsir edəcək. Bu mənada türk millət vəkillərinin fraksiya yaratması təqdir olunan, həm sosial-siyasi, milli haqlar baxımından əhəmiyyətinə görə əvəzsizdir.

Maraqlıdır ki, yeni yaradılan türk fraksiyasında təmsil olunan deputatlar hakimiyyətə yaxın şəxslərdir. Fraksiyanın sədri Məsud Pezeşkian “islahatçı”lara yaxın şəxs olsa da, qrupda çoxlu sayda “mühafizəkar” qrupdan olan deputat da var. Bu isə onu göstərir ki, yeni fraksiya hansısa siyasi qrupun layihəsi deyil, daha çox milli və sosial məsələlər ətrafında birləşən insanlardır. O zaman sual yaranır: İran dövlətinin türk adı ilə siyasi təşkilat yaradılmasına yaşıl işıq yandırmasının səbəbi nədir?

Belə görünür ki, İran hakimiyyəti bölgədə dəyişən şərtləri və təhdidləri nəzərə alaraq bir sıra mühüm addımlar atıb. Onlardan biri də türk əsilli siyasətçilərin fəallaşdırılması və onların vasitəsilə türkdilli xalqların etnik və sosial məsələlərini həll etmək olub. Məsələ burasındadır ki, Tehran hazırda bir sıra ölkələrlə ciddi rəqabət, hətta müharibə vəziyyətindədir. İranın xüsusən də son 5 ildə Yaxın Şərqdə aktiv oyunçu kimi çıxış etməsi onun rəqiblərinin həm sayına, həm də fəallığına artan istiqamətdə təsir edib. Ənənəvi ABŞ, İsrail kimi düşmənlərlə yanaşı, hazırda Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn, Qətər, Misir, Türkiyə kimi dövlətlərlə faktiki olaraq İran arasında açıq və ya gizli savaş gedir. İran ordu zabitləri Suriyada və İraqda faktiki olaraq ərəb ölkələrinin dəstəklədiyi silahlı qruplarla savaşır. Bundan başqa, Yəmən olayları, eləcə də Məkkədəki faciə, Şeyx Baqir Nimrin qətlə yetirilməsi ərəb ölkələri ilə İran arasında düşmənçiliyi daha da dərinləşdirib.

Səudiyyə Ərəbistanı hakimiyyəti İranın bu ölkə daxilində 20 faizə qədər şiə üzərində təsirə malik olmasını, eləcə də İranın dəstəklədiyi Husi hərəkatının Yəməndə hakimiyyətə gəlməsini özünə qarşı təhdid olaraq görür. Məhz buna qarşılıq Riyad son illərdə İranın daxilində təxribatlar törətməyə çalışır. Əvvəl bu təxribatlar daha çox Cənub-Şərq vilayətlərində, əsasən sünnilərin yaşadığı bölgələrdə törədilirdi. Pakistan sərhədindən İrana keçən silahlılar terror və təxribat törədir, eyni zamanda məzhəbi gərginlik yaratmağa çalışırdılar.

Ancaq eyni zamanda səudlar İranda ən böyük etnik qrup olan Azərbaycan türklərini və ümumilikdə etnik qruplar vasitəsilə İranda etnik çalxalanma yaratmağa çalışırlar. Yeri gəlmişkən, Corc Buşun prezidentliyi dövründə ABŞ hökuməti hər il rəsmi olaraq büdcədən İrandakı etnik qruplara dəstək məqsədilə milyonlarla dollar vəsait ayırırdı. Görünür ki, indi bu projeni həm də Səudiyyə Ərəbistanı aparmağa çalışır. Yeri gəlmişkən, bu ilin sentyabrında Güney Azərbaycan İstiqlal Partiyasının Avropada mühacirətdə fəaliyyət göstərən bir qrup nümayəndəsi Səudiyyə Ərəbistanına səfər edib və burda yüksək səviyyəli görüşlər keçiriblər. Hətta azərbaycanlı qonaqları Kral Salman da qəbul edib. Görüşlərdə iştirak edən Saleh İldırım “Amerikanın Səsi”nə müsahibəsində səfər zamanı deyib ki, türk, ərəb, kürd, bəluç və türkmən qruplarından təmsilçilərin Səudiyyə Ərəbistanına dəvət edilməsi neft zəngini bu ölkənin İrana “baxışının dəyişdiyini” və ölkənin “qeyri-fars millətlərini” tanımaq istədiyini göstərir.

Ötən ay isə Səudiyyə Ərəbistanının sabiq təhlükəsizlik generalı və hazırda Səudiyyə Ərəbistanının Strateji Tədqiqatlar Müəssisəsinin rəhbəri Ənvər Eşqi deyib ki, İranda Azərbaycanın, Kürdüstanın, Xuzistanın, Bəlucistanın və Türkmənistanın istiqlaliyyəti yönündə hərəkatlar ərəblərin İran təhlükəsindən qorunmasına şərait yaradar.
Bundan başqa, Yaxın Şərqdə müharibənin sərhədlərinin genişlənməsi, terror və etnik münaqişənin yayılması, bir sonrakı hədəfin Türkiyə və ardınca İran olacağı haqda iddiaları təsdiqləyir. İranda da yaxşı bilirlər ki, İŞİD vasitəsilə olmasa da, bir sonrakı mərhələdə Türkiyə və İranda etnik, məzhəbçi toqquşmalar baş verəcək. Bunun qarşısını almaq üçün yeganə yol isə əvvəlcədən lazımi addımları atmaqdır. Görünür ki, hazırda İran hakimiyyəti bu yöndə addımlar atır. Bunlardan biri də parlamentdəki türk fraksiyasıdır. Yeri gəlmişkən, bir neçə ay əvvəl (avqustda) Təbriz Universitetində türk dili və ədəbiyyatı bölümünün yaradılması xəbəri yayıldı. Artıq ilk qəbul da var. Belə görünür ki, hökumət türk əhalinin milli-mədəni hüquqları ilə bağlı bir sıra ciddi addımlar atacaq.

Kənan Rövşənoğlu

Yorumlar