KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranın Londondakı səfirliyinə hücumun arxasındakı böyük sirr

İranın Londondakı səfirliyinə hücumun arxasındakı böyük sirr

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
388 0


“Şirazilər” nədən və kimdən narazıdır; şiəlik içərisindəki fikir ayrılığı niyə İngiltərədə “partladı”

Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz qalıb. Əllərində dəyənəklər və bayraqlar olan 4 nəfər səfirlik binasına daxil olaraq İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar. Artıq səfirliyə hücum edən 4 nəfər saxlanılıb.

Məlum olub ki, səfirliyə hücum edənlər “britaniyalı şiələr” və ya “Şirazi cərəyanı”nın üzvləri olub. BBC isə səfirliyə hücum edənlərin Ayətullah Məhəmməd Şirazinin tərəfdarları olduğunu yazıb. Qumda yaşayan Ayətullah Seyid Sadiq Şirazinin Londondakı ofisinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Qasim Fəhd bildirib ki, həmin şəxslər Sadiq Şirazinin tərəfdarları olsalar da, bu işi müstəqil həyata keçiriblər və onların nümayəndəliklə heç bir əlaqələri yoxdur.
Səfirliyə hücumun səbəbi isə Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi olub. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılır. Məlum olub ki, Hüseyn Şirazi 3 ay əvvəl Qum şəhərində etdiyi çıxışında İranın hazırkı siyasi sistemini və onun başında dayanan şəxsi, yəni Ayətullah Seyid Əli Xameneyini sərt tənqid edib, hazırkı İran hakimiyyətini Misir fironlarına bənzədib. Firon isə dini ədəbiyyatda tağut, yəni zülmkar, qəddar istibdad rejimini simvolizə edir.
Gələn məlumatlara görə, Hüseyn Şirazinin bu çıxışı dövlət orqanlarına məlum olduqdan sonra onu ruhanilər üçün nəzərdə tutulmuş məhkəməyə ifadə vermək üçün çağırıblar, ancaq o, gəlməkdən imtina edib. Bir neçə gün əvvəl isə hökumət orqanları oğul Şirazini həbs ediblər.

Hər şey bundan sonra başlayıb. Əvvəlcə media və sosial şəbəkələrdə həbsə etirazlar başlayıb. Ardınca isə Londonda İran səfirliyinə hücum baş verib. Artıq Böyük Britaniyanın İrandakı səfiri Londonda baş verənlərə görə rəsmi Tehrandan üzr istəyib.

Qeyd edək ki, Şirazi tərəfdarlarının Londonu seçməsinin də bir neçə özəl səbəbi var. Birincisi, Ayətullah Şirazinin Britaniya paytaxtında tərəfdarları çoxdur. Bəlli olduğu kimi Britaniyada keçmiş müstəmləkələrdən olan çoxlu sayda müsəlman ailələri yaşayır. Xüsusən də İraq, Pakistan, Hindistan, Küveyt, Bəhreyn kimi keçmiş Britaniya müstəmləkələrindən çoxlu sayda şiə ailələri İngilətərədə məskən salıb. Onların arasında İranın hazırkı dini hakimiyyəti ilə müxalif olan şiə qrupları, o cümlədən Ayətullah Şirazi tərəfdarları var. Artıq uzun illərdir ki, küveytli din xadimi, radikal fikirlərə sahib Yasir əl-Həbib Londondan yayınlanan “Fadak” TV kanalı vasitəsilə çıxışlar edir. Daha qatı, radikal görüşlü olan bu qruplar İslamın ilk illərində baş verənlərlə bağlı, xüsusən də səhabələr haqda sərt fikirlərə sahibdirlər. Lakin eyni zamanda daha çox hazırkı İran hakimiyyətinin əsasını təşkil edən vilayəti-fəqih sisteminə qarşıdırlar və bir mənada şiəlik daxilində müxalif cəbhəni təşkil edirlər.Qeyd edək ki, şiə elmi-dini camiəsində xeyli məşhur olan “Şirazilər” İraqda və İranda (Qumda) yaşayıb fəaliyyət göstəriblər. Ailənin əsas siması Ayətullah Şirazi ötən əsrin 70-ci illərində İraqda Səddamın təzyiqlərindən qaçaraq bir müddət Livanda yaşayıb, daha sonra Suriyaya köçüb və prezident Hafiz Əsədlə dostluq əlaqələri qurub. Məhz onun sayəsində Suriyada ilk şiə mədrəsəsi yaranıb. Ancaq “Şirazilər” İran İslam inqilabını dəstəkləməyiblər və vilayəti-fəqih nəzəriyyəsinə (fəqihin ali hakimiyyəti, yaxud dini iqtidar nəzəriyyəsi – K.R.) müxalif olublar. Bu müxaliflik ilk vaxtlarda daha çox nəzəri fikir ayrılığı şəklində olub, siyasi qarşıdurma olmayıb. Fikir ayrılığı sonradan daha da dərinləşib və düşmənçiliyə çevrilib. Hazırda Şirazi ailəsinin İranda ofisləri olsa da, əsasən İraqda, Küveyt, Bəhreyn və digər ərəb ölkələrində daha geniş yayılıb və şəbəkə formalaşdıra biliblər.

Son olaraq baş verən hadisənin səbəbi olan məlum çıxışda Hüseyn Şirazi Vəliyyi-Fəqihi, yəni Ayətullah Seyid Əli Xameneyini və hazırkı hakimiyyəti firona bənzədib. Eyni zamanda hazırkı İran hakimiyyətinin “müqəddəs müdafiə” adlandırdığı İran-İraq savaşını “mənasız iş” adlandırıb. Bu isə təbii ki, rəsmi Tehranın xoşuna gəlməyib və “Şrazilər”ə olan dözüm limitini tükədib.
Ancaq ən maraqlı detal hadisənin məhz Londonda baş verməsidir. Yeri gəlmişkən, Şirazi tərəfdarları Bağdadda da İran səfriliyi qarşısında etiraz aksiyaları keçiriblər. Ancaq nə Bağdadda, nə də “Şirazilər”in güclü olduğu digər ölkələrdə deyil, məhz Londonda səfirliyi ələ keçirə biliblər.

Məsələ ondadır ki, 7 il əvvəl Britaniyanın Tehrandakı səfirliyi hücuma məruz qalmışdı. Tehrandakı ingilis səfirliyinin qarşısına toplaşan 400-dək tələbə səfirlik binasına hücum edərək, içəriyə daxil olmuşdu. Səfirlik binasındakı Britaniya bayrağını endirən aksiyaçılar kraliça Yelezavetanın fotolarını yandırmışdı. Daha sonra binanı alt-üst edən aksiyaçılar 6 səfirlik işçisini girov götürsə də, sonradan İran polisi gözyaşardıcı qazla müdaxilə edərək girovları azad edib və səfirliyi aksiyaçılardan təmizləyib.

Bu hadisə Britaniya və İran arasında ciddi qalmaqala çevrildi və Tehrandakı İngiltərə səfirliyi yalnız 4 ildən sonra – 2015-ci ildə yenidən fəaliyyətini bərpa edə bildi. Bu hadisə İran-Avropa əlaqələrinə ciddi zərbə olmuşdu. Britaniya səfirilyinə hücumdan 32 il əvvəl 1979-cu ildə Tehranda ABŞ səfirliyi də ələ keçirilmiş və səfirlikdəki işçilər bir il üç ay girovluqda qaldıqdan sonra azad edilmişdi. Bu hadisə İranla Amerikanın əlaqələrinin tamamilə qopmasına səbəb olmuşdu.
Ancaq belə görünür, amerikalılardan fərqli olaraq Britaniya hakimiyyəti İrandan yüngülvari də olsa qisas alıb. İranın Londondakı səfirliyi təxminən eyni metodlarla və özü də şiə islamçılar tərəfindən ələ keçirildi, bayraq endirildi. Əlbəttə, bunu tamamilə texniki məsələ və ingilis polisinin ləngliyi ilə də izah etmək olar. Amma London dünyanın siyasi paytaxtıdır, oradakı səfirliklər qarşısında ilk dəfədir aksiya keçirilmir. Üstəlik, Britaniya kəşfiyyatının bu aksiyadan əvvəlcədən xəbərdar olmaması inandırıcı deyil. Yəni nəticə etibarı ilə ingilis rəsmiləri bir balaca ləng tərpənməklə İrana gözdağı vermək istəyiblər.

Ancaq görünən odur ki, şiəlik daxilində fikir ayrılığı artıq getdikcə daha da kəskinləşir. Yaxın Şərqdəki müharibələr bu fikir ayrılıqlarını arxa plana keçirsə də, indi o daha qabarıq hiss olunmağa başlayır. Çünki İrandakı mövcud dini-siyasi hakimiyyəti zəiflətmək üçün ən güclü vasitələrdən biri də məhz məzhəb daxilindəki bu fikir ayrlıqlarının kəskinləşməsi ola bilər.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir