KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranda “daxildə satqın” axtarışı başladı – ilginc gəlişmələr

İranda “daxildə satqın” axtarışı başladı – ilginc gəlişmələr

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
279 0

Ruhani komandası çətin sınaq qarşısında; dini lider orduya “iqtisadiyyatdan çəkilin” əmri verdi

İran prezidenti Həsən Ruhani ölkədəki vəziyyətlə bağlı suallara cavab verib, bir sıra aktual mövzulara münasibət bildirib. “Tasnimnews” agentliyinin məlumatına görə, ölkənin valyuta ehtiyatlarının azalması ilə bağlı iddiaları təkzib edən Ruhani İranın ötən il neft və neft məhsullarının ixracatından 90 milyard dollar gəlir əldə etdiyini bildirib. Ancaq bildirib ki, hələ də embarqoların mənfi təsirləri səbəbindən dünya bankları ilə əlaqələrdə problemlər qalır.

İran prezidenti deyib ki, seçki kampaniyası zamanı vətəndaşlara verdiyi vədlər sırasında təhlükəsizlik, sülh, azadlıq və inkişaf kimi məsələlər olub. O, verdiyi vədlərin arxasında olduğunu, ölkədə əmin-amanlığın pozulmasını istəmədiklərini, ancaq eyni zamanda xalqın konstitusiyaya uyğun etirazları ilə bağlı hər hansı narahatlığın olmadığını deyib. Lakin əlavə edib ki, xalqı daha çox təhlükəsizlik məsələləri narahat edir. Həsən Ruhani işsizliyin aradan qaldırılması, yoxsulluğun ləğvi istiqamətində fəaliyyətlərinin davam etdiyini bildirib.

***

Hazırda İranın daxili siyasətində vəziyyət elə də sakit deyil. Aksiyalar başa çatsa da, doğurduğu təsirlər hələ də müzakirə olunur və belə görünür, siyasi proseslərə ciddi təsirləri olacaq. Son günlər baş verən iki əsas hadisə etirazların nəticələrinin hələ də dövlətin alt qatında ciddi müzakirə edildiyini sübut edir. Bunlardan biri bir neçə gün əvvəl ölkənin ən ali dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasını Məsləhət Şurasında keçirilən toplantıdır. Maraqlıdır ki, toplantı ilə bağlı şəkillər yayılsa da, geniş məlumat yoxdur. Bu toplantını maraqlı edənsə bu ayın əvvəli Almaniyada müalicəsini yarımçıq qoyub qayıdan Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin iştirak etməsi və onunla birlikdə son İran aksiyalarının qızışdırılmasında ittiham olunan eks-prezident Mahmud Əhmədinejad və Məşhəd şəhərində yerləşən İmam Rza (ə) Hərəminin müdiri, prezidentliyə keçmiş namizəd Seyid İbrahim Rəisinin iştirak etməsi olub. İran mediası bu görüş barədə yazılar yazmağa həvəs göstərməyib, ancaq hər kəsə aydındır ki, adıçəkilən iki şəxsin adı Məşhəddən başlayan etirazların qızışdırılmasında hallanıb. Ehtimal ki, Şura bu şəxslərə hansısa xəbərdarlıq edib və ya ifadələrini alıb.

İran etirazlarının daha bir təsiri isə bir neçə gün əvvəl ordunun iqtisadi sahədən çəkiləcəyi ilə bağlı xəbərin yayılmasıdır. Doğrudur, bu mövzuda da İran mediası yazmağa xəsislik edir. Müdafiə naziri general Hatəmi bildirib ki, ali dini liderin göstərişə əsasən silahlı qüvvələr (burada söhbət daha çox əsasən muxtar qurum olan SEPAH-dan gedir – K.R.) iqtisadi, istehsal fəaliyyətlərindən imtina edir. ISNA Agentliyinin xəbərində qeyd olunur ki, bu ilin sonuna qədər orduya bağlı şirkətlər özəlləşdiriləcək və silahlı qüvvələr istehsal firmalarından imtina edəcək. Nazir deyib ki, silahlı qüvvələr ən tez müddətdə sərmayə bazarını tərk edəcək. Nazir bəzi şirkətlərin adlarını da qeyd edib.

Hər iki hadisə İran siyasətində ciddi hadisələrin baş verdiyinin sübutudur. Birincisi, rəsmilər göstərir ki, hakimiyyət son etirazlarda daxildəki “satqınların” axtarışındadır və hadisələrin qızışmasında əli olanlar cəzalandırılacaq. İkinci hadisə isə əslində İranın hazırkı sistemi daxilində inqilabi prosesdir. Hərçənd ki, hələlik bu prosesin necə gedəcəyi məlum deyil.

Məsələ ondadır ki, Yaxın Şərqin bir çox dərin milli dövlətləri kimi İranda da ordu uzun illər “dövlət içində dövlət” kimi fəaliyyət göstərib. Oxşar sistem Misirdə, Türkiyədə də fəaliyyət göstərib. Bu ölkələrdə ordu daxilində muxtariyyətə sahib olub, özünün nəzarət etdiyi iqtisadi sahələr, istehsalat müəssisələri, xidmət və digər gəlir sahələri olub. Bu həm də ordunun daşıdığı missiya ilə əlaqələndirilib. İranda da SEPAH (İnqilab Keşikçiləri Korpusu – K.R.) şəxsində ordu nisbətən muxtar olub, birbaşa dini liderə tabe olan bu qüvvələrin özünün istehsal və sənaye müəssisələri, maliyyə gücü olub. Məsələn, adı gizli neft ticarətində hallanan Babək Zəncaninin də ordu iqtisadiyyatı ilə əlaqəli olduğu və məhz bu səbəbdən Ruhani hökuməti zamanı ifşa edilərək məsuliyyətə cəlb olunduğu bildirilirdi. Bu səbəbdən də hazırkı “islahatçı” hökumət zamanı ordunun iqtisadi bağları ciddi şəkildə tənqid olunub, ölkə iqtisadiyyatının inkişafdan geri qalması, azad iqtisadiyyatın olmamasında bu amil qabardılıb.

Ancaq indi gözlənilmədən SEPAH üzərində hüquqi və mənəvi rəhbərliyə malik olan ali dini lider göstəriş verərək ordunun iqtisadi sektordan çəkilməsini əmr edib. Doğrudur, bu əmrin icrasının nə qədər vaxt tələb edəcəyi ayrı mövzudur. Üstəlik, iqtisadi sektorda kök atmış ordunun burdan tamamilə uzaqlaşması da ciddi sual doğurur. Ancaq fakt odur ən üst məqamdan bu barədə əmr gəlib və müdafiə naziri bunu rəsmən elan edib. Deməli, istənilən halda ordu çəkiləcək.

Maraqlıdır ki, bu xəbərin yayılması qarşı cinahda ciddi məyusluq yaradıb. Çünki “islahat” komandasının əsas arqumentlərindən biri vurulub. Həm də bu qərar ordunun mövqeyini gücləndirir. Daha bir ittihamdan xilas edir. Çünki SEPAH İran siyasətində güclü təsir mərkəzlərindən biridir, dini hakimiyyətin əsas dayağı hesab olunur.

Son hadisələr göstərir ki, İran daxilində siyasi mübarizə daha da güclənəcək. Son aksiyalar zamanı mühafizəkar camiədən bir neçə şəxsə ciddi zərbə dəysə də, görünür ki, növbəti seçkilərdə “islahat” camiəsi ciddi səs itirəcək. Bu proseslərdə müşahidə olunan daha bir maraqlı məqam dini liderin siyasi proseslərə qatılmaması, hər iki camiəyə eyni məsafədə dayanması oldu. Bu da siyasi mübarizədə hər iki cinah üçün qələbə ümidlərini ölməyə qoymur.

Kənan RÖVŞƏNOĞLU,
Yeni Müsavat

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir