Sadr Ailesi: İran ile ilişkileri ve Irak siyasetindeki yeri

Irak seçimlerinin ardından

Petrol Fiyatlarının Yükselmesi Üzerine

Rusya’nın Gerçekten Nükleer Füzesi var mı ?

İran-ABŞ toqquşması qaçılmazdır

İran 9 Şubat 2017
427

Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-la İran arasında siyasi qarşıdurma dərinləşir. Vaşinqtonun İrana qarşı yeni sanksiyaları qəbul etməsindən sonra Tehran nüvə proqramını bərpa edəcəyinə dair addım atıb. İran nüvə bağlığı daşıya biləcək raketi sınaqdan çıxarıb. Xatırladaq ki, yanvar ayında İran rəsmiləri ABŞ-ın nüvə proqramının dayandırılması ilə bağlı Vyana sazişinin şərtlərini pozacağı halda həmin müqavilənin mətnini yandıracaqlarını bəyan etmişdilər. Bu günlərdə isə ABŞ prezidenti İranı ”bir nömrəli terrorçu” adlandırıb. Donald Trampın bu açıqlaması tərəflər arasında nüvə proqramına dair sazişin pozulması ehtimalını gündəmə gətirib. Yaranmış vəziyyəti təhlil etmək üçün suallarımızı Güney Azərbaycanlı politoloq Arif Kəskinə ünvünladıq.

“Trampın siyasəti yanlış nəticələr doğura bilər”

– Arif bəy, Prezident Donald Tramp İranı bir nömrəli terrorçu dövlət adlandırıb və bəyan edib ki, İran silahlanmaya külli miqdarda pul xərcləyir. İran isə Vyana sazişinin pozulacağı halda nüvə proqramını bərpa edəcəyini bildirir. Sizcə, İranın nüvə proqramını yenidən başlatması nə qədər realdır və hansı nəticələrə gətirib çıxara bilər?
– İran-Amerika münasibətləri nəticəsi məlum olmayan bir yola daxil olub. Çünki Tramp əslində uzaqgörən bir siyasətçi deyil. Yəni Tramp düşüncəsinə, xarakterinə, davranışına görə, Obamadan, Buşdan və digər ABŞ prezidentlərindən çox fərqlənir. Yəni Corc Buş da, Barak Obama da idarəçilikdə təcrübəsiz olsalar da, dövlət ənənəçiliyni mənimsədilər və qoruyub saxladılar. Amma Tramp hakimiyyət başına gəldiyi gündən dövlət ənənəsinə hörmət etmədiyni göstərdi. O, özünəməxsus işlər görmək istəyir. Donald Trampın diplomatiyaya zidd olan davranışları sübut edir ki, o belə siyasət yürütməkdə davam edərsə, yanlış nəticələr doğura bilər. Ona görə deyirəm ki, Trampın addımları nəticəsi bilinməyən yola girə bilər. İranın bütün dünyanı nüvə proqramını yenidən başlatmaqla təhdid edir. Hətta İran bu istiqamətdə keçmişdə bir sıra işlər görüb. Amma keçmişlə bu arasında xeyli fərq var. 2005-ci ildə Mahmud Əhmədinejad prezident olanda, Məhəmməd Xatəminin imzaladığı bütün razılaşmalardan imtina etdi və nüvə proqramını daha sürətlə davam etdirməyə başladı.

Əhmədinejad bütün dünyaya meydan oxuyurdu, İsrailin, ABŞ-ın əleyhinə çıxışlar edirdi. O zaman İranın bunu etmək üçün bəlkə uyğun imkanları var idi. Çünki həmin vaxt ABŞ Əfqanıstanda, İraqda çox şətin vəziyyətdə idi. 2005-ci ildə dünya bazarında neftin qiymətləri yüksək olduğundan İran xeyli gəlir əldə etmişdi. İran iqtisadiyyatı bu günki kimi deyildi. Hazırda İran iqtisadiyyatı çox dərin böhran və sarsıntı yaşayır. İranda daxili siyasi münasibətlər bu günki qədər gərgin və riskli nöqtədə deyildi. İranın o zamankı qonşuları ilə, ərəb dövlətləri ilə, Türkiyə ilə münasibətləri daha yaxşı idi. İndi isə Səudiyyə Ərəbistanı və ərəb dövlətləri İrana hərbi müdaxilənin tərəfdarıdır. İran-Türkiyə münasibətləri indi heç yaxşı deyil. Yəni İran 2005-ci ildə Əhmədinejadla başlatdığı yolu davam etdirsə, Amerika ilə bu və ya digər formada hərbi toqquşmanın baş verməsi qaçılmazdır. Tramp nə Obamadır, nə də Buşdur. O, göstərdi ki, dediyi sözlərin arxasında dayanır. İran da Əhmədinejadın gedə biləcəyi nöqtədə deyil. İran Trampa hələlik test edir, yoxlayır. Ancaq bu sınaq özü də təhlükəlidir. Yəni İran ABŞ-a bir tərəfdən, “Mən səndən qorxmuram”-mesajını göndərmək istəyir.

Demək istəyir ki, mən sənin üçün İraq, Əfqanıstan deyiləm. “Sən mənə zərər versən, mən də sənə zərər verəcəm”-mesajını vermək istəyir. Eyni zamanda, Amerikanı çox şantaj, təhrik edəcək işlərdən qaçmaq istəyəcəyini düşünürəm. Məsələn, ABŞ güləşçilərinin İrana getməsi üçün İran Xarici İşlər Nazirliyi onlara əvvəlcə viza verməkdən imtina etdi. Sonra isə gəlmələrinə razılıq verdi. Donald Trampın asıb-kəsdiyi bir zamanda, İran Amerika güləşçilərinə İrana daxil olamsına viza verdi. Bunun başqa bir əhəmiyyəti də var. Belə ki, nüvə proqramına dair razılaşmanın əldə olunmasında Avropanın, Çinin, Rusiyanın əməyi var. Avropalılar bu anlaşmanın arxasında dayanır. Avropa eyni zamanda, Trampı dəstəkləmir və onun İrana yönəlik açıqlamalarını düzgün hesab etmir. Ancaq İran nüvə proqramını bərpa edərsə, Avropa ilə Amerika arasındakı fikir ayrılığı ortadan qalxa bilər. Avropalıların ABŞ-la yaxınlaşması baş verə bilər. Bundan başqa, Trampın müsəlman miqrantlara və immiqrantlara qadağa qoymasına qarşı ən böyük etiraz Amerika xalqından gəldi. İran radikallaşdığı zaman Amerika xalqının da dəstəyini itirə bilər. Yəni ABŞ-da insanlar Trampın daha haqlı olduğunu və İranın cəzalandırılmalı olduğunun vacibliyini düşünə bilər. Bir tərəfdən, ortada Trampın sərt bəyanatları var, digər tərəfdən Yəməndən Türkiyəyə qədər qarşıdurmada olan, Yaxın Şərqdə müharibə aparan İran var. İranın Azərbaycan istisna olmaqla, qonşularının əksəriyyəti ilə münasibətləri yaxşı deyil. Bu mənada, İranın nüvə proqramını bərpa etmək cəhdləri təhdiddən başqa bir şey deyil və əks halda, ABŞ-la hərbi toqquşmaya gətirib çıxaracaq.

“İran Amerikanın maraqlarını təhdid edir”

– ABŞ-ın xarici siyasətində İranın hədəfə alınması Donald Trampın siyasi səriştəsizliyi ilə bağlıdır, yoxsa Respublikaçılar Partiyasının mühafizəkar siyasi kursundan irəli gəlir?
– Barak Obamanın İranla nüvə proqranının dayandırılmasına dair razılaşması ağıllı bir addım olsa da, səhvləri də oldu. Vyana müqaviləsi nüvə təhlükəsini aradan qaldırdı, amma İranın önünü açdı. İran Yaxın Şərqdə ən güclü dönəminə daxil oldu. Hətta ərəb dünyasında belə bir fikir yayıldı ki, Amerika İranı dəstəkləyir. Mən ərəblərlə danışdığım zaman onlar deyirlər ki, Amerikanın İraqa girməsi İranın xeyrinə oldu, Amerika Əfqanıstana müdaxilə etdi, İranın xeyrinə oldu. Bu qədər təsadüf olmaz ki? Burada bir mənqtiq var. Yəni 11 sentyabr hadisələrindən sonra İranın qarşısı açıldı. Hətta bu siyasət ABŞ-ın özündə də tənqidə məruz qaldı. Vaxtilə Obamanın komandasında yer alan Hillari Klinton da bu siyasətin tərəfdarı deyildi. Yəni ABŞ-da İranın gücləndiyini düşünən xeyli sayda insan var idi.

Trampın düşüncəsi Amerikanın öz daxilində İranın nüvə proqramı razılaşmasından faydalanaraq güclənməsini istəməyən qüvvələrin mövqeyini əks etdirir. Çünki İranın güclənməsindən narahat olan xeyli sayda insan var. İran İŞİD-dən də irəli gedərək Yəməndən İraqa qədər Amerikanın maraqlarını, onun ən yaxın müttəfiqi olan İsraili təhdid edir.

-Ötən həftə İran 3000 km hədəfi vura, 500 kiloqram nüvə bombasını daşıya biləcək uzaqmənzilli raketin sınağını keçirdi. Bu hadisə dünyada həyəcanla qarşılandı və nüvə proqramına qayıtması ehtimalını gündəmə gətirb. Sizcə, bu İranın nüvə proqramını bərpa etməsi yönündə bir addım hesab oluna bilərdmi, yoxsa sadəcə olaraq, güc nümayişi idi?
– İranın nüvə silahına sahib olması əslində İslam inqilabından da xeyli əvvələ gedir. Amma bu proqramdan imtina etməsi sadəcə olaraq, bir zərurətdən irəli gəlirdi. İran daxili və xarici siyasətindəki çətinliklər səbəbindən Vyana sazişinə imza atmağa məcbur oldu. Amma ürəyində bu arzu yenə qalır. İmkanı və şəraiti olarsa, İranın nüvə fəaliyyətinə geri dönəcəyi şübhə doğurmur. Bu isə müharibəni göz önünə almaqdır. Bu, İran üçün çox risklidir. İranın daxilində bunu istəyən radikal qruplar var. Onların siyasətinin əsasını radikallıq təşkil edir. İranın nüvə fəaliyyətini bərpa edəcəyini düşünmürəm. Bu, sadəcə olaraq, güc nümayişidir. Amma İranın nüvə proqramına sahib olsa da güclü silah istehsalı texnologiyası yaradıb və bu sahəyə külli miqdarda sərmayə yatırıb. İranın hərbi potensialı yalnız nüvə proqramı ilə yekunlaşmır. Nüvə proqramına dair razılaşma İranın raket istehsalı texnologiyasına ciddi məhdudiyyətlər gətirmir. Ola bilsin ki, Tramp İranın yalnız nüvə proqramının deyil, həm də silah sənayesinin və raket istehsalının nəzarətə alınmasını, məhdudlaşdırılmasını istəyir.

– İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqalaraı MAQATE-yə təhvil verib. Uranın yenidən zənginləşdirilməsi üçün illər lazım olduğunu nəzərər alsaq, İranın bu proqramın icrasını bərpa etməsi üçün potensialı qalıbmı?
– Əgər İranın potensialı olmasaydı, beynəlxalq ictimaiyyət onu nəzarətsiz buraxardı. Vyana sazişinin maddələrindən biri də İranın nüvə fəaliyyətinin anbaan nəzarətdə saxlanılması ilə bağlıdır. Çünki İrana bir etibarsızlıq var. İkincisi, İran nüvə texnologiyasının əvvəlki səviyyədə bərpa edib inkişaf etdirə bilər.

“Tramp dönəmi üçün ən uyğun şəxs Ruhanidir”

– Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra nüvə proqramına dair İranla Qərb arasında razılaşma əldə olunduğundan bu hadisə hazırkı islahatçı hakimiyyətin siyasi ən böyük uğuru hesab olunur. Prezident Ruhani nüvə proqramının yenidən bərpasına razı olarmı?
– Həsən Ruhani və onun komandası Qərbyönümlüdür və münasibətlərin yaxşı olmasının tərəfdarıdır. Ruhaninin rəhbərlik etdiyi hökumət Qərblə münasibətlərin gərgin olmasını istəmir. Fikrimcə, Tramp dönəmi üçün İranın siyasi sisteminin içində ən uyğun, münasib şəxs Həsən Ruhanidir. Məlum olduğu kimi, may ayının 19-da İranda prezident seçkiləridir. Əgər Həsən Ruhaninin yerinə Mahmud Əhmədinejad kimi radikal bir fiqur gətirərlərsə, bu, İranın çox ziyanına olacaq. Əslində İran üçün dünyaya daha yumşaq mesaj verən bir prezident daha faydalı olar.

Ruhaninin siyasi ənənəsi praqmatizmdir. Obama dünyanı İrana qarşı sanksiyalar məsələsində ortaq mövqeyə gətirə bildi və beləliklə, İranı danışıqlar masasına əyləşdirə bildilər. İndi radikal bir siyasətçinin hakimiyyət başına gəlməsi dünyanı yenidən İrana qarşı birləşdirə bilər. Bu baxımdan, Həsən Ruhani kimi bir prezidentin mövcud şərtlər daxilində hakimiyyət başında olması ölkənin xeyrinədir.

Müşfiq Abdulla

Cebhe.info

Yorumlar