Vizyon

İran’ın 17/25 Aralık’ı Mı Geliyor?

İbni-Xəldun: Ərəblər nədən vəhşidir?

Şirvanın və Azərbaycanın xilaskarı Osman Paşa

Türkiyəli politoloq: “NATO Türkiyənin müstəqil iradəsini qəbul edə bilmir”

İrəvanın Bakıya tuşladığı məxfi silah: Sarkisyanın əsl hədəfi nədir?

Azerbaycan, Ermenistan 1 Haziran 2017
163

Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan ötən həftə erməni ordusunun məxfi silaha malik olduğu haqda danışdı. Ayvazyan erməni jurnalistlərinin önündə bildirdi ki, “Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir, lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq”.

Olduqca iddialı görünən bu açıqlamanın arxasında hansı məqsədlərin dayandığı, yaxud həqiqətən də erməni ordusunun dünyanın barmaqla sayılacaq qədər az ölkəsində olan bu silaha sahib olması sualları cavabsız qalır.

Ayvazyan bu sözləri “Rusiyadan 2018-2019-cu illərdə yeni silah partiyaları alacağıq” açıqlamasından sonra vermişdi. Bu baxımdan, ermənilərin məxfi adlandırdığı silahı Moskvadan ala bilməsi ehtimalı yarandı. Lakin Rusiyanın özündə belə silahın olması şübhəlidir. Hətta rusiyalı hərbi ekspert Aleksandr Xramçik də Moskvanın zərbə endirən pilotsuz təyyarələrə sahib olmadığını deyir: “Ağlasığmazdır ki, Ermənistan zərbə vuran BPLA-nı Rusiyadan alsın. Çünki Rusiyanın özünün bu sferada problemləri var”. Xramçik əlavə edir ki, BPLA təyyarələri ABŞ, İsrail və Çində var.

Son illər sürətlə inkişaf edən Türkiyə hərbi sənayesi də xüsusi modeldə zərbə endirən pilotsuz təyyarələr istehsal edir. (zərbə vuran pilotsuz təyyarələrin müxtəlif növləri var. Misal üçün, Azərbaycanın İsraildən aldığı “Harop” pilotsuz təyyarəsi kamikadze hesab olunur. Ermənilərin iddia etdikləri BPLA təyyarəsi isə kamikadze təyyarələdən fərqli olaraq, özü-özünü məhv etmir, əksinə hədəfi taparaq vurur və geri qayıdır). Deməli, zərbə endirən pilotsuz təyyarələrin yalnız 4 ölkədə olduğu məlumdur: ABŞ, İsrail, Çin və Türkiyə.

Və burada sual ortaya çıxır: Ermənistan zərbə endirən pilotsuz təyyarələri bu ölkələrin hansından alıb?

Türkiyə: Məlumdur ki, Ankara ermənilərə nəinki zərbə endirən pilotsuz təyyarələr kimi müasir silahlar, ümumiyyətlə bir boş gilizi belə verməz. Türkiyə qardaş hesab etdiyi Azərbaycanın ərazi bütövlüyünə dəstək verən əsas ölkədir, artıq 20 ildən artıqdır ki, işğal faktına görə Ermənistanla sərhədi bağlayıb. Digər tərəfdən, ermənilərin Türkiyəyə qarşı qondarma soyqırımı ilə yanaşı, ərazi iddiaları var.

İsrail: Təl-Əviv Bakı ilə sıx münasibətlərə malikdir, hətta israillilər Azərbaycanı İslam dünyasında yeganə müttəfiq hesab edirlər. Bu gün Azərbaycan-İsrail münasibətlərində hərbi əməkdaşlıq xüsusi önəm daşıyır. İki ölkə arasında sonuncu dəfə 5 milyard dollarlıq silah müqaviləsi imzalanıb, İsrail faktiki olaraq regionun silah bazarında Rusiya ilə payları bölüşdürür. Ötən ilin aprel müharibəsində Azərbaycan İsraildən aldığı silahlarla Ermənistana ciddi zərbə vurdu. Bundan sonra İrəvan eyni silahları almaq üçün İsraillə danışıqlara cəhd etsə də, bu, baş tutmadı. Bu baxımdan, İsrail faktoru də aradan çıxır.

Çin: Pekin ümumilikdə səssiz diplomatiyanın tərəfdarıdır və Cənubi Qafqaz ölkələri ilə balansı şəkildə əməkdaşlığa üstünlük verir. Lakin bu əməkdaşlıq əsasən iqtisadi sferada investisiyaların yatırılması ilə aparılır. Cənubi Qafqazın silah bazarında Çinin heç bir iştirakı yoxdur. Deməli, Ermənistan iddia etdiyi məxfi silahı Çindən ala bilməz. Digər tərəfdən, Pekin Bakı ilə münasibətlərə daha çox önəm verir. Bu, “Yeni İpək Yolu” layihəsi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir.

ABŞ: Bu ölkədə erməni lobbisinin güclü olduğunu nəzərə alsaq, Vaşinqtonun Ermənistana hər hansı silah verməsi ehtimalı daha böyükdür. Bir müddət öncə “komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan iddia etmişdi ki, Amerika Ermənistana müasir hərbi avadanlıq verilib və bu avadanlıq təmas xəttinə yerləşdirildiyi üçün Azərbaycan Ordusunun bütün addımları izlənilir. Bu iddianın sübutları yox idi, lakin “komandos”un sözlərində həqiqət payının olub-olmaması müzakirəsi fonunda hesab etmək olar ki, ABŞ Ermənistana bu silahı verə bilər.
Amma burada diqqətçəkən bir məqam ABŞ-ın ermənilərə belə güclü silahı verməyəcəyi ehtimalını gücləndirir: Ermənistan Rusioyanın müttəfiqidir, daha dəqiq desək, Moskva Ermənistana hansı silahın daxil olub-olmayacağına nəzarət edəcək qədər bu ölkənin üzərində hakim mövqeyə malikdir. Yəni ABŞ bu silahı Ermənistana veribsə, deməli rusların bundan xəbəri var. Və burada sual yaranır: Amerika Rusiyanın müttəfiqinə belə bir silahı niyə versin? Xramçikin dediyi kimi, Rusiya bu sferada problemlər yaşayır. Əgər belə bir silah ermənilərdə varsa, deməli, ruslar dərhal bu hərbi texnikanın sirrini tapmaq və ona uyğun istehsal etmək gedişi edərlər. Bu baxımdan, ABŞ-ın da Ermənistana belə bir silah verməsi ehtimalı azdır, hətta mümkünsüzdür də deyə bilərik.

Ermənistan zərbə endirən pilotsuz təyyarələri heç bir ölkədən almayıbsa, deməli, məxfi silah iddiaları yalandır. Lakin bu yalanın dilə gətirilməsinin arxasındakı məqamlar da diqqət çəkir.

Və burada iki amil aydın şəkildə görünür: hərbi-siyasi ritorika; İrəvanda iqtidar müharibəsi.

Hərbi siyasi ritorika: Ermənistanın hərbi-siyasi rəhbərliyi bu yalanla erməni cəmiyyətində güclü görünmək istəyir. Ayvazyan məxfi silah iddiası Azərbaycan Ordusunun mayın 15-də Ermənistanın “OSA” zenit-raket kompleksini məhv etməsindən təxminən bir həftə sonra gündəmə gəldi. Ermənistan tərəfi texnikanın məhv edildiyini təsdiqləsə də, itki vermədiklərini açıqladı. Halbuki, hərbi texnika hərəkətdə olarkən vurulmuşdu və onun içindəki şəxsi heyət də məhv edilmişdi. Erməni jurnalist Tevos Arşakyan da İrəvanın şəxsi heyətin məhv edildiyi faktını gizlətdiyini yazdı. Ermənistan tərəfi zenit-raket kompleksinin məhv edilməsindən bir neçə gün sonra cəbhəyanı kəndlərdə mülki əhalini atəşə tutdu, ardınca da ordumuzun mövqeləri vurması haqda saxta video yaydı. Bu, erməni cəmiyyətində “cavab atəşi”nin nümayişi idi. Bu proseslərdən bir neçə gün sonra – mayın 23-də Ayvazyanın “məxfi silah” açıqlaması yayıldı. Daşları bir-bir yerinə qoyanda mənzərə tam görünür: İrəvan erməni cəmiyyətinə hesablanmış saxta video yaydı, daha sonra hədəfin məhz əllərindəki zərbə endirən pilotsuz təyyarə ilə vurulduğunu iddia etdi. Ümumilikdə belə gedişlər Ermənistan hakimiyyəti tərəfindən zaman-zaman istifadə olunur. Lakin hazırda konkret Serj Sarkisyanın mövqeyinin güclənməsindən söhbət gedir.

İrəvanda iqtidar müharibəsi: 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəcək Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edir. Erməni mediasının məlumatına görə, Sarkisyan Milli Təhlükəsizlik Şurasını gücləndirmək, şuranın baş katibi olmaq və hakimiyyətə nəzarəti əldə verməməyi planlaşdırır. Bu planın dövriyyə daxil edilməsinə hələki bir il vaxt var. Lakin Sarkisyanın hərbi rotirikanı gücləndirməsi, cəbhədə vəziyyəti kəskinləşdirməklə Azərbaycan hədəflərinin “vurulması” kimi gedişlərə indi start verməsi təsadüfi deyil. Ermənistan daxilində Karen Karapetyanla Sarkisyan arasında hakimiyyət uğrunda mübarizə açıq müstəviyə keçir. Xüsusilə parlament seçkilərindən sonra Karapetyan Sarkisyana hücumları intensivləşdirib. Misal üçün, “1in.am” saytı yazır ki, son günlər hökumətdə Sarkisyana yaxın şəxslər rüşvətxorluq ittihamı ilə ya işdən uzaqlaşdırılır, ya da həbs edilir. Bu prosesin arxasında isə baş nazir Karen Karapetyan dayanır.

Hesab etmək olar ki, Sarkisyan “məxfi silah” uydurmaları və cəbhədə gərginliyi görükləməklə Ermənistanda orduya ehtiyacın olduğu rəyini gücləndirir. Ordunun rəhbərliyində isə özünün varisi hesab etdiyi Viqen Sarkisyan dayanıb. Yəni dolayısı ilə özünün vacibliyini gündəmdə saxlamağa çalışır. Digər tərəfdən, təhlükəsizlik amilinin ön plana çıxması Sarkisyanın Milli Təhlükəsizlik Şurasının baş katibi olaraq ölkəyə nəzarəti ələ alması planlarına dəstək ola bilər. Bu proseslər ermənilərin cəbhədə gərginliyi daha da artıracağını deməyə əsas verir.

Asif Nərimanlı

Yorumlar