KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsən Amuli Azərbaycanı dəstəkləyir, bəs qalanları?

Həsən Amuli Azərbaycanı dəstəkləyir, bəs qalanları?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
436 0

Seyid Həsən Amuli İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsidir. Ötən həftə Amuli Azərbaycanın “APA” agentliyinin Tehran bürosuna verdiyi müsahibədə fikirləri ilə yadda qaldı.

Birincisi, Amuli dedi ki, “İran və Azərbaycan bir millət-iki dövlətdir”. Bu fikirlər adətən Azərbaycan-Türkiyə münasibətləri haqqında deyilir. Amuli isə açıqlamasıyla demək istəyir ki, İran Azərbaycan üçün Türkiyə qədər dəyərlidir. Səfəviləri misal çəkməklə İranla Azərbaycanın ortaq tarixə malik olduğunu deyən Amuli iki ölkə arasındakı yaxınlığı bu sözlərlə dəyənləndirib: “Azərbaycanın problemlərini öz problemimiz bilirik. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birdir. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürlər olsun, getdikcə əlaqələr daha da yaxşılaşır. Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik”.

İkincisi, Amuli Qarabağ haqqında da fikirlərini açıq ifadə edib. Qarabağın ermənilərin işğalı altında olduğunu bildirən Amuli problemin həll olunmamasında 3 dövlətin adını çəkib: Rusiya, ABŞ və həmişəki kimi İsrail. Amuli sonuncu dövləti Tehranın ənənəvi siyasətindən çıxış edərək xatırladıb, yoxsa İsrailin Qarabağ münaqişəsinin yaranmasında və həllinin uzanmasında heç bir rolu olmayıb və yoxdur. Ən maraqlısı Amulinin Rusiyanı ittiham etməsidir: “Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir. Ermənistan Qarabağa görə Rusiyaya möhtacdır. Dağlıq Qarabağ problemi hazırda regional bir problem deyil, böyük dövlətlərin maraq dairəsinə çevrilib. Azərbaycan və Ermənistan özləri problemi həll etmək istəsələr də, bu, mümkün olmayacaq. Çünki Rusiya istəmir buradan geri çəkilsin. Qarabağ problemi Rusiya əlinə düşmüş yağlı bir tikədir. Dağlıq Qarabağın həlli prosesi nə qədər uzanırsa, onun Azərbaycana qaytarılması bir o qədər çətin olur”.

Üçüncüsü, Amuli 2016-c ilin aprel savaşına toxunub və maraqlı detallardan söz açıb: “Azərbaycan ordusu bu döyüşlərdə özünü çox yaxşı göstərdi. Bu, bizim hamımızı sevindirdi. Ordu gərək durmazdı, irəliləyib daha çox əraziləri işğaldan azad edərdi. Hazırda elə bir zaman gəlib çatıb ki, bir dövlətin öz taleyini həll etməsinə imkan vermirlər. Amerika və Rusiya digər dövlətlərin, əsasən də kiçik dövlətlərin taleyini həll etməkdə maraqlıdır. Amerika Dağlıq Qarabağdakı qondarma hökumətə yardım edir”.

Dördüncüsü, Amuli erməni separatizmini də bu sözlərlə tənqid edib: “Ermənilərin çirkin planlarından biri də referendumun keçirilməsidir. Azərbaycan xalqı və hökuməti referenduma heç bir halda razı olmamalıdır. Harada görünüb ki, bir məmləkətin torpağı üçün referendum keçirilsin? Bu, ona oxşayır ki, bir nəfər gəlsin və Bakı üçün referendum keçirilməsini istəsin. Buna icazə verilməməlidir. Bakı da Azərbaycanındır, Qarabağ da”.

İranın hansısa rəsmisindən heç zaman oxşar açıqlamalar eşitməmişik. Heç bir İran rəsmisi və ya yüksək rütbəli din xadimi açıq-aşkar Rusiyanı, erməni separatizmini tənqid etmir. Amuli ilk dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir. Əsas sual budur: Bu açıqlamalar Amulinin yalnız özünə məxsusdur, yoxsa İranın siyasi və dini kəsimində onun kimi düşünən başqaları da var, varsa niyə onların oxşar açıqlamalarını eşitmirik və ya niyə demirlər ki, İran işğalçı Ermənistanla münasibətlərə yenidən baxmalıdır?

Bütün hallarda Amulinin səsləndirdiyi açıqlamalar Azərbaycanın xeyrinədir. Bu açıqlamalar işğalçılıq siyasəti yürüdən Ermənistan hakimiyyəti üçün mesaj əhəmiyyəti daşımalıdır. Azərbaycan İranın Ermənistanla əlaqələrindən narahatdır, ancaq bu o demək deyil ki, bu siyasət əbədidir və İran daima bu siyasətə sadiq qalacaq və İranda yaşayan azərbaycanlılar – ictimai fəallar, deputatlar, siyasilər və din xadimləri Tehranın Ermənistan siyasətini dəyişdirməyə çalışmayacaqlar. Öz növbəsində Azərbaycan İranda yaşayan milyonlarla azərbaycanlı amilindən öz xeyrinə istifadə etməyi bacarmalıdır.

Bu arada, Ermənistanda İranı tənqid edən yazılar peyda olmağa başlayıb. Ermənistan prezidenti Serj Sərkisyan bugünlərdə İranın “Şərq” qəzetinə müsahibəsində deyib ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqlinə hazırdılar. İndi Ermənistan saytları Sərkisyanın bu açıqlamasına belə şərh verirlər ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqli haqqında illərdir danışılsa da, ortada konkret fəaliyyət yoxdur. Ayrıca, haqqında çox danışılan İran-Ermənistan dəmiryolu tikintisi də kağız üzərində qalıb.

Reallıqda İranla Azərbaycan arasında dəmir yolu çəkilir. Məsələ burasındadır ki, İran Ermənistandakı dağları yarıb dəmiryolunun tikintisinə milyardlarla dollar yatırım qoymaqdansa Azərbaycanla dəmiryolunun inkişafına üstünlük verir. Digər tərəfdən İranın gərəkli maliyyəsi yoxdur ki, Ermənistan üzərindən dəmir yolu çəksin, Ermənistana isə heç bir bank bu məqsədlə kredit ayırmaz. Bunun əvəzinə Azərbaycan İrana 500 milyon dollar kredit verir ki, öz ərazisindəki dəmir yolu tikintisini tamamlasın ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat xətti tam gücüylə işləsin. Bu mənada yaxın perspektivdə İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafının İran-Ermənistan münasibətlərinə təsir gücü hiss olunmalıdır.

Elhan Şahinoğlu

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir