KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Gündüz TBMM-də, axşam Qəndildə: terrorun “sivil üzü”nə gecə əməliyyatı

Gündüz TBMM-də, axşam Qəndildə: terrorun “sivil üzü”nə gecə əməliyyatı

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
416 0

Türkiyədə gecə əməliyyatı ilə HDP-nin həmsədri Səlahəddin Dəmirtaş və 11 millət vəkili həbs olundu. Qərb mediası bu xəbəri “türk polisi müxalifət partiyasının sədrini həbs etdi” başlığı ilə manşetə çıxardı. Türkiyədə isə “PKK-nın sözçüləri həbs olundu” manşetləri atıldı.
HDP həqiqətənmi müxalifətdir, yoxsa məsələnin əsli haralara qədər gedib çıxır?

Təxminən bir il öncə Türkiyə Silahlı Qüvvələrinin PKK-nın əsas qərargahı olan Qəndili bombalayarkən, terror təşkilatının rəhbər şəxslərindən də yaralananlar olmuşdu. Yaralananlar arasında Nurəddin Dəmirtaş adlı biri də var idi. Hansı ki, bu şəxs HDP həmsədri Səlahəddin Dəmirtaşın böyük qardaşıdır. Kiçik qardaş “abim (böyük qardaş) ölməyib, yaxşıdır” deyə açıqlaması ailə bağlılığı ilə yanaşı, həm də PKK terrorunun iki üzünü özündə birləşdirirdi: dağlarda və şəhərlərdə olanlar. Biri silahla terror törədir, o biri sözlə, siyasətlə.

İndiyə qədər Səlahəddin Dəmirtaş başda olmaqla, HDP-dən olan millət vəkillərinin Qəndilə getməsi, Türkiyəni qana boyayan terrorçularla qol-boyun foto çəkdirməsi haqda yetərincə faktlar var. Təsəvvür edin: PKK Türkiyəyə terror hücumu edir, onlarla insan həlak olur, əsgərlər şəhid olur, çoxsaylı yaralılar var, ölkə matəm içindədir, Səlahəddin Dəmirtaş rəhbərliyi altındakı millət vəkilləri isə “onlar (PKK) öz haqlarını müdafiə edir” deyə açıqlamalar verirlər və bu sözləri məhz Türkiyə Böyük Millət Məclisinin (TBMM) tribunasından deyirlər.

Bu, iqtidarlardan öncə, cəmiyyətin qəbul etməyəcəyi məsələdir. Bunun qəbul edilməyəcəyini HDP yaxşı bilir, lakin elə bilərəkdən də söyləyir.

Çünki: HDP-nin yaradılması və parlamentdə təmsil olunmasının uzağa gedən hədəfi məhz PKK-nın sivilləşdirilməsi, Türkiyə tərəfindən terror təşkilatının legitimliyinin tanınmasıdır.

Əzilənlərin, homoseksualların və…

HDP-nin yaranması və 2015-ci il seçkilərində parlamentdə MHP-dən çox səslə təmsil olunmasının səbəblərinə diqqət edək:

2011-ci il parlament seçkilərində İnqilabçı Sosialist İşçi Partiyası, Əmək Partiyası, Əzilənlərin Sosialist Partiyası, Sosialist Demokratiya Partiyası, Sosialist Yenidən Quruluş Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Sülh və Demokratiya Partiyası, feminist qruplar, LGBT (Lezbian, Gey, Biseksual, Transseksual) qrupları birləşərək, “Əmək, Demokratiya və Azadlıq” bloku adı altında seçkiyə getdilər. Nəticə istənilən kimi olmadı. Bunun ardınca 2013-cü ilin 27 oktyabr tarixində qurultay keçirilərək, yuxarıda sadaladığımız siyasi təşkilatlar və qruplar Xalqların Demokratik Partiyası (HDP) adı altında birləşdi. 2014-cü ilin iyunun 22-də dünən gecə həbs olunan Səlahəddin Dəmirtaş və Fiqen Yüksekdağ HDP-nin həmsədrləri seçildi.

Məqsəd: terroru dəstəkləyənlərdən tutmuş seksual azlıqlara qədər olan qrupları, dolayısı ilə Türkiyə dövlət quruluşuna qarşı çıxanları bir dam altında birləşdirmək; beləliklə, kürdlərin PKK-nı dəstəkləyən kəsiminin parlamentdə fraksiya şəkilində təmsil olunmasını təmin etmək.

2015-ci il 7 iyun parlament seçkiləri: HDP-nin TBMM-də partiya olaraq təmsil olunması üçün 10 faizlik baryeri aşması lazım idi. Əks təqdirdə, partiyanın namizədləri ayrı-ayrı parlamentə daxil olacaq və fraksiya planı baş tutmayacaqdı. Lakin AKP-nin gözləmədiyinə rəğmən, HDP baryeri aşdı və 80 millət vəkili ilə TBMM-də Türkiyənin bel sütunu sayılan MHP-ni də qabaqladı. Üstəlik, AKP-nin təkbaşına hökumət qurmasının qarşısını almışdı.

Səbəb: həmin vaxt irəli sürülən əsas fikirlərdən biri belə idi ki, cəmiyyət arasında yüksək nüfuzu olan Ərdoğan prezident postuna getdiyi üçün, seçki kampaniyasını baş nazir olan Əhməd Davudoğlunun, yəni daha zəif natiqin aparması nəticələrə təsir edib. Seçki texnologiyası baxımından bu, qəbul olunan fikir idi. Lakin əsas səbəb heç də bu deyildi. HDP 2013-cü il “17-25 dekabr” hadisələrindən sonra AKP ilə bütün körpüləri yandıran Gülən camaatı və yenə Ərdoğanla qarşıdurmada olan Aydın Doğanın mediasının dəstəyi ilə baryeri aşa bilmişdi. Əslində, sonrakı proseslər bu qrupların eyni mərkəzdən idarə olunduğunu, hədəfin eyni olduğunu göstərəcəkdi. (15 iyul dövlət çevrilişindən sonra Gülən camaatının PKK ilə əlaqələrinə dair yayılan məlumatlar da bu kontekstdə diqqət çəkir).

Hədəf 1: AKP-nin təkbaşına hökumət qurmasının qarşısını almaq; Türkiyədə koalisiya hökumətlər dövrünün başlanması və ölkənin başının siyasi intriqalara qarışması (koalisiya hökumətlər təcrübəsində adətən belə olur); beləliklə, xarici siyasətin zəifləməsi və xüsusilə Yaxın Şərqdə ABŞ-ın planlarının rahat şəkildə həyata keçirilməsi; zəifləyən Türkiyəyə PKK-nın qəbul etdirilməsi.

Hədəf 2: HDP-nin əzilən müxalifət görüntüsünü yaratmaqla daim Türkiyəyə qarşı “demokratiya ittihamı” irəli sürmək. HDP-ni PKK-nın sivil üzünə çevirmək və terror təşkilatının “azadlıq mübarizəsi” apardığına dair ictimai rəy yaratmaq;

Birinci hədəf baş tutmadı: AKP nəzərdə tutulan 45 gün ərzində koalisiya hökuməti qurmadı və bundan sonra noyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olundu. Bu seçkidə Ərdoğanın partiyası təkbaşına hökumət formalaşdırmağa imkan verən səsləri aldı. HDP isə parlamentdə 59 millət vəkili ilə təmsil olundu. Lakin 10 faizlik baryeri aşa bildiyi üçün fraksiya yarada bildi.

Ötən ilin sentyabr ayında – növbədənkənar seçkilərin keçirilməsi haqda müzakirələrin apardığı vaxt – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Berkayın açıqlaması proseslərin analizi fonunda yada düşür.

“HDP parlamentdə yer almalıdır. Əks təqdirdə, Türkiyədə şəhərlər bombalanacaq”, – Berkay belə deyirdi.

Əslində bu, yuxarıda göstərilən hədəfləri və bunun arxasında məhz ABŞ-ın dayandığını bir daha təsdiq etdi.

Birinci hədəf – Türkiyəni siyasi xaosa sürükləmək istəyi baş tutmadı. Lakin ikinci hədəf haqda bunu demək çətindir. Dəmirtaş və onun rəhbərlik etdiyi fraksiyanın üzvlərinin həbsinə Qərb mediasının “türk polisi müxalifət partiyasının sədrini həbs etdi” manşetləri ilə reaksiya verməsi Türkiyəyə qarşı hələ bundan sonra da “demorkatiya ittihamları”nın sürüləcəyini göstərir. İkinci hədəfin birinci mərhələsi həyata keçdi. Lakin Türkiyə üçün əsas olan ikinci mərhələnin – HDP-nin PKK-nı sivilləşdirməsi – həyata keçməsinin qarşısını almaqdır.

Türkiyədəki həbsləri də məhz terrorun sivil üzünün zərərsizləşdirilməsi əməliyyatı adlandırmaq olar.

Terrorun sivil üzü və həbsxanaya aparan yol: Dəmirtaş: “Öcalanın heykəlini ucaldacağıq”. HDP-nin Hakkaridən olan millət vəkili Abdullah Zeyd: “PKK-nın elə bir gücü var ki, sizi tüpürcəyində boğar”. HDP həmsədri Figen Yüksekdağ: “Arxamızı PYD-yə (PKK-nın Suriya qolu -red) söykəmişik”. PKK 7 iyun seçkilərində silah gücü ilə səs topladı. PKK liderlərindən olan Cəmil Bayık: “Mübarizəmizə dəstək olun, HDP-yə səs verin”. Dəmirtaş və digər millət vəkillərinin Qəndilə səfərləri. Və saydıqca bitməyən PKK terroru ilə əlaqələr.

Ankara PKK-ya qarşı mübarizə fonunda onun sivil üzünü yox etmək qərarını verdi. Bu istiqamətdə iki addım atıldı və hər ikisində Qərbin sərt reaksiyası ilə qarşılaşdı.

1. Bu ilin mayında TBMM millət vəkillərinin toxunulmazlıq hüququ ləğv edildi. Bu, bütün millət vəkillərinə aid idi. Lakin əsas məqsəd terrora dəstək verən HDP-li millət vəkillərinin toxunulmazlıq hüququnu aradan qaldırmaq və onların cəzasızlıq mühitindən istifadə edərək, gündüz TBMM-də, axşam Qəndildə olmasının qarşısını almaq idi. Məhz bu qərar çıxandan sonra Avropa Birliyi Türkiyə ilə viza sadələşdirilməsi ətrafında apardığı müzakirələri dayandırdı.

2. Sentyabrdan başlayaraq, HDP-nin PKK-ya açıq dəstək verən, terror təşkilatının hücumlarında əyani şəkildə yer alan bələdiyyə sədrlərinin yerinə qəyyumlar təyin etməyə başladı. Məqsəd terrora yerli dəstəyi aradan qaldırmaq və PKK-nın “xəndək taktikası”nı sıradan çıxarmaq idi. Dərhal okeanın o tayından amerikalı siyasətçilər prosesdən narahat olduqlarını açıqladılar. Lakin bu dəfə Türkiyəyə qarşı əməli addım atmaq imkanları zəif idi. Çünki Ankara 15 iyuldan sonra Moskva ilə “saatlarını eyni vaxta qurmuş” və birgə hərəkət edirdi.

Terrorun sivil üzünün yox edilməsi prosesində üçüncü addımın, daha dəqiq desək, sonuncu zərbənin vurulması gözlənilən idi və kimin nə deməyindən asılı olmayaraq, haqlıdır. Burada iki açıq sual var.

Üçüncü zərbə niyə indi vuruldu?: toxunulmazlığı ləğv olunan millət vəkillərinin həbsxanadan çıxsalar belə, TBMM-yə dönüşü çətin görünür. Bütün təzyiqlərə baxmayaraq, Ankaranın seçki yolu ilə seçilən HDP-li bələdiyyə sədrlərini bir qələmdə silib atması, millət vəkillərinin də qələmini qıra biləcəyini deməyə əsas verir. Çünki Türkiyənin əli güclüdür. Birincisi, Rusiya ilə münasibətlərin yoluna qoyulması və Qərbə qarşı Moskva ilə birlikdə hərəkət etməsi. İkincisi, ABŞ-da keçirilən prezident seçkilərinə görə, Obama Administrasiyasının “Topal ördək” (Lame Dock) olmasına görə yaranan fürsət.
Ankara bu zərbənin sonuncu və öldürücü olmasına çalışacaq.

Türkiyəni gözləyən təhlükə: Burada üç təzyiq vasitəsinin dövriyyəyə girəcəyi mümkündür.
Terror: Artıq ilk zərbə vuruldu. Bu gün səhər yerli vaxtla saat 08:00-da Diyarbəkirdə 8 nəfərin ölümü, 100-dən çox insanın yaralanması (statistika arta bilər) ilə nəticələnən partlayış törədildi. Terror aktını PKK öz üzərinə götürdü. Bundan sonra müxtəlif yerlərdə bombaların partlaması, türk əsgərlərinə hücumların edilməsi intensivləşəcək.
Demokratiya: Qərb institutları Ankaranı anti-demokratiyada ittiham edəcək və total informasiya hücumu başladacaqlar. Xüsusilə bu, Ərdoğana qarşı olacaq.
PKK-ya qucaq açmaq: Bir müddət öncə Brüsseldə terror təşkilatının sərgisi açıldı, həmçinin, Avropa Birliyinin inzibati binası önündə PKK çadrıları quruldu. Bir sıra Avropa ölkəsində isə PKK-nın rəsmi nümayəndəliyi açılıb. Mümkündür ki, “qucaq açmaq” prosesi bundan sonra daha geniş şəkildə aparılacaq.

Təbii ki, proseslərin istiqamətini həbslərlə bağlı veriləcək son qərar daha aydın müəyyən edəcək. Əgər Dəmirtaş və digərləri məhkəmə qarşısına çıxarılarsa, hücum təhlükəsinin ciddi olacağı gözləniləndir. Yox, həbs olunanlar dindirildikdən sonra buraxılsalar, Ankara bununla Qərbə “Terrora qarşı mübarizə çərçivəsində istənilən addımı atan bilərəm” mesajını verəcək.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir