KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bu gün Azərbaycan adlandırılan dövlət, sabahın yeni Türk dövlətinin təməlidir

Bu gün Azərbaycan adlandırılan dövlət, sabahın yeni Türk dövlətinin təməlidir

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
285 0

1936-cı ilə qədər tarixdə “İran” adlı “dövlət” olmayıb. 1925-ci ildə Böyük Britaniyanın və digər antitürk dövlətlərinin dəstəyilə hakimiyyətə gətirilən Pəhləvilərin bir müddət sonra “İran” adına sahib çıxması Qərb alimlərinin, o cümlədən ingilislərin, almanların beyininin məhsuludur. Qərb dövlətləri bu torpaqlarda türklərlə nisbətdə azlıq təşkil edən farsları ağalığa gətirməklə, yalnız farsları deyil böyük ölçüdə özlərini düşünürdülər. Onlar yaxşı anlayırdılar ki, tarixən bu bölgədə əsas rolu Türklər oynamış, Türklərin ağalıqları dövründə də Qərb dövlətlərinə sərf etməyən ciddi uğurlar əldə edilmişdir. Bu anlamda 1925-ci ildə Qacar Türk dövlətini rəsmi şəkildə devirərək bu torpaqlarda antitürk bir “dövləti” quran, həmin “dövlət”in az sonra “İran” adlandırılmasında əsas rolu Qərb dövlətləri oynamışlar. 1979-cu ildən “İran İslam” adlandırılan “dövlət” də öz saxtakarlığına görə, Pəhləvi “İran”ından çox da fərqlənmir.

Xüsusilə, “İran” adı rəsmən ortaya çıxdıqdan sonra bu torpaqlarda hakimiyyət sürmüş türk ya da qeyri-türk dövlətlərin hamısı qondarma “dövlətin” mahiyyətinə uyğun olaraq ideolagiyalaşdırılmışdır. Belə ki, yalnız xəyanətlər nətisəcində Midiya Turan və Parfiya Turan dövlətlərinin yerində hakimiyyət sürmüş qismən farsdilli Əhmənilərlə Sasanilər deyil, eyni zamanda Səfəvilər, Əfşarlar, Qacarlar kimi Türk dövlətləri də “İran” adı altında ümumiləşdirilmişdir. Halbuki bu dövlətlərin qurucuları, onların hökmdarları əsasən “fars-ari” mahiyyətli mifik “İran”ı deyil, daha çox türk-oğuz mahiyyətli gerçək “Turan”a sahib çıxmışlar. Doğrudur, Qərb ideoloqlarının apardıqları antitürk təbliğatlar nəticəsində bəzi Türk sultanları, o cümlədən son Qacar Türk şahları “İran” adına meyil göstərmişlər, ancaq bütövlükdə bu onların qurduqları və hakim olduqları dövlətlərin “İran” kimi eyniləşdirilməsinə səbəb ola bilməz. Çünki Qacar Türk dövlətinin qurucusu Ağa Məhəmməd xan Qacar da bu dövləti bir Türk dövləti kimi qurmuş, bir Türk kimi də idarə etmişdir.

Bu anlamda Səfəvilərlə Əfşarlardan sonra bu torpaqlarda ağalığı ələ keçirmiş Qacar Türk dövlətinin “İran” adı altında ümumiləşdirilməsi kökündən yanlış olduğu kimi, Rus-Qacar müharibələrinin (1804-1813, 1826-1828) nəticəsi olaraq Azərbaycanın parçalanması məsələsinin qondarma “İran”ın tarixçiləri tərəfindən yozumu da böhtandan başqa bir şey deyildir. Bu gün qondarma “İran”ın tarixçiləri də yaxşı bilirlər ki, Azərbaycan adlanan bütün coğrafiya tarixən bütün Türk dövlətlərinin (Qut, Sabir, Turuk, Manna, Midiya, Xəzər, Səlcuq, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar və b.) Türk dövlətlərinin həm düşüncə-məfkurə, həm də strateji mərkəzi olmuşdur. Ona görə də, Qacar Türk dövlətinin çar Rusiyası ilə apardığı müharibələrin nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri, ilk növbədə Türk dövlətçilik ənənələinin davam etdirilməsi yolunda böyük bir əngələ çevrilmişdir. Bizcə, Türk dövlətlərinin düşüncə-məfkurə və strateji mərkəzi olan Azərbaycan adlanan tarixi-coğrafi torpaqlarımızın bir hssəsinin çar Rusiyasının əsarəti altında qalması, yalnız Azərbaycan türklərnin deyil, tarixən bu bölgədə bir dövlətin tərkib hisssəsində yaşayan bütün Türk xalqlarının (Xorasan, Qaşqay, Kərkük və b.), hətta türk olmayan xalqların (kürd, bəluc, ərəb, fars və b.) da facəsi hesab edilməlidir. Ən azı ona görə ki, Türk dövlətlərinin ağalıqları dövründə etnik kökənindən asılı olmayaraq bütün vətəndaşlar hüquq və azadlıqlarına görə bərabər olmuşlar.

Azərbaycan torpaqlarının, Azərbaycan türklərinin bir qisminin (indi Quzey Azərbaycan torpaqları, Quzey Azərbaycan türkləri adlandırılır) çar Rusiyasının işğalı altında qalması ilə, onun digər qismi (indi daha çox Güney Azərbaycan torpaqları, Güney Azərbaycan türkləri kimi ifadə olunur) Qacar Türk dövlətinin tərkib hissəsi kimi bir müddət bu torpaqlarda Türk dövlətçilik ənənələrinin davam etdirlməsi üçün bütün varlıqlarıyla mücadilə etmişlər. Ancaq Güney Azərbaycan türklərinin bu yolda apardığı mücadilə kifayət etməmiş, 1925-ci ildə bu torpaqlarda Türk dövlətçilik ənənələrinə imperalist antitürk qüvvələr, o cümlədən Böyük Britaniya və onun müttəfiqləri son vermişlər. Beləliklə, Qacar Türk dövlətinin Gülüstan (1813) və (Türkmənçay) müqavilələrinin nəticəsi olaraq Azərbaycan torpaqlarının önəmli bir qismini itirməsi yalnız Azərbaycanın torpaqlarının, Azərbaycan xalqının iki yerə parçalanamsı demək deyil, eyni zamanda bu torpaqlarda Türk dövlətçiliyinin təhlükə altına girməsi, geniş anlamda Türk dövlətçiliyinin süqutunun başlanğıc faciəsidir. Beləliklə, hesab edirik ki, bu bölgədə Azərbaycanın bir qisminin yəni Quzey Azərbaycanın çar Rusiyası tərəfindən işğalı Türk dövlətçiliyimizin süqutunun başlanğıcı idisə, digər qisminin yəni Güney Azərbaycanın Qacar Türk dövlətinin düşüncə-strategiya mərkəzindən uzaqlaşdırlması isə Türk dövlətçiliyimizin sonunu gətirmişdir. Bir sözlə, Türk düşmənləri Türk dövlətçiliyinə son qoymaq üçün bir tərəfdən Azərbaycan türklərini parçalamış, digər tərəfdən parçalanmış Azərbaycanlarda dar anlamda ruslaşdırma (sovetləşdirmə) və iranlılaşdırma (farslaşdırma), geniş anlamda isə qərbləşdirmə siyasəti aparmışlar.
Əslində 1918-ci ilin mayında qurulan Azərbaycan Cümhuriyyəti Gülüstan və Türkmənçay müqavilələrinin nəticələrinə qarşı yönəlmişdir ki, burada ilk məqsəd bu torpaqlarda Türk dövlətçilik ənənələrinin tamamilə tarix səhnəsindən silinməsinə yol verməmək idi. Yeni Türk dövlətinə “Azərbaycan” adının verilməsində də əsas məqsəd, bu torpaqlarda Türk dövlətçiliyinin düşüncə-məfkurə və strateji mərkəzi olan tarixi-coğrafi Azərbaycanla Azərbaycan türklərini bira arada tutmaq olmuşdur. Bu ideyanın əsas müəllifi olan Məhmməd Əmin Rəsulzadənin “Azərbaycan” adı üzərində israr etməsi və bütün əqidədaşlarına bunun əhəmiyyətini anlada bilməsi tarixi bir missiyadır. Bu gün olduğu kimi, o zaman da “rusiyaçıların”, “iran”çıların “Azərbaycan” adına etiraz etməsinin kökündə, əslində bu torpaqlarda Türk dövlətçiliyinin sütunu olan Azərbaycan türklərinin bir araya gələ bilməsilə süqut etməkdə olan Qacar Türk dövlətinin dayağına çevrilməsi ya da o süqut edəcəyi təqdirdə yeni bir Türk dövlətinin təməllərini ata bilməsi qorxusu olmuşdur. Ancaq bildiyimiz kimi, Azərbaycan adlanan yeni Türk dövlətinin Sovet-Rus imperiyası tərəfindən işğalından (1920, aprel) çox keçmədən Qacar Türk dövləti də süquta uğradılmış (1925), bununla da bu torpaqlarda Türk dövlətçiliyinə müvəqqəti də olsa, son verilmişdir. Ancaq kiçik bir Türk dövlətinin qurulması, onun “Azərbaycan” adlandırılması “demokratik”, “sosialist” adı daşımasından asılı olmayaraq, əsas hədəf kimi bu bölgədə Türk dövlətçiliyini bərpasını qarşısına məqsəd qoymuşdur.

Bu anlamda Sovet-Rus imperiyasının dağılmasıyla Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsi, bu bölgədə Türk dövlətçiliyinin bərpası düşüncələrini daha da gücləndirmişdir. Çünki “Azərbaycan” adlı dövlətin varlığı, o bu gün nə qədər “kiçik” görünsə də belə, bu torpaqlarda Türk dövlətçiliyinin bərpası yolunda çox böyük bir yük, tarixi missiya daşımaqdadır. Başqa sözlə, bu gün “Azərbaycan” adlı dövlətin varlığı Azərbaycan torpaqlarının ya da Azərbaycan türklərinin birləşməsindən daha çox, bu torpaqlarda Türk dövlətçiliyinin bərpasının əsas təməl daşıdır. “Azərbaycan” demək, özəlliklə “müstəqil Azərbaycan” demək bu bölgədə Türk dövlətçiliyini gec-tez bərqərar etmək anlamındadır.

Ona görə də son zamanlarda qondarma “İran” tarixçilərinin tez-tez bir araya gələrək hansısa uydurmaları ortaya atmaları, yəni Azərbaycan dövlətinin Gülüstan və Türkmənçay müqavilərindən sonra yaranmasını önə çəkmələri, Azərbaycan tarixçilərinin guya, qondarma “İran tarixi”ni təhrif etmələri kimi saçma fikirləri anlaşılandır. Çünki qondarma “dövlət”in, saxta tarixçiləri yaxşı başa düşürlər ki, “gənc” adlandırdıqları Azərbaycan dövləti əslində bu torpaqlardakı əski Türk dövlətçiliyinin bir davamıdır. Ancaq əgər bu gün Azərbaycan dövlətçiliyi bu torpaqlarda Türk dövlətçiliyinin kiçik bir davamıdırsa, çox keçmədən hər bir qarış torpağımızda Türk dövlətçiliyini bərpa edəcəyik. Başqa sözlə, bu gün Azərbaycan dövləti adlandırılan dövlət, sabahın yeni Türk dövlətinin təməlidir!!! Deməli, bu gün biz Türklərin, özəlliklə Azərbaycan Türklərinin də əsas hədəfi dar anlamda Azərbaycan torpaqlarının, Azərbaycan türklərinin birləşmədirsə, geniş anlamda bu torpaqlarda Türk dövlətçiliyini bərpa etmək olmalıdır. Başqa sözlə, əgər dünyada bir Türk Birliyi istəyiriksə, bunun gerçəkləşməsi üçün Azərbaycan təməlli yeni Türk Dövləti qurulmalıdır!!! Artıq düşmənlərmizin əlmizdən aldığı hər bir qarış torpağa, şüurlarmızdan silməyə çalışdığı Türk dövlətçiliyinə yenidən sahib çıxmaq üçün hər bir Türk mücadilə verməlidir!!!

Dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu)

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir