KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. BÖYÜK DÖVLƏTLƏR QURAN BÖYÜK TÜRKLƏR

BÖYÜK DÖVLƏTLƏR QURAN BÖYÜK TÜRKLƏR

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
344 0

Sülhəddin Əkbərin ”Dövlət siyasətinin əsasları” kitabını oxudum. Kitabda çox konseptual məsələlərə toxunulub və bütün bu mövzular sistemləşdirilməyə çalışılıb. Böyük ölçüdə bu alınıb. Ancaq kitabın təqdimatında bəzilərinin də dediyi kimi, kitabın içindəkilərdən 6-7 kitab çıxar. Bu fikirdə həqiqət payı çoxdur.

Əlbəttə Azərbaycanda oxşar kitablar daima çap olunur. Ancaq Sülhəddin Əkbərin kitabı bir neçə səbəbdən xüsusi maraq və əhəmiyyət kəsb edir.

Birincisi, müəllifin toxunduğu konseptual məsələlər konyuktur yanaşmadan uzaqdır. Kitabda keçmiş və indiki hakimiyyətin səhfləri göstərilir. Bu yerdə kitabda da yer alan bir məqam diqqətimi cəlb etdi. Heydər Əliyev hakimiyyətə gələn kimi özünümüdafiə batalyonlarını buraxdı. Səhf etmirəmsə həmin batalyonların sayı 33 idi. Həmin batalyonları AXC batalyonları da adlandırırdılar. Həmin batalyonlardan Dağlıq Qarabağda erməni separatçılarına qarşı istifadə olunması mövzusu bu gün də zaman-zaman gündəmə gətirilir. Ancaq yeni gələn hakimiyyətin zəmanəti yox idi ki, həmin batalyonlardan yeni hakimiyyətin devrilməsi üçün istifadə olunmayacaq. Çünki Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov məhz müxalifətin silahlı qanadı tərəfindən məcburi istefaya göndərilmişdi. Ona görə də yeni hakimiyyət ”keçmiş təcrübədən” çıxış edərək vahid komandanlığa tabe olan ordu qurmaq məqsədilə həmin batalyonları buraxdı.

İkincisi, kitabda yeni terminlərə rast gəlmək olar. Məsələn ”vəkalət müharibələri” və ya ”milli maraqlar matrisası”. Bu politologiya ilə məşğul olan insanlar və hümanitar fakültələrdə təhsil alan tələbələr üçün faydalı ola bilər. Yeri gəlmişkən, kitabın ensiklopedik funksiya daşıdığını da vurğulamağa ehtiyac var. Vəkalət müharibəsi dedikdə məsələn Rusiyanın Ermənistanın əli ilə Azərbaycan torpaqlarının işğalını göstərmək olar. Matrisa isə bir cədvəldir və həmin cədvəldə Azərbaycanın milli maraqlarını əks etdirən konkret cədvəl tərtib olunub. Kitabda həmin cədvələ nəzər yetirdikdə Azərbaycanın inkişafı və təhlükəsizliyi üçün vacib olan məsələlər dərəcələrə görə bölünüb. Fikrimcə, kitabda yer alan əsas cümlələrdən biri budur: ”Milli siyasət mütləq strateji planlaşdırılmalı, strateji milli siyasət planı isə mövcud şərait və imkan daxilində kəsintisiz davamlı olaraq həyata keçirilməlidir”. Məncə, kitabın tamamı bu cümlənin içini doldurmaq məqsədi daşıyır.

Üçüncüsü, ”Dövlət siyasətinin əsasları” kitabında Dağlıq Qarabağ probleminin yaranma səbəblərinə, yaxın və uzaq tarixinə xüsusi yer ayrılıb və bu hissə Qarabağ problemi haqqında az bilgisi olan insanlar və tələbələr üçün əsl əyani və sayitə çevrilə bilər. Elə mənim özüm də kitabın bu bölümünü oxuduqdan sonra bəzi vacib detalları xatırlamaq imkanına malik oldum.

Dördüncüsü, kitabda Azərbaycanın əsas bəlalarının ünvanı dəqiq göstərilib. Bu Rusiyanın yürütdüyü siyasətdir. Rusiyanın yürütdüyü siyasətin həm tarixi aspektlərinə toxunulub, həm də indiki siyasətinin iç üzü açılıb. Məsələn müəllif Kəlbəcərin işğalının Rusiya hərbi kəşfiyyatı tətəfindən hazırlanıb həyata keçirildiyini isbat edib. Rusiya təhlükəsinin davam etməsi səbəbindən kitabın müəllifi Azərbaycanın seçimini bu şəkildə ifadə etməyi zəruri sayıb: ”Genişlənməkdə olan Avropa İttifaqı və NATO-ya üzv olaraq dinc, demokratik və bölünməz Yeni Avropada yer almaqla – beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və etibarlı beynəlxalq təhlükəsizlik təminatı almaq lazımdır”.

Kitabın ötən həftə keçirilən təqdimatına da toxunmaq istərdim. Kitabın təqdimatına keçmiş hərəkatçılar, Milli Məclisdə Azərbaycanın müstəqilliyinə səs vermiş şəxslərin bir qismi dəvət olunmuşdu. Açıq demək lazımdır ki, içərilərində bir-birlərini qəbul etməyənlər də var idi. Ancaq mövzu kitab olduğundan həmin insanlar bu ətrafda fikir bildirir, nəzəri və tarixi biliklərini nümayiş etdirirdilər. Sonuncu mənim diqqətimi daha çox cəlb etdi. Müxalifət cinahında yer alan siyasətçilərimizi ilk dəfəydi ki, Azərbaycanın orta əsrlər tarixində baş verənlər barədə canlı diskussiyasının şahidinə çevrilirdim. Hətta təqdimatda kitabın müəllifi haqlı olaraq qonaqların tarixi diskussiyalara daha çox vaxt ayırdıqlarını deyərək milli inkişaf və milli strategiyadan da danışılması vacibliyini dilə gətirdi. Ancaq təqdimat artıq başa çatırdı və yadda qalan məhz müxalif siyasətçilərimizin tarixə ekskursları oldu. Bəlkə də buna daha çox ehtiyac var idi.

Bu yazını kitabın müəllifinin bir fikri ilə yekunlaşdırmaq istəyirəm: ”Gənclərimiz yalnız bugünü ilə yaşamamalı uzaqlara və böyük hədəflərə baxmalıdırlar”. Razıyam. Böyük hədəfləri olan millətlər güclü və bölünməz dövlət yarada bilərlər. Elə kitabın ön sözündəki ”Böyük dövlətlər quran böyük türklərə həsr olunur” cümləsi də bundan xəbər verir.

Elxan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir