KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Bakı Qarabağ üçün “mərhələli həll”ə start verdi

Bakı Qarabağ üçün “mərhələli həll”ə start verdi

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
359 0

Rusiyanın baş diplomatı Sergey Lavrov Qarabağla bağlı qalmaqallı sözlər səsləndirdi, ardınca Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin həlli ilə bağlı aparılan danışıqların ruhuna tamamilə zidd açıqlama verdi, daha sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər etdi və bu səfər məhz Rusiya tərəfinin dəvəti ilə baş tutdu. Və bütün bunların fonunda Prezident İlham Əliyevin aprel müharibəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və qaçqınların köçürülməsi ilə bağlı sərəncamı təsadüfi deyildi.

Dağlıq Qarabağ ətrafında gərginlik çəmbəri yenidən daralır və Bakı öz manevrlərini genişləndirir.

***
Serj Sarkisyan bəyan etdi ki, onun prezidentliyi dövründə ərazilərin qaytarılması baş tutmayacaq. Ermənistan prezidentinin bu açıqlaması aprel müharibəsindən sonra “Blomberg”ə verdiyi müsahibəni xatırladır. Dördgünlük müharibədə Azərbaycan Ordusunun döyüşləri dayandırmasından təxminən 10 gün sonra təhlükənin keçdiyini hesab edən Sarkisyan yenə əvvəlki iddialarını gündəmə gətirmişdi.

Daha sonra Vyana və Sankt-Peterburq görüşləri keçirildi, münaqişənin həllində irəliləyişlərin olacağına yetərincə ümidlər yarandı, lakin nəticə sıfır olaraq qaldı. Və nəhayət, 2017-ci ilin ilk günlərində Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi: “Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”.

Bunu Rusiyanın baş diplomatının yanlışı hesab etmək olar. Lakin diqqəti bu məsələnin üzərində cəmləməklə, Lavrovun açıqlamasındakı əsas məqam unuduldu.

“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir”. Lavrov bu sözlərlə əslində münaqişənin Ermənistanın istəyinə uyğun həllinə işarə edirdi.

Rəsmi Bakı lap əvvəldən münaqişənin “mərhələli həll” variantını təklif edir: Qarabağ ətrafındakı rayonlar qaytarılır, Qarabağa aralıq status verilir, qaçqınlar öz evlərinə qayıdır, bütün bu proseslərdən sonra Qarabağın son statusu müzakirə masasına çıxarılır.

Kremlin mətbəxindən çıxma “Lavrov planı”, yaxud “Kazan formulu” adlanan təkliflər də əslində aşağı-yuxarı özündə bunu ehtiva edirdi: 5 rayon qaytarılır, rus əsgərləri aralıq statusun təminatçısı rolunda Qarabağa daxil olur, qaçqınlar geri qayıdır, yerdə qalan iki rayonun taleyi həll olunur və sonda Qarabağın statusu məsələsinə baxılır.
Moskva bu planlar haqda rəsmi olaraq danışmasa da, mediaya sızan informasiyalar bu yöndə danışıqların aparıldığına işarə edirdi. Ötən ilin 20 sentyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə də bununla bağlı konkret razılıqların olduğu haqda məlumatlar var idi. Hansı ki, bu, hər-hansı medianın yazdığı informasiya yox, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun dilindən səslənmişdi.

Hətta qeyri-rəsmi informasiyalara görə, bu variant ABŞ və Fransanın da iştirak etdiyi Vyana görüşündə müzakirə olunub. Ermənistan tərəfi isə ərazilərin qaytarılmasına o şərtlə razı olub ki, Qarabağın statusu da eyni vaxtda həll olunsun. Bakının buna etirazından sonra nəticə əldə olunmayıb. Lakin elə həmin vaxt ortaya çıxan ehtimallar belə idi ki, Vaşinqton münaqişənin həllini Moskvanın öhdəsinə buraxıb, Putin də Sankt-Peterburqda Sarkisyanı razı salıb.

Lavrovun 2016-cı ilin yekunlarına dair mətbuat konfransında dediyi “Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir” sözləri tərəzinin İrəvan gözünə ağırlıq verildiyini göstərir. O, bununla Ermənistanın istədiyi “paket həll” variantına işarə edirdi: ərazilərin boşaldılmasına paralel olaraq Qarabağın statusu həll olunur.

Bu kontekstdə Sarkisyanın açıqlamaları təsadüfi deyil. Erməni əsgərlərlə çay süfrəsində danışan Sarkisyanın fikirlərində iki məqam diqqət çəkir.

1. O, ərazilərin qaytarılması haqda yayılanların şaiyə olduğunu dedi. Bununla bildirmək istəyirdi ki, onun prezidentliyi dövründə belə bir şey mümkün olmayacaq.

2. “Bizim hədəfimiz Qarabağın yekun statusunun müəyyən edilməsidir, yerdə qalan məsələlər törəmələrdir”.

Birinci bəyanat birbaşa Ermənistanın daxili ictimai rəyinə hesablanıb: Çünki bu ilin 2 aprelində (bu tarixin ötən il “dördgünlük müharibə”nin başladığı gün olması da diqqətlərdən yayınmır) Ermənistan parlamentinə seçkilər keçiriləcək. 2015-ci ildə keçirilmiş referendumun nəticələrinə görə, bu seçkilərdən sonra parlamentin səlahiyyətləri artırılacaq və ölkənin faktiki idarə edən şəxs baş nazir olacaq. Gözləntilərə görə, Sarkisyan 2018-ci ildə səlahiyyət müddəti başa çatandan sonra baş nazir postuna əyləşərək, öz hakimiyyətinin ömrünü uzatmağa çalışacaq. Bu baxımdan, prezidentliyi dövründə ərazilərin qaytarılması baş tutmayacaq mesajını verməsinin seçkilərə və gələcək planlarına hesablanmış addım olduğu açıq şəkildə görünür.

İkinci bəyanatda Sarkisyan “məqsədimiz Qarabağın yekun statusunun müəyyən olunmasıdır” deməklə əslində birinci bəyanatını təkzib etdi. Çünki Ermənistan tərəfi aprel müharibəsinə qədər Qarabağın müstəqilliyi məsələsini ön plana çıxarırdı. Lakin Sarkisyan müstəqillikdən deyil, yekun statusdan danışdı. Onun dediyi yekun status “paket həll” variantında öz əksini tapır və Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə mümkündür.

Və bu bəyanat Lavrovun “Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir” sözlərinin davamıdır.

“Əgər kimsə BMT qətnamələrini unudubsa, biz bunları yada sala bilərik”, – deyən Prezident İlham Əliyev Lavrovun da, Sarkisyanın da cavabını verdi. Azərbaycan liderinin bu açıqlamasından sonra Lavrovun Məmmədyarovu Moskvaya dəvət etməsi Kremlin Bakı ilə münasibətlərə kölgə düşməsində maraqlı olmadığını göstərir və məsələnin Bakının sərt mövqeyi ilə yekunlaşdığını düşünmək olar. Lakin baş verənlərin səbəbləri və regiondakı proseslərin hansı nəticələr doğura biləcəyi maraqlıdır.

***

Ötən ilin 29 dekabrında Ermənistan diversiya qrupunun sərhəddə təxribata əl atması, bu təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan əsgərinin nəşinin indiyə qədər qaytarılmaması, Lavrovun qalmaqallı bəyanatı və Sarkisyanın dedikləri bütöv zəncirin halqaları hesab oluna bilər.

– Sərhəddə təxribat baş verdi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi (artıq keçmiş) Nikolay Bordyuja Azərbaycana qarşı sərt bəyanat səsləndirdi. Bu təxribatın məqsədinin Azərbaycanı tələyə salmaq, həmçinin, KTMT daxilində Bakını dəstəkləyən Minsk və Astananı fakt qarşısında qoymaq olduğu aydın görünürdü.

“Putinin NATO-su”nda Azərbaycana qarşı “sərhəd tələsi” – TƏHLİL
İddialarda gizlənən hədələr…

– Ermənistan tərəfi Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşini indiyə qədər qaytarmır. Bu, Sarkisyanın ermənilər qarşısında “güclü görünmək” və “qisas aldığını” göstərmək istəklərindən irəli gəlməklə yanaşı, Moskvanın Bakıya mesaj verməsindən də qaynaqlana bilər. Hansı ki, Lavrovun məlum açıqlamaları ilə bu ehtimal daha da güclənir.

Moskva-Bakı xəttində çarpazlaşan məqamlar:

a) “Putin NATO-su” adlanan KTMT daxilindəki vəziyyət Kremlin ürəyincə deyil və ruslara görə, buna səbəb olan faktorlardan biri məhz Bakıdır. KTMT-nin yeni baş katibi Ermənistan nümayəndəsi olacaqdı. Lakin ötən ilin oktyabrında İrəvanda keçirilən toplantıya Qazaxıstan prezidenti Nursultan Nazarbayev “müəmmalı xəstəliyinə” görə getmədi və təyinat baş tutmadı. Hələ o vaxt məlum idi ki, Nazarbayev məhz Qarabağ məsələsinə görə təşkilatın rəhbərinin erməni olmasını istəmir. Növbəti toplantı yenə ötən ilin 26 dekabrında Sankt-Peterburqda baş tutdu. Bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində gözlənilən “çevriliş təhlükəsini” əsas gətirərək, rus torpaqlarına gəlmədi və erməni baş katibin təyinatı təxirə salındı. Bu toplantıdan üç gün sonra erməni hərbi birləşmələrinin təmas xəttində deyil, məhz sərhəddə Azərbaycan mövqelərinə hücumu təsadüfi deyildi. Moskva bununla Lukaşenko və Nazarbayevə mesaj verməklə yanaşı, Bakıya qarşı da oynamışdı. Bütün bunların fonunda Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və İsrail vətəndaşlığına malik olan bloqer Aleksandr Lapişinin Bakının tələbi ilə Belarusda həbs olunması və Azərbaycana ekstradisiyasının gündəmə gəlməsi Moskvanın hərəkətə keçməsini sürətləndirdi. Lavrov Rusiyanın Lapişinin azad olunması üçün hər şey edəcəyini deməsinə baxmayaraq, Moskvanın tələbi Lukaşenko tərəfindən rədd edildi. Kreml üçün bu Belarusun mərkəzdənqaçma gedişi olaraq qəbul olunur (burada Minskin Moskva ilə ikitərəfli münasibətlərində problemlərinin olması da müəyyən rol oynayır). Hesab etmək olar ki, Moskva bu prosesdə Bakı faktorunun da rol oynadığını düşünür və öz hərbi ittifaqının daxilində yaranmış çatlara görə Azərbaycanı günahkar hesab edir.

b) Lakin yeganə amil bu deyil. Çox güman ki, Moskvanın Bakıya qarşı sərt bəyanatlarının arxasında iqtisadi amil də dayanır. Ortada silah satışı məsələsi ola bilər. Prezident İlham Əliyevin Davosda “RİA Novosti”yə müsahibəsində Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlərin olmasına diqqət çəkməsi fonunda “silah amili” güclənir. Ötən ilin 13 dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfər etdi və onunla görüşdə Azərbaycan Prezidenti bəyan etdi ki, indiyə qədər İsraildən 5 milyard dollar həcmində silah almışıq. Netanyahu Bakını tərk edən kimi Rusiyanın hərbi sənayesini kurasiya edən Dmitri Roqozin Bakıya gəldi. Həmin səfərin detalları məlum deyil, lakin güman ki, ruslar Cənubi Qafqazdakı silah bazarında yəhudilərin daha çox paya sahib olmasından narahat olublar və Roqozinin Bakı səfərinin nəticələrindən məmnun qalmayıblar. Rusların Qarabağ ətrafında baş verən xoşagəlməz söz oyunu, həmçinin, sərhəddəki insident və Azərbaycan əsgərinin nəşinin ermənilər tərəfindən qaytarılmamasının arxasında bu faktorun olması mümkündür. Azərbaycan liderinin Rusiya informasiya agentliyinə “Rusiya ilə hərbi-texniki sahədə yeni müqavilələr imzalaya bilərik” deməsi də əslində Moskvaya “Azərbaycan Rusiya ilə əməkdaşlıqda həmişə maraqlıdır” mesajını verməsi idi.

Bu iki amil baş verənlər fonunda aydın görünür və Kremlin Lavrovun dili ilə Bakıya “güc nümayişi”nin buradan qaynaqlandığını deyə bilərik.

Lakin üçüncü və prosesin ANA XƏTTİ hesab olunacaq məqam Lavrovun “Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir” sözləri, ardınca da Sarkisyanın “Qarabağın yekun statusu” məsələsini bəyan etməsidir.

Buradan aydın görünür ki, Rusiya münaqişəni həll etməyəcəyini demir və Ermənistan da Moskvanın istəyi ilə qaça bilməyəcək. Lakin necə?!

Görünən odur ki, Rusiya “mərhələli həll” yox, “paket həll” variantını gündəmə gətirir. Moskvanın bununla Ermənistanı məmnun etmək istəyi az ehtimal olunandır. Bu, daha çox sürət amili ilə bağlı ola bilər, yəni, “paket həll” variantı ilə münaqişə tez həll olunur və ruslar bölgəyə daxil olurlar. Rusların bu istəyinin arxasında daha qlobal məsələlərin ola biləcəyi ehtimalı güclüdür:

– Donald Tramp Ağ Evə köçdü və artıq ABŞ-ın prezidenti olaraq sənədlərə imza atır. Onun Moskva ilə anlaşacağı haqda gözləntilər nə qədər böyük olsa da, Amerika əsgərlərinin “soyuq müharibə”dən sonra ilk dəfə Şərqi Avropada Rusiya sərhədlərinə göndərilməsi qarşıda Kremlə qarşı yeni cəbhənin açıla biləcəyi ehtimalını gündəmə gətirir.

Trampdan “vodka”ya xəyanət: Rusiyaya qarşı yeni müharibə cəbhəsi – TƏHLİL
ABŞ Rusiyaya qarşı münasibətləri yumşaltmayacaq; Putinə Şərqi Avropa üzərində nəzarəti gücləndirmək imkanı verilməyəcə.

Yeni müharibə cəbhələrindən biri də Dağlıq Qarabağ ola bilər. Amerika Qara dəniz-Qafqaz xəttinə nəzarəti ələ almaq, Qafqaz üzərindən Orta Asiyaya çıxmaq və Rusiyanı məğlub edərək, Uzaq Şərqdə Çini təkləmək gedişi edə bilər. (Yaxın gələcəkdə proseslərin necə inkişaf edəcəyi daha aydın görünəcək). Hesab etmək olar ki, Rusiya məhz bu ehtimallara qarşı Qarabağ münaqişəsini dərhal həll etmək və Cənubi Qafqazda daha da möhkəmlənmək, ABŞ-ı regiona buraxmamaq niyyətindədir.

Lakin sürətli həll Bakının maraqlarının tapdanması və Qarabağın statusunun İrəvanın istədiyi kimi həll olunması deməkdir. Məhz bu məqamda Bakı-Moskva xəttində toqquşmalar başlayır. Bu toqquşma ilk növbədə Rusiyanın maraqlarına ziddir. Lavrovun Məmmədyarovu Moskvaya dəvət etməsi də bunu deməyə əsas verir.

Görüşün detalları məlum deyil, lakin məhz “Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər ətrafında”, yəni “mərhələli həll” variantı ilə bağlı müzakirələrin aparılması Bakının öz mövqeyində israrlı olduğunu göstərir.

Bütün bunların fonunda Prezident İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndilə bağlı sərəncamı təsadüfi deyil.

Hesab etmək olar ki: münaqişənin “paket həll” variantı ilə yəni, Azərbaycanın maraqlarına uyğun olmayan formada nizama salınması təhlükəsi var; rəsmi Bakı buna diplomatik kanallarla etiraz etməklə yanaşı, qaçqınları işğaldan azad olunmuş ərazilərə köçürməklə əməli addımlar atır.

Və ümumi görünən mənzərə belədir: Prezident bu sərəncamla hər şeyə rəğmən, münaqişənin Azərbaycanın istədiyi “mərhələli həll” variantı ilə həllinə start verdi. Rəsmi Bakı bununla öz mövqeyində prinsipial olduğunu da nümayiş etdirdi, təbii ki, hər kəsdən öncə Rusiyaya…

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir