Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Babək Xürrəmdin kimdir?

İran 28 Mart 2017
560

Tarixi verilər göstərir ki, VIII-IX əsrdən etibarən Azərbaycanda türk izləri ortaya çıxmışdır. Unutmamaq gərəkir ki, yanlış bilgi hər zaman sıxıntı yaradar və doğru bilgi inkişafın önündəki tıxanıqları ortadan qaldırar. Sanki Altaylı olmaqda əksiklik və Orta Doğulu olmaqda üstünlük varmış kimi türklərin göbəyinin əzəldən Orta Doğuda kəsildiyini savunmanın heç bir anlamı yoxdur. Altay kökənlilik türk tarix birliyini gerçəklər üzərində təşkil etsə də, bunun tərsi, türk tarix birliyini ortadan qaldırmaqdadır. Yer kürəsi bir bütündür. Onun harasında yaşamanın bir üstünlüyü ola bilməz. Allah insanı və ulusları yaratmış və onlara Yer kürəsində yaşam olanaqları sağlamışdır. Anlaşılan biz də türk ulusu olaraq Babək Xürrəmdinin məğlubiyyətindən sonra Orta Doğuda və Azərbaycanda yerləşməyə başlamışıq. Daha sonrakı axınlarla bu yerləşim sürəci genişləmişdir. Sasani şahlarının Xəzər xaqanlarının qızları ilə evlənmələri[1] nəticəsində sadəcə saray çevrəsində türk izlərinə azınlıq türkə rastlanılmışdır. Kütlə olaraq bölgədə türk xalqı öz gələnəyi ilə mövcud olmamışdır. Örnəyin Xəzər xaqanı qızını Sasani şahı Ənuşirəvana ərə verdiyində cehizin yanında qulluqçu türk xidmətçilər də göndərmişdi. Bunlar azlıqda olan kiçik bir dəstə olduqlarından və xəlqi-gələnək çevrələri olmadıqlarından yox olub getmişlər.
Sasani dövlətinin Hz. Ömər tərəfindən devrilməsi ilə farslar bir gündə, bir ildə, on və ya yüz ildə müsəlman olmadılar. O zaman texnologiya da çox geridə idi. İslam nədir sualına cavab vermək üçün həm dil, həm də teknik sorun var idi. Bu üzdən də farslar müsəlman olmadılar, indi də müsəlman deyillər, Sasani şiəsindədirlər. Sasani dövləti devrildikdən sonra on minlərcə Sasani din adamı Hindistanın Qocerat bölgəsinə qaçaraq orada Sasani xatirələrini kitablaşdırmağa başladılar. Zərdüşt haqqında bilgi də İslamdan öncə mövcud olmamışdır. Sasani devrilişindən sonra İslama qarşı ideoloji savaş açan Sasani farsları Avesta adlı kitabı var etməyə çalışdılar. İslamdan öncə Zərdüşt haqqında bir tək qaynağa da rast gəlinməməkdədir. “Nibergin zərdüştlüklə bağlı dəyərləndirməsi inamsızcadır. Ancaq Zərdüştə inananlar da onun kimliyi haqda heç bir elmi bilgi ortaya qoymamışlar. Zərdüşt adlı zəkalı insanla ilgili heç bir əski milli sənəd mövcud deyildir.”[2] “Nə Yunanlılar, nə Süryanilər, nə də Erməni yazarlar Zərdüştün “Avesta”sı və Avestada keçən gahları haqda bilgi verməmişlər.”[3] “Makidoniyalı İskəndər tərəfindən yandırılan əsl “Avesta” 1200 inək dərisinə yazılmışdı… Kimsə Həxamənşilərin (Əhəmənilərin) dönəmində Avesta yazılarından böyük kitabxanalar düzəldəcək qədər tərəqqi səviyəsinin var olduğunu gerçəkçi və inandırıcı təsəvvür edə bilməz. Ədəbi inkişaf o dönəmdə bu səviyədə imişsə, dini ənənələrin cövhəri əsas nümunələrin yandırılması ilə dağılmaz, məhv olmazdı. Həxamənşilərin sonuna yaxın bir dönəmdə tamamlanan ilk yəhudi Tövratı miladdan 70 il sonra Urşəlimdə daha çətin bir bəlaya məruz qaldı. Xatırlatmaq gərəkir ki, İskəndərin qələbəsindən sonra Həxamənşi ölkəsində dini böhran ortaya çıxmadı. Dini durum əskidən olduğu kimi davam etdi və əski tanrıları dəyişdirəcək yeni bir din ortaya çıxmadı. Tarixini dəqiq bildiyimiz Yunan ədəbiyatında “Avestan”ın yunancaya tərcüməsi ilə bağlı heç bir kiçik əsərə də rastlanılmamışdır. İskəndərdən öncə mövcud olan “Avesta” sadəcə xəyalın yaratdığı bir şeydir. Bu haqda mövcud olan rəvayətlər əfsanədən ötəyə keçməməkdədir.”[4] “Zərdüştlə ilgili bir çox mübahisələr mövcuddur. Bir qisim onun milladdan 6000 il əvvəl yaşadığını söyləyir.”[5] Görüldüyü kimi zərdüşt və ona bağlı uydurma inanışlar İslamdan öncə olmamışdır. Sasanilərin Ömər tərəfindən devrilişindən sonra İslama qarşı ideoloji savaşın ürünü və 19-cu əsrdən başlayaraq böyük Batı dövlətlərinin quruntusu olaraq zərdüştilik ortaya çıxarılmışdır. Bu ideoloji çalışmaların bir parçası da xürrəmilik adı ilə meydana gəlmişdir. Ayrıca, Zərdüştlüyün türk gələnəyi ilə heç bir əlaqəsi olamamışdır. Məğlub farslar İslama qarşı psixoloji savaş sürəcində Zərdüştlüyü ortaya çıxarmışlar. Bu da çox uzun zaman sürəci içində olmuşdur. Belə ki, Zərdüşt kimliyini oluşdurma çalışmalarında 19-cu əsrdə daha aktiv olmuşlar. Bunların başında M. F. Axundov gəlməkdədir. 20-ci əsrin əvvəllərində Təbriz mərkəzli məşrutə hərəkətinin inancını modern Sasani-Səfəvi kimliyi təşkil etməkdə idi. Sonuc olaraq Pəhləvi dövləti quruldu. Zərdüşt kimliyi haqqında ayrıca danışacağımız üçün bu qonunu burada durdururq. Xürrəmiliyin tarixi təməl qaynaqları açısından Zərdüşt qonusuna işarə etmənin də yararlı olacağını düşündük.
Sasani dövlətinin devrilişindən başlayaraq Səfəvi dövlətinin quruluşuna qədər indiki İran coğrafiyasında Sasaniliyin yenidən təsisi yolunda həm fikri çalışmalar edilmiş, həm də çoxlu üsyanlar, qiyamlar olmuşdur. Səfəvi dövlətinin quruluşu istisna olmaqla bu qiyamların heç birində türklər iştirak etməmişdir. Çünki Sasani, türk dövləti deyildi və türklərin də bu torpaqlarda oturum xatirələri və Sasani nostalgiyaları mövcud olmamışdı. 427 il Orta Doğunu idarə edən Sasani-fars kimliyi asanca tarixdən silinə bilməzdi. Bu üzdən də Sasani xatirələri Əbumüslim Xorasani, İsmailiyə, Xürrəmi, Maziyar və s. üsyanlarında yeni şəkli ilə ortaya çıxırdı. İslamiyət adı altında Sasaniliyi geri qaytarmaq istəyən farslar Əməvi dövlətini devirərək Abbasi dövlətini qurdular. Abbasi dövləti Sasaniliyin İslami modelinə doğru irəliləyən bir sistem idi və başbaxanları farslardan ibarət idi. Ancaq Mərkəzi Asiyadan Bağdada gətirilən türklər və digər tərəfdən Abbasilərdə yenidən ərəb milliyətçiliyinin Əməvi zamanında olduğu kimi baş qaldırması sarayda üç millət arasında rəqabət oluşdurmuşdu. Abbasi xilafətində türk, fars və ərəb gücləri qarşı-qarşıya gəlmişdi. IX əsrdə Xorasanda ilk Sasani-İslam yönümlü fars dövləti olan Tahiriyan dövləti qurulduqdan sonra farslar toparlanmağa başladılar. Sasanilərin devrilişi və Tahiriyan dövlətinin quruluşu arasındakı 200 illik zaman dilimini fars tarixiçiliyi “İki yüz il sükut” adlandırmışdır. Çünki Nişabur mərkəzli Tahiriyan dövlətinin quruluşu ilə fars dili və kimliyi yenidən dövlət düzeyində ortaya çıxmışdı. Tahiriyan dövlətinin quruluşundan etibarən Sasani varisləri xilafətlə anlaşma yolu ilə yavaş-yavaş irəliləməyə başlamışdılar. Ancaq bir də inqilabçı ruhu ilə xilafətə qarşı savaşan və xilafətin məşruiyətini qəbul etməyən hərəkətlər mövcud idi. Sasani qalığı olan bu hərəkətlərin ən güclüsü Babək Xürrəmdin hərəkəti idi. Hər şeydən öncə Babək Xürrəmdinin etnik kimlyindən və inancından asılı olmayaraq, onun böyük bir lider və komutan olduğunu qəbul etmək gərəkir. Ancaq bu ağıllı və görkəmli liderin türklüklə heç bir soy və kültür bağlantısı olmamışdır. Bu yöndə heç bir bilgi və bəlgə mövcud deyil. 23 illik Babək dönəmindən qalan bilgi və bəlgələr onun hissən və ruhən bir Sasani uzantısı olduğunu isbatlamaqdadır. Xürrəmilik və şirvinlik kimi inanc və yaşam biçimləri də Sasani kültürünə məxsus olaylar olmuşdur. Babəkin türklüklə bağlı olduğunu göstərən bir tək qaynaq da mövcud deyildir. Tarixi verilərə görə Babəkin ordusunda və Azərbaycanda o zaman türk olmamışdır. Babək türklərdən oluşan xilafət orduları tərəfindən yenildikdən sonra türklər Azərbaycanda yerləşməyə başlamışlar. Yenə də tarix verilərinə görə Babək türklərdən ibarət olan ordu tərəfindən yenilməsə idi, Azərbaycanda türk nüfusu olmayacaq və hər ehtimala görə Babəkin zəfəri ilə Sasanilik tam anlamı ilə yenidən canlanacaqdı. Bu yöndə araşdırmalarımıza davam edirik…
Babək Xürrəmdinlə ilgili mövcud bilgi və bəlgələri fars araşdırmaçı Səid Nəfisi bir kitabda toplayıb tərcümə edərək “Azərbaycan qəhrəmanı Babək” adı ilə yayımlamışdır. Demək olar ki, tarixçilərin Babək haqqında bütün məlumatı bu kitabda mövcuddur. Mənim amacım bu kitabı dilimizə tərcümə etmək deyil. Olayların arasındakı bağlantıları bəlli ölçüdə araşdırmaq söz qonusudur. Babək məsələsinə baxışda həm İranda, həm sovetlərdə bəlli yanaşmalar mövcud olmuş və Azərbaycan Cümhuriyətinin qurucuları da bu yöndə fikir bildirmişlər. Sovetlər Babəkin qırmızı bayrağının heyranı idi. Karl Marks məzdəkçiliyi Sasani kommunizmi adlandırmışdı. Babəkçilik də məzdəkizmin uzantısı idi. Bu səbəbdən də babəkçilik sovetlər üçün ideoloji fürsət olaraq ortaya çıxmışdı. Sovetzədə və İslam düşməni stalinistlər bu üzdən Babək məsələsini gündəmdə tuturdular. Sovet Azərbaycanında “Babək” adlı filmin çəkilişi də sırf bu üzdən idi. Bu filmlə Azərbaycana köklü bir kimlik təşkil etmək söz qonusu olmamışdı. Stalinist-ateist görüş üçün tarixi qaynaqlar aranmışdı. “Babək” filmində göstərildiyi kimi Azərbaycanın indiki domenant etnik kimliyi Babək Xürrəmdin gələnəyindən qaynaqlanmır, Əfşinin qələbəsindən qaynaqlanır. Bu günkü Azərbaycan milli kimliyinin demək olar ki, qurucularından biri Babək deyil də Əfşin olmuşdur. Sovetizmin Babəki qullanmasına ilk təpki müsavatçı öndər Rəsulzadədən gəlmişdir:
“Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə əks-inqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: “Hər hansı bir istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması—i n q i l a b , hər hansı bir məmləkətin Sovetlər Birliyindən çıxması isə əks-inqilabdır.”[6]
Rəsulzadə davam edir: “Müsəlman Şərqində bir çox şeylər dəyişmişdir. İslamiyyətdən əvvəlki dövrlərə aid olub dinə bağlılıq baxımından küfr rəmzi kimi rədd edilən milli oyanış dövründə özlərinə qarşı başqa münasibətdə olmağı istədilər. Babək Azərbaycanda belə adlardan biridir. “Babəki” sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi işlədilirdi. Dini ehkamlara əhəmiyyət verməyən azad düşüncəlilərə “babəki” deyirdilər. İndi isə Babək vətənpərvərliyin bir ifadəsi kimi işlədilir. Qırmızılar islamiyyət əleyhdarları olan bu simanı idealizə etməklə Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru çevirmək istədilər. Lakin haqqında danışdığımız “Azərbaycan” qəzetinin müəllifləri rus imperializminə qarşı mübarizə üçün etdikləri müraciətlərdə dəfələrlə misal olaraq, Babəki fədakarlığın bir örnəyi kimi təqdim edirlər. Bolşeviklər, yuxarıda dediyimiz kimi, Qafqaz istiqlal qəhrəmanı böyük Şamilin xatirəsini çox da yad etməzlər; Azərbaycanlı Cavad xanın şəxsiyyətini də tərifləmək istəmirlər.”[7] Bu, Babək Xürrəmdini bəhanə edərək Azərbaycanı fikrən, tarixi mənsubiyət duyqusu və ekonomik olaraq sömürən sovetlərə qarşı Azərbaycan Cühmhuriyətinin qurucusu Rəsulzadənin təpkisi olmuşdur.
Babəkin tarixi kimliyinin araşdırılmasına keçəlim. Kəleybərdəki Bəz qalası Babəkin türk olmadığının açıq göstərgəsidir. Türklərdə o dönəmlərdə qalalı savunma sistemi olmamışdır. Həm də heç kəsin və heç gücün ulaşa bilməyəcəyi belə qala düzəni türklərdə olmamışdır. Bu kimi dağa sığınma, Sasani sonrası fars savaş sistemi olmuşdur. İsmaililər də Həsən Səbbah timsalında buna bənzər qalaya sığınmışdılar. Türklər hər zaman yayılımcı və saldırqan ordulara sahib olmuşlar. Babək qalasının strateji qonumu, qala yapımının incələnməsi babəkilərin türk olmadığını göstərməkdədir. Babək qalası imperatorluq duyquları ilə yaşayan türklərin savunma düzənəyinə (mexanizminə) tərs kimi görünməkdədir. Xürrəmilərdən qalan sözlər, kültür və inanc şifrələri incələndiyində onların türk gələnək və görənəkləri ilə heç bir ilgilərinin olmadığı ortaya çıxır. Xürrəm və xürrəmdin sözlərinin də Sasani törələrindən gəldiyi üzərinə araşdırmaçılar fikir birliyi içindədirlər.
Ancaq Babəkin soysal kimliyindən asılı olmayaraq onun başlatdığı hərəkət Abbasi imperatorluğunu çökərtmək üzrə idi. “Babəkilər hərəkəti Abbasilərin iqtisadi gücünü məhv etdi. Ötə yandan xilafətin hakimiyət gücünün əsas ünsürü olan ordusu dağıldı və bunun sonucunda da Abbasilər üçün sonradan güçlü bir təhlükə türklərdən oluşan ordu quruldu. Xilafətin tabeiliyində olmayan xalqların Abbasilərlə savaş təhlükəsini ortadan qaldırdı. Abbasilər xilafətinin parçalanması ilə ilişkin olaraq yarıbağımsız və bağımsız ölkələrde feodal ilişkilər hızla gəlişdi. Abbasilər hegemonyasından qurtulan feodallar ölkədən topladıqları xəracı artıq xilafət xəzinəsinə göndermir, kəndi torpaqlarında sərf edirdi ki, bu da feodal ürətim üsulunu hakim gücə dönüşdürmüşdü.”[8] Bunun yanısıra babəkilər hərəkətinin etkisi altında təriqətlərin ideolojik Mücadiləsi daha da şiddətlənirdi. İslam qurallarına qarşı mücadilə başladan bəzi yeni qruplar, təriqətlər də qurulurdu. Bəzi tarixçilər tərəfindən İsmaili sayılan Qərmətilər bilə dini ayinlərin icrasına önəm vermir, Quranda yazılanlara etiqad göstermirdilər. Məkkəyə ziyarətə gedənləri ya geri göndərir, ya da mallarını soyub talıyır və işkəncə edirdilər. Çox ilgincdir ki, qərmətiləlr 929-cu ildə Məkkəyə hücum edib şəhri dağıtdıqdan və hacı adaylarını soyduqdan sonra Kəbədəki qara daşı da başkəndlləri əl-Həsa şəhrinə aparmışdılar.[9]
“Nəfisi Məcməl-ul təvarix vəl-qisəs (Bütün tarixlər və nağılları) kitabından rəvayət edərək yazır: “Məzdək Ənuşirəvan Sasani tərəfindən öldürüldükdən sonra onun qadını Xürrəmə Reyə qaçdı. Orada əhalini Məzdəkin inancına dəvət etməyə başladı və yeni hərəkətin adı “xürrəmə” adlandı. Harun- ul Rəşid zamanında xürrəmilik daha da gücləndi. Babək bu zaman bir mehtər olaraq xürrəmilərə qatılmışdı.”[10] O zaman məzdəkçilik nə olmuş?
Məzdəkçilik azadlıqsevər və iştirakçı hərəkət idi. “Təbəri tarixi”ni təlif edən Bələ´mi deyir: “Məzdək qadınlar üzərinə haqqın olmasını ortadan qaldıraraq dedi: “Böyük Tanrı bu dünyanı açıqca dürüst yaratdı. Birini üstün, digərini aşağı yaratmadı. Böylə də olmalıdır və qadınlara da dürüst davranılmalıdır. Qadının haqqı az, kişinin haqqı artıq olmamalıdır… dərviş və zəngin mal paylaşımında bərabər olmalıdır.”[11] Görüldüyü kimi, xürrəmilik bir inanc düzəni olaraq, kökən etibarı ilə Sasaniliyə dayanmaqdadır. Babəkin zamanında Azərbaycanda Sasani izləri hələ silinməmişdi. Babəkdən daha öncə də üçüncü xəlifə Osmanın zamanında “Azərbaycanda xilafətə qarşı Mehrdad rəhbərliyində üsyan baş qaldırmışdı. Üsyanın mərkəzi Urmu idi. Bu qiyam basdırldı.”[12]
Abbasqulu Bakıxanov kimi bəzi araşdırmaçılar “Azərbaycan” sözünün etimologiyası üzərində durduqlarında onu Babəklə bağlantılı olaraq açıqlamışlar. “Ehtimala görə, Azərbaycan sözü “Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş şəklidir.”[13]
Əbuhənifə Dinəvəri “Əxbar-ul təval” (xəbərlər boyunca) kitabında yazır: Babək, Əbumüslim Xorasaninin qızı Fatimənin nəvəsidir.[14] Xürrəmilər batinilərə mənsub olmuş və bir çox məhrəmatı ortadan qaldırmışdılar. Qubad Sasani zamanında ortaya çıxan məzdəkilər kimi qadınları da ortaqlaşa paylaşdılar. Qubadın oğlu Ənuşirəvan Məzdəki öldürsə də, xürrəmilər Məzdəkin yolunda olmuşlar.[15] Anlaşılan xürrəmiliyin ən önəmli öndəri və savaşçısı Babək olmuşdur. Çünki o, bütün xürrəmiləri öz liderliyi altında birləşdirib bütünləşdirə bilən savaş stratejisi uzmanı olmuşdur. Ufi “Cəvame-ul hekayat” kitabında yazır: “Babək bir milyon müsəlman öldürdü.”[16] İbni-Xəldun yazır: “20 il sürəsincə Babək 155 min müsəlman öldürdü.”[17] Bütün bu verilər Babəkin necə böyük bir komutan olduğunu göstərməkdədir. Bu başarılı komutanla ərəb və hətta fars orduları da baş edə bilməmişdilər. Çünki farsların Tahiriyan dövlətini quran öncüləri Babəkin böylə köklü inqilabını qəbul etmirdilər. Tahiriyan daha ılımlı olaraq, Abbasilərin içinə girib və oradan Sasaniliyə doğru uzanmaq istəmişdi. Bu üzdən də Tahiriyan və Babək arasında anlaşılmazlıq var idi. “Xürrəmilik zahirən məzdəkiliyin İslam sonrası davamı idi. İslamı qullanaraq Sasani dövlətini diriltmək istəyən farsların hədəflərinə xürrəmilik uyqun olmadığı üçün onlar da ərəblərlə bir yerdə xürrəmi hərəkətinə qarşı çıxır və Babəkə qarşı xilafətin yanında yer alırdılar.”[18] Digər tərəfdən Abbasilər farsların xilafəti tam olaraq ələ keçirmələrindən qorxurdular. Sırf bu amacla başqa seçənək düşünmüşdülər. Türküstandan savaşçı türkləri paralı əsgər olaraq orduya almağa başladılar. Abbasi xəlifələri bu yolla həm Tahir oğullarının önünü kəsmək istəmiş, həm də Babəkə qarşı türk savaşçıları səfərbər etmişdi. Türklər daha sonra güclənib xəlifələri dəyişə biləcək, hətta xəlifələri öldürüb yerinə başqa xəlifə gətirə biləcək imkanlara sahib oldular. “Babəkilər hərəkətinin etkisi sonucunda mərkəzi hakimiyəti ələ keçirən türklər xilafətin parçalanmasını hızlandırıb xilafətin və xəlifələrin qədərini bəlli etməyə başladılar.”[19] Böyləcə xilafət həm Tahiriyan, həm də Babəki zərərsizləşdirmək üçün türk amilini devrəyə soxmuşdu. Bu türk komtanlardan ən önəmlilərindən biri Əfşin idi. “Əfşin, İslamdan öncə Orta Asiyada Uşrusənə, bölgəsinin yerli prenslərinə verilən bir ünvandır.”[20] “Əfşin xilafət üçün də təhdid olaraq görünürdü. Bunu hiss edən xəlifə 841-ci ildə onu öldürtdü.”[21]
Babəkilər hərəkəti Abbasilər xilafətinə həm iqtisadi, həm də siyasi yöndən öylə ağır zərbə vurdu ki, xilafət bir daha istiqrarı sağlayamayıb, dağılma sürəcini yaşamağa başladı. Abbasi xilafəti Babəklə savaşda yarım milyon əsgərini itirmişdi. Bu, əski dünya və orta çağ tarixində görülən nadir hadisədir. Babəklə savaşda xilafətin iqtisadiyatı tamamən çökdü. Xilafətin Orta Asiya və Uzaq Doğu ilə olan ticari əlaqələri kəsilmişdi.[22]
Məmun dönəmində xürrəmi hərəkətı yeni öndəri olan Babəklə daha da canlandı. Babək xürrəmi yandaşları ilə 23 il Abbasi xilafətinə qarşı savaşdı. Xəlifənin varlığını tam olaraq tarixdən silmək üzrə idi. Azərbaycanın Qaradağ bölgəsində iştiraka dayanan bir cümhuriyət təsis etmişdi. Bu hərəkət o dönəmdəki iqtisadi, siyasi və dini dəyişim və dönüşümlərin nəticəsi idi. Babəkin hərəkətı böyüyərək sürətlə yayılmağa başladı. Fars, erməni, kürd, rum və hətta ərəb kimi qövmlər bu hərəkətə qatıldılar. Bağdadinin söylədiyinə görə “Sadə xalq kütləsi dəstə-dəstə Babəkə qatılaraq onun inancını qəbul edirdi. Azərbaycanda onun savaşçılarının sayı 300 min nəfərə çatmışdı.” Təbəri yazır: “Həmədan dağlarından, İsfahandan və Mehrcandan kütlələr Babək hərəkətına qatılmışdı.”[23] Buradakı bilgilərin şüubilər tərəfindən oluşdurulduğunu düşünmək gərəkir. Çünkü “cümhuriyət” sözü son 250 ilin siyasi anlayışı olmuşdur.
Babək məcusi və iranlı idi (Buradakı iranlı türk olmayan bir etnosa işarədir – G. G). Ancaq onun müxaliflərinin iddia etdikləri kimi, Babək İslamı ortadan qaldırmaq istəmirdi. Çünki tarixi bilgilərə görə bir çox müsəlman ərəb də xürrəmi hərəkətə qatılmışdı. Babəkin insanların inancı ilə işi yox idi. Babəkiliyin ən aşırı düşmənləri yazırlar ki, “Babək Azərbaycanda olan müsəlmanların ibadət məsələlərinə qarışmırdı. Babəkilər, hətta onlara məscid tikimlərində yardımçı olurdular.”[24] Babək qiyamının iki əsası var idi:
· Torpağı sahibindən alıb onun üzərində çalışanlarla paylaşaraq feodalizmi ortadan qaldırmaq.
· Qadınları köləlikdən azad edərək onları kişilərlə bərabər hüquq səviyəsinə gətirmək.[25]
Buradakı bilgilərdə abartılmış olaraq görünməkdədir. Xürrəmiliyin qadınlarla bağlı İslamdan fərqli yanaşmada bulunması qadın haqları kimi yorumlanmışdır. Qadın haqları da yeni bir olaydır və o çağda böylə bir haq fəlsəfəsi olmamışdır. Müqayisə ediləcək olursa, İslamdakı qadın haqları heç bir dində olmamışdır. Xürrəmilərdə qadın haqlarının nə olduğu bəlli deyil. Qadın haqları deyyildiyində onlara hansı haqlar tanınmışdır? İslamda isə qadın haqları zaman axışı içində genişləyən haq anlayışdır.
“Babəkilər qadınları cəmiyətin bərabər hüquqlu üzvləri kimi sayırdılar. Qadınlar kişilərlə bir yeyir, birlikdə çalışır, birlikdə savaşırdı. Onlardan bir çoxu hərbi toplantılara da qatılırdı. Babəkilik İslama, Xristianlığa, Buddizmə qarşı olmuşdur.”[26]
Xürrəmi hərəkəti Əbumüslim Xorasaninin ölümündən sonra 754-cü ildə ortaya çıxdı. Bəziləri Əbumüslimin ölümünə inanmadılar və onun geri dönəcəyinə inandılar. Onun geri dönüb və Əməviləri devirdiyi kimi, bu dəfə də dünyanı ədalətlə dolduracağına inanırdılar. Bəziləri də onun ölümünə inanır və qızı Fatiməni imam olaraq qəbul edirdilər. Onun qızını imam olaraq qəbul edənlərə “müslimiyyə” və ya “fatimiyyə” deyirdilər. Xorasanda Sünbad Əbumüslimin intiqamını almaq üçün qiyam etdi. Ancaq onun qiyamı 70 gündən sonra söndürüldü. Xürrəmiliklə Əbumüslim arasında bağ quranlar da var. Xürrəmi hərəkət sosial təmayül baxımından məzdəkilərə, siyasi və dini baxımından şiəyə yaxın idi. Xürrəmilər müxtəlif firqələrə bölünmüşdülər. Ancaq bütün firqələr tənasüxə (Transmogrification-ruhun bədəndən bədənə keçməsinə) inanırdı. Xürrəmilər deyirdilər ki, rəsulların (kitabı olan peyqəmbər) və nəbilərin (kitab olmayan peyqəmbərlər) təlimləri fərqli olsa da, hamısının qaynağı birdir. Xürrəmilərin özlərinə xas imamları var idi. İxtilaf zamanı onlara müraciət edirdilər. Xürrəmi inancının əsasında işıq və qaranlıq durmaqdadır. İstəxri deyir: Xürrəmi kəndlərdə namaz qılmaq və Quran oxumaq üçün məscidlər də var. Ancaq batində heç bir dinə inanmazlar.[27]
Babəkçiliklə məzdəkçilik arasında sosial hüquq baxımından çox yaxın ilişkilər olmuşdur. Bu üzdən də Bağdadi deyir: “Xürrəmilər Məzdək məzhəbindən idilər.”[28] Babəki bu yolda başarılı edən zənginlərin yoxsullara etdikləri zülm idi. Zülm altında inləyənlər Babəkə sığınırdılar. Yəqubi yazır ki “Babək hərəkəti ortaya çıxalı yoxsulların zalimlərə qarşı üsyan etməsi hər gün bir az daha artmağa başladı. Öz feodallarına qarşı çıxaraq onları yağmalayıb Babəkə sığınırdılar.”[29] Babək haqqında müxtəlif sözlər söyləndiyindən xürrəmiliyin gerçək kimliyi bilinməz qalmışdır. Gerçək olan budur ki, babəkilər ruhlarının maddi çirkaba bulaşmaması üçün çalışırdılar. Xürrəmi zahidlərin haram saydığı ət kimi ürünləri yemirdilər.[30] Şəhristani yazır: “Xürrəmilər deyirdilər ki, dinlər və şəriətlər arasında fərq olsa da, hamısının qaynağı birdir. Vəhy heç bir zaman kəsilməz. Kimsə bir dinə inanır və inancına görə savab və cəza bəkləyirsə, xürrəmilərə görə o, dürüst adam sayılırdı. Bu üzdən də xürrəmilərə qarşı hansısa bir din savaş açmasa idi, xürrəmilər ona qarşı çıxmırdılar. Babəkçilər onlarla savaşılmadığı sürəcə qan tökməkdən də xoşlanmırlar.”[31]
Xəlifə Məmun, 821-ci ildə Babəkə qarşı qüvvətlər göndərdisə də, artıq gec qalmışdı. Çünkü Babək, üzərinə göndərilən qüvvətləri ərazinin kəndisinə bəxş etdiyi imkanları qullanmaq surətiyllə məğlub etməkdə çətinlik çəkməmişdi. Məmunun son illərində, Bizansla uğraşması səbəbi ilə bu tərəfə gərəkkən önəmi verməməsi, Babəkə daha rahat hərəkət etmə imkanı vermişdi. Necə ki, Mötəsəm xəlifə olduğu zaman əl-Cibal, Həmədan və İsfahan bölgələrindəki xalqın böyük bir qismini Xürrəmiliyi mənimsəyərək Babək üsyanına qatılmışdı. Mötəsəmin bunlarin üzərinə Haşim ibni Baticur adındakı bir türk komutanı böyük bir ordu ilə göndərdi. Ancaq Babək bu ordunu məğlub etdi və xilafət üzərindəki xürrəmi təhlükəsi daha da böyüdü.[32]
835-ci ilin qışını Bərzənddə keçirən Əfşin, yazda Babəkə qarşı hərəkətə keçib, Boğa idarəsindəki birlikləri Həştadsər üzərinə göndərirkən, kəndisi də Bəzzə doğru irəliləyərək buranın 6 mil yaxınında bulunan Dərvazda qərargah qurdu. Ancaq bu sırada Əfşinin xəbəri olmadan Boğa, Bəzzə doğru yürüyərək şəhərə olduqca yaxınlaşmışdı. Boğanın irəlilədiyini öyrənən Babək saldırıda bulunaraq onun birliklərinə ağır zərər verdi. Canını zorluqla qurtara biləln Boğa, Əfşindən yardım istədi. Əfşin də qardaşı Fəzl kumandasında təqviyə qüvvətləri göndərdi.[33] Boğanın məğlubiyətindən sonra Babəkə qarşı 836-cı ilin yazında ümumi bir hücumun edildiyi görülməkdədir. Əfşin qüvvətlərini iki qismə ayırıb bir qismi Boğanın idarəsində, digər qisminin də başında kəndisi olduğu halda iki qoldan Bəzzə doğru hərəkətə keçdi. Şiddətli bir fırtınanın başlaması üzərinə Boğa, Əfşindən xəbərsiz öz qərargahına döndü. Ertəsi gün Əfşin, Babəkin qərargahına hücum edərək bol miqdarda əsir və qəniymət ələ keçirdi. Əsirlər arasında babəkin qadını da var idi. Əfşin bu uğurundan sonra dərvazdakı qərargahına döndü. Əfşinin döndüyündən xəbəri olmayan Boğa, havanın düzəlməsi üzərinə təkrar Bəzz istiqamətində hücuma keçdi. Əfşinin geri döndüyü xəbərini alınca hücumdan vaz keçərək qərargahına geri çəkildi. Babəkin qüvvətləri Boğanı yalnız yaxalayınca onu təqib etdilər. Ərazinin uyqun olmaması səbəbi illə Boğa gündüzləri yürüşünə davam edir, gecələri güvənli bir yerdə qalırdı. Yenə böylə qaldığı bir sırada hücuma uğrayan Boğa ağır itkilər verərək Həştadsərə çəkildi. Bir müddət orada qaldıqdan sonra Əfşinin əmri üzərinə qışı keçirmək üçün Marağaya döndü. Əfşin də qış fəslinin gəəlməsi səbəbi ilə birliklərini qərargahlara dağıtdı.[34] Qışı Bərzənddə keçirən Əfşinə, yazda Mötəsəm tərəfindən İnaq və Cəfər ibni Dinar nəzarətində göndərilən təqviyə qüvvətlləri taxıl və para gəldi.[35] Bunu xəbər alan və durumunun getdikcə kötüləşdiyini hiss edən Babək, Bizans imperatoru Theophilos´a məktub yazaraq, ondan Abbasi xilafətinə saldırmasını istədi.[36] Xəlifədən aldığı qüvvətlərlə ordusunu təqviyə edən Əfşin, Bərzənddən ayrılaraq Bəzz yaxınlarında bulunan Kəlanruzda qərargah qurdu. Babək də qarşı hərəkətə keçərək Azin adlı kumandanını Əfşinə qarşı göndərdisə də, Əfşin bir gecə basqınında Azinin qüvvətlərini darmadağın etdi.[37]
İki ildən bəri Babəklə savaşan Əfşin tətbiqatının son nöqtəsinə gəlmişdi. Bölgənin uyqun olmaması, qısa zamanda qəti nəticə almağı gecikdirməkdə idi. Bu üzdən hədəfə doğru qisa məsafələrlə irəliləyən Əfşin 837-ci ilin əvvəllərində qış olmasına baxmayaraq Bəzz önündə qərargahını quraraq şəhəri mühasirə etdi. Ordusunu müxtəlim bölümlərə ayıraraq hər bölümün başına güvəndiyi kumandanları təyin etdi.[38] Bəzz mühasirə edilməsinə rəğmən, Əfşin, əmniyət mülahizəsi ilə bir türlü ümumi hücuma keçməyə cəsarət edə bilmirdi. İki ordu arasında bir vadinin bulunması, ətrafın sıx ormanlarla bürünmüş olması Bəbəkə çox yaxşı savunma imkanı veridi. Bu durumda hücum edən tərəf üçün böyük təhlükə mövcud idi. Vadidə ormanlar içində pusuda bəkləyən Babəkin qüvvətlləri Əfşin üçün təhlükə qaynağı idi. Fəqəqt mühasirənin uzaması Əfşinin səbrini daşırdığı kimi Babəkin savunma tədbirlərinin ortaya çıxmasına da yardım edirdi. Əfşin, nəhayət ordusunun ümumi arzusuna boyun əyərək toplu hücuma keçiləcəyini bildirdi.[39]
Əfşin, kumandanlarına şəhərin ətrafında müxtəlif kəsimlər təyin edərək saldırıya keçdi. Bəşir-əl Türki əmrindəki bir birlik də şəhərin qarşı tərəfində savunmada bulunan Azinin üzərinə göndərildi. Bəşir, ani bir hücumla Azini məğlub edərək Bəzzi arxadan sıxışdırmağa başladı. Artıq sonunun yaxınlaşdığını anlayan Babək, Əfşindən aman istəyində bulundu. Əfşin tərəfindən təklifinin qəbul edilməsinə rəğmən, o, zaman qazanmaq qayəsiylə aman fərmanının xəlifə tərəfindən imza edilməsi şərtini irəli sürdü. Bu təklifi qəbul edən Əfşin, kumandanlarına savaşı durdurmaları üçün əmr göndərdiyi sırada, Bəşir əl-Türki yönətimindəki Fərqanəlilərin şəhərə girdiyini öyrəndi. Bunun üzərinə bütün ordu hücuma keçərək Bəzzə girməyə müvəffəq oldu. Şəhər içində şiddətli çarpışmalar başladı. Babəkin sarayı yaxıld. Bu qarşılıqlardan istifadə etməsini bilən Babək qaçmağa müvəffəq oldu. Bəzz üç gün ərzində yağmalanıb təxrib edildi.[40] Devrin məşhur şairləri Əfşinin bu zəfərini qutlayaraq ona mədhiyələr yazmışlar. [41]
Babəkin yenilgəsindən sonra bölgəyə türk axınları başlamışdır. Babək öldürüldükdən sonra xürrəmiləri tam olaraq təmizləmək üçün xilafət türklərdən oluşan orduları Azərbaycana göndərmişdi. Əski çağlarda özəllikllə inanc savaşlarında qorxunc soyqırımlar gerçəkləşirdi. Məlum olur ki, Azərbaycana gələn türk savaşçılar bütün xürrəmi kişiləri qətl edərək qadınlarını və qızlarını da özlərininki etmişlər. Hər türk savaşçısının saysız xürrəmi qadını olmuşdur. Azərbaycanda türk nüfusu həm bu törəmələrdən, həm də savaşçı türklərin bölgəyə axını ilə artmağa başlamışdır. Bir sözlə, Babəkin məğlubiyəti ilə Azərbaycanda xürrəmi və Sasani qalıqları tamamı ilə yox edilərək yerinə türk ünsürü yerləşməyə başlamışdır. Bu qonuya Ə. Elçibəy “Tolunoğulları dövləti” kitabında bu şəkildə işarə edər:
“Babəkin məğlubiyətindən sonra da üsyanlar davam etmişdi. Üsyanları basdırmaq üçün xəlifə yenə də türklərdən oluşan ordunu göndərmişdi. “Boğa 200 min ordusu ilə Ərəbistandan Erməniyəyə göndərildi… Ordu üç qola ayrıldı. Birinci bölük Samsuna, ikinci bölük Mərkəzi Erməniyəyə və üçüncü bölük Albaniyaya… Daha öncə də Türk Zirəkin 200 min ordusu ilə Azərbaycana göndərildiyini söyləmişdik. Bizə görə bunlar geri dönməmişdir. Geri dönmələri ilə bağlı heç bir qaynaq yoxdur…”[42] Bu verilərdən yola çıxaraq Azərbaycanın türkləşmə sürəcinin Babəkin məğlubiyətindən sonra başladığını düşünmək mümkündür. Azərbaycana və Albaniyaya axın edən çoxsaylı türk orduları bu yerlərdə məskunlaşmağa başlayaraq, çoxqadınlı ailə qurub yaşamalarına davam etmişlər.
Xürrəmilik Sasani nostalgiyası kimi sonrakı dönəmlərdə də etkisini sürdürmüşdü. “Məlikşahın dövründə Həsən Səbbah, bir çox xüsuslarda xürrəmilərin qanunlarına əsaslanaraq, mülhidlərin çirkin məzhəbini meydana atdı. O, ətrafına canından keçən bir çox fədai toplayıb fitnə-fəsad yolu ilə öz əzəmət və istibdadını artırdı.”[43] “11-ci yüzilin sonlarında yeni bir güc ilə üsyan edən Batinilərin Orta Doğuda qorxunc bir hərəkətə dönüşməsində də babəkliyin önəmli etkisi olmuşdur.”[44] “Y. Belyayevə görə xürrəmilər xristianlığa İslamdan daha yaxın olmuşlar.”[45] Elçibəy bu kitabında Səfəvilərlə xürrəmilik arasında bağların olduğunu və Səfəvilərin xürrəmiliyi təbliğ etdiklərini də söyləməkdədir. “Babəkilik etkisi Azərbaycanda 16-cı yüzildə də etkisini göstərmişdir. Səfəvi dövlətini quran Şah ismayıl atası Şeyx Heydərin tərəfdarları arasında Babəkiliyi təbliğ etmişdir.”[46]
Səfəviliyin Sasani kimliyinin dirilişi olduğu qonusunu bir çox yazılarımda yazmışam və Səfəviliyin xürrəmiliyə bu baxımdan xoşgörü ilə baxması da anlaşılandır. Çünki Sasani dövlətinin devrilişindən sonra ortaya çıxan Sasani kimliyi mehvərli bütün qiyamlar sanki Səfəvi dövlətini qurmaq üçün olmuşdur. Sasani mehvərli Səfəvi dövləti Sasani İslam anlayışını mənimsəmiş olan qızılbaş türklər, ya da inanc və ülkü olaraq farslaşan türklər tərəfindən qurulduqdan sonra indiki İranda bütün qiyamlara son verilmiş və birmərkəzli Sasani sayağı dövlət qurulmuşdur.
Son olaraq böylə bir sonuca varmaq mümkündür ki, xürrəmilik və onun lideri Babək Xürrəmdin xilafətə qarşı möhtəşəm dirəniş göstərib savaşsa da, türklüklə ilgilərinin olmadıqları ortadadır. Babək məğlub olmasaydı Azərbaycanda və Anadoluda türklərin məskunlaşması da mümkün olmaya bilərdi. Xürrəmilik sovetlərdə və İranda tərəfsiz araşdırılmamışdır. Sovetlərdə xürrəmilik türk-İslam düşmənliyinə xidmət etdiyi kimi, Səfəvi sonrası İranda, özəlliklə 20-ci əsrdə xürrəmilik fars-Sasani milliyətçiliyinə xidmət etmişdir.

Güntay Gəncalp
**********************************************

[1] A. BAKIXANOV GÜLÜSTANİ – İRƏM Bakı –2000, Tərcumə edəni M. Əskərli
[2] Nasir Purpirar “on iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 140.
[3] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 138.
[4] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 135-136, ətək yazı, Henrik Samuel Niberq “Əski İran dinləri”.
[5] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 138.
[6] Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu” Çağdaş Azərbaycan tarixi bölümü, Gənclik Bakı 1991, s. 94.
[7] Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu” Çağdaş Azərbaycan tarixi bölümü, Gənclik Bakı 1991, s. 101.
[8] Ebülfez Elçibey, Tolunoğulları devleti, Ötüken neşriyatı, 1997, s. 48.
[9] Ebülfez Elçibey, Tolunoğulları devleti, Ötüken neşriyatı, 1997, s. 48.
[10] Səid Nəfisi “Babək Xorrəmdin delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s. 16.
[11] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162.
[12] Kurt Frischler´in ”Peyqəmbərdən sonra Hz. Ayişə” (Ayişə bə´d əz peyqəmbər). s, 360-366.
[13] A. BAKIXANOV GÜLÜSTANİ – İRƏM Bakı –2000, Tərcumə edəni M. Əskərli
[14] Səid Nəfisi “Babək Xorrəmdin delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s. 17.
[15] Səid Nəfisi “Babək Xorrəmdin delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s. 17-18.
[16] Səid Nəfisi “Babək Xorrəmdin delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s. 18.
[17] Səid Nəfisi “Babək Xorrəmdin delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s. 19.
[18] Qulamhüseyn Zərrinkub, “İki əsr sükut” (Do qərn sokut), s. 188.
[19] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 46.
[20] W. Barthold, Moğol İstilasına Kadar Türkistan, hzr. H. Dursun Yıldız, Ankara, 1990, s. 228.
[21] Ebülfez Elçibey, ”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 43.
[22] Ebülfez Elçibey, “”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 24-25.
[23] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162-163.
[24] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[25] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[26] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38-39.
[27] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162.
[28] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[29] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[30] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[31] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163-164.
[32] Yaqubi, Tarix, II, 575.
[33] Təbəri, III, 1188; İbni əl-Əsir, VI, 456; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 198-199.
[34] Təbəri, III, 1188; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 199.
[35] Təbəri, III, 1195; İbni əl-Əsir, VI, 461; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 200.
[36] Təbəri, III, 1234; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 200.
[37] Təbəri, III, 1195; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 200.
[38] Təbəri, III, 1201; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 200.
[39] Təbəri, III, 1205; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 201.
[40] Yaqubi, II, 579; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 201.
[41] Təbəri, III, 1233; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 202.
[42] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 32-33.
[43] A. BAKIXANOV GÜLÜSTANİ – İRƏM Bakı –2000, Tərcumə edəni M. Əskərli.
[44] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 37.
[45] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38.
[46] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38.

Yorumlar