KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan hansı yolun başlanğıcındadır?

Azərbaycan hansı yolun başlanğıcındadır?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
364 0

Gürcüstan rəsmilərinin mütəmadi olaraq Azərbaycana səfərləri iki ölkə arasındakı strateji əməkdaşlığın xarakterindən irəli gəlir. Təsadüfi deyil ki, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni Bakıda qəbul edən prezident İlham Əliyev sadalamadığı sahə qalmadı ki, orada iki ölkə arasında əməkdaşlıq olmasın. Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğulayan İlham Əliyev görüşdə bütün istiqamətləri bir-bir sıraladı: siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrlər.

Buna baxmayaraq, gürcü nazirlə görüşdə Azərbaycan prezidenti müsbət nəticələr verən əməkdaşlığın daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd edib.

İlham Əliyevin “ölkələrimizin bir-birinə yaxınlaşması üçün səylərin artırılması vacibdir” ifadəsi Cənubi Qafqazda yaranan durumla da bağlıdır. Azərbaycanla Ermənistan arasında hər an müharibə başlaya bilər. Azərbaycan ordusu işğalçının Dağlıq Qarabağ ətrafındakı postlarını və hərəkət edən texnikasını hədəf götürüb. Məqsəd Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaldılmasını sürətləndirməkdir.

Belə vəziyyətdə rəsmi Bakı Gürcüstanın neytral qalmasını deyil, birtmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini istəyir. Azərbaycan Gürcüstana milyardlarla dollar yatırıb qoyub, böyük enerji layilərində iştirakına şərait yaradıb və növbədə yeni enerji və nəqliyyat layihələri gəlir. Rəsmi Tiflis buna görə Azərbaycana minnətdardır. Ancaq rəsmi Tiflisin Azərbaycanla Ermənistan arasında siyasi balans saxlaması Bakıda zaman-zaman suallar yaradır. Rəsmi Bakı Tiflisdən “Azərbaycanın işğal altındakı torpaqları boşaldılmalıdır” və “Dağlıq Qarabağ Azərbaycan ərazisidir” kimi cəsarətli açıqlamalar gözləyir.

Gürcüstanın xarici işlər naziri Azərbaycan prezidentindən sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonrakı birgə brifinqdə hər iki nazir “Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyirlər” ifadəsini səsləndiriblər. Ancaq Azərbaycan və Gürcüstan cəmiyyətləri işğala son qoyulmasıyla bağlı daha konkret mesajlara ehtiyac duyurlar. Məsələn gürcü nazirin dilindən “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” ifadəsinin səslənməsi bizim üçün nə qədər vacibdirsə, eyni sözlərin azərbaycanlı nazirin dilindən Abxaziya və Cənubi Osetiya üçün səsləndirilməsi gürcü cəmiyyəti üçün əhəmiyyətlidir. Bu olmayınca, hər iki tərəf ərazi bütövlüyü ilə bağlı ümumi ifadələr səsləndirməkdə davam edəcəklər. Rəsmi Bakı bu yolla Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiyanı qıcıqlandırmaq istəməyəcək, Rəsmi Tiflis isə Azərbaycanla strateji əlaqələrə rəğmən, Ermənistanın ünvanına sərt ifadələrdən çəkinəcək.

Nazirlərin görüşündə GUAM-dan (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) da danışılıb. Bildirilib ki, yaxın bir neçə ay ərzində GUAM-ın xarici işlər nazirləri səviyyəsində görüşü nəzərdə tutulur. Elmar Məmmədyarov bildirib ki, gürcü həmkarı ilə GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışıblar. “Müəyyən layihələr var” deyən Məmmədyarov prosesi sürətləndirməyə çalışdıqlarını deyib.

Buna baxmayaraq, GUAM-ı yaxşı mənada silkəlmək getdikcə çətinləşir. Ukraynın baş naziri Vladimir Qroysman hələ keçən ilin noyabr ayında GUAM ölkələrinin baş nazirlərinin Kiyevdə toplantısını keçirmək istəyirdi. Alınmadı. Halbuki, Qorysman da Məmmədyarov kimi bu toplantıda GUAM-ı məhz iqtisadi baxımdan hərəkətə gətirəcək mövzuları müzakirə etmək istəyirdi. Moldovada ruspərəst İqor Dodon prezident seçildikdən sonra isə GUAM-la bağlı sualların sayı daha da artıb. Dodon prezident seçilən kimi ilk xarici səfərini Rusiyaya edib və Moskada bəyan edib ki, Avropa İttifaqı ilə assosiativ sazişə son qoymağı və NATO ilə əməkdaşlığı dayandırmağı planlaşdırır. Dodonun GUAM haqqında nə düşündüyü bəlli deyil, çünki bu mövzuda ümumiyyətlə bir kəlmə də işlətməyib. Ancaq aydındır ki, hazırda Moldova GUAM-ın ən zəif bəndidir.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Avropa İttifaqı ilə münasibətlərə də toxunub. Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam etdiyini deyən gürcü nazir fikirini bu sözlərlə yekunlaşdırıb: “Azərbaycanı Avropa İtifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”.

Avropa İttifaqı ilə interqasiya məsələsində Gürcüstan Azərbaycandan xeyli irəlidədir. Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb, sazişdəki bəndləri yerinə yetirir, Brüssellə əməkdaşlığın inkişafında vacib şərt olan Dünya Ticarət Təşkilatının üzvüdür, nəhayət bunların qarşılğında Avropa İttifaqı Gürcüstan vətəndaşlarına tədbiq etdiyi vizanı ortadan qaldırıb. Bütün bunlardan Azərbaycan məhrumdur. Qeyri-neft sekoturunun inkişafına qərar verən Azərbaycan hakimiyyəti Gürcüstanın Avropa İttifaqı ilə getdiyi yolun hələ başlanğıcındadır. Gürcüstanın Avropa İttifaqına sürətli inteqrasiyası Azərbaycanın da bu istiqamətdə sürətini artırmalıdır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir