Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Azərbaycanla Türkiyə bir evdə iki qardaşdır”

Azerbaycan, Gündem 16 Ocak 2016
798

“Azərbaycanla Türkiyə bir evdə iki qardaşdır”

Yanvarın 14-də qardaş Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 24-cü ili tamam oldu. SSRİ-nin parçalanması nəticəsində, yüzlərlə şəhid verərək azadlığına qovuşan Azərbaycanın müstəqilliyini tanıyan da (9 noyabr 1992-ci il) elə Türkiyə Cümhuriyyətidir. 1992-ci il yanvar ayının 14-də Azərbaycanla diplomatik əlaqələr yaradan Türkiyə elə həmin vaxtdan da Bakıda səfirlik açıb. Yeri gəlmişkən, Azərbaycanın diplomatik missiyası Ankarada 1992-ci ilin avqustunda fəaliyyətə başlayıb.

Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türkiyənin mərhum prezidenti Turqut Özalın 1992-ci il may ayının 1-də üçgünlük səfəri zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyənləşdirdi. İlk gündən başlayaraq, Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycana hər cür yardım göstərib.
Can verərkən çapalayan, yapışmaq üçün ətraflara əl atıb, cırmaq çəkən SSRİ pərdəsinə bürünmüş Rusiya İmperiyasının qəzəbindən çəkinməyən Türkiyə hər şeyi düşünərək, sovet dövlətinin parçalanmasını rəsmiləşdirən addım atmaqla, yəni Azərbaycanı tanımaqla, məncə, əslində, təbii qardaşlıq borcunu yerinə yetirdi. Bu borcu biz azərbaycanlılar da başa düşürdük və indi də ona sədaqətliyik. Belə olmasaydı, azğınlaşmış rus-sovet ordusunun qarşısına silahsız, amma silahdan daha vacib olan qürur mənbəyimizlə – Azərbaycan Demokratik Cümhuriyyətindən yadigar qalmış üçrəngli bayrağımızla yanaşı, Türkiyənin al-qırmızı bayrağı ilə çıxmazdıq…
İki dövlətə ayrılmış bir millətimizin bu müqəddəs günündə Türkiyənin say-seçmə vətəndaşları nə düşünür? Fikirlərini öyrənmək maraqlı olardı, ona görə də bir neçə ictimai nüfuz sahibinə müraciət elədim. Onları dinləyək:
Hasan Oktay, KAFKASSAM-ın direktoru:
– “İki dövlət, bir millət” şüarının həyata keçirildiyi, eyni bölgədə yerləşən Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələr ilk gündən indiyədək yüksələrək davam etməkdədir. Elə bunun nəticəsidir ki, Rusiya ilə bağlı böhrana baxmayaraq, Türkiyə olduqca əla vəziyyətdədir, arxalıdır. Əminəm ki, gələcəkdə Türkiyə-Azərbaycan əlaqələri daha da genişlənəcək, qardaş münasibətlər bəzi kiçik diplomatik maraqlara və bu müstəvidə uğursuzluqlara alət edilməyəcək, Azərbaycanın bölgədə öz sözünü deyən dövlət səviyyəsinə yüksəlməsi üçün ona hər cür dəstək veriləcək.
“Soyuq savaş” illərinin ən böyük sıxıntısını məhz Türkiyə və Türk Dünyası yaşayıb. SSRİ-də türk xalqlarına çox əzablar verildi, daim təzyiq altında saxladılar onları. Bəlkə də elə bu cür ağır siyasətin nəticəsində dağıldı sovet imperiyası. Bəlkə də daha humanist davranılsaydı, xalqlarla SSRİ-nin sonu belə olmazdı. Sovet İttifaqında daxili milli-siyasi vəziyyət gərginləşən ilk gündən Türkiyə, Azərbaycan başda olmaqla, türk xalqlarının verdiyi qərarları izləməkdədir. Elə bu səbəbdən, SSRİ süquta uğrayanda Türkiyə çətinlik çəkmədən Azərbaycanın, eləcə də Orta Asiya türk dövlətlərinin müstəqilliyini tanıdı və ardıyla da diplomatik əlaqələr qurdu. Beləcə, bütün dünyanın diqqətini bu ölkələrə çəkməklə Rusiyanın yenidən təzyiq göstərməsini əngəllədi. Türkiyəni ilk tanıyan dövlət olması isə Azərbaycanın və digər türk ölkələrinin özünəinam hissini qüvvətləndirdi.
Düşünürəm ki, Azərbaycan regional gücə çevrilməli, Cənubi Qafqazda uzun vədədə ayaqüstə qalmağı bacarmalıdır və bunun üçün də Türkiyə ona davamlı şəkildə dəstək verməlidir. Eyni zamanda, Azərbaycan da Türkiyə ilə birlikdə hərəkət etməli, iki ölkə arasında qarşılıqlı əlaqələr maksimum genişləndirilməlidir. Türkiyə Rusiya ilə əlaqələrinin gərginləşdiyi indiki dövrdə Azərbaycandan və ya digər türk ölkələrindən dəstək yox, vasitəçilik etmələrini istəməlidir. Çünki dəstək verməklə türk ölkələri ancaq zərər görə bilərlər Moskvadan. Azərbaycanın başda Qarabağ problemi olmaqla, bütün çətinliklərini həll etmək məqsədilə diplomatik və demokratik hücumlara keçilməlidir.
Cem Toker, Türkiyə Liberal-Demokrat Partiyasının sədri:
– Azərbaycan – Türkiyə əlaqələri iki dövlət arasında cöğrafi qonşuluq prinsipindən çox yüksəkdə dayanır. Ölkələrimiz və xalqlarımız arasında qan bağlılığı, qardaşlıq münasibətləri dayanır. Bu gün Qafqazdaxili sabitlik baxımından, Yaxın Şərqdən sonra ikinci gərgin bölgədir. Bu səbəblə də Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyəti həmişəkindən daha vacibdir. Hesab edirəm, Türkiyə və Azərbaycan rəhbərləri bütün beynəlxalq təşkilatlarda həmrəylik nümayiş etdirməlidir. Bu yerdə qeyd eləmək istərdim ki, Türkiyənin indiki iqtidarı Azərbaycan və digər türk ölkələrinə, ən azından, Ərəb Dünyası ilə qurduğu əlaqələr qədər önəm verməlidir. Türkiyə demokratiya, haqq və azadlıqlar, hüquqi dövlətçilik – hər baxımdan türk ölkələrinə nümunə olmalıdır. Təəssüf ki, bunu demək olmur…
Varol Esen, Böyük Turan Hərəkatı Partiyasının sədri:
– “İki dövlət, bir millər”. Bu söz, əslində, Türkiyə ilə Azərbaycan arasında bağlılığı ən yaxşı formada əks etdirir. Türkiyə və Azərbaycan çox vacib, strateji mövqedə yerləşir. Türkiyə Asiya ilə Avropanı bir-birinə bağladığı kimi, Azərbaycan da Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında körpüdür. Bundan əlavə, Azərbaycanın yeraltı ehtiyatlarla zəngin olması faktı onun Türkiyə üçün əhəmiyyətini artırır. Türkiyə və Azərbaycan eyni soy və irqdən gəldikləri üçün hərbi, iqtisadi, sosial və mədəni baxımdan eyni cizgiləri paylaşırlar. Ataların bir deyimi var: “Birlikdən güc doğar”. Bu deyim sanki iki qardaş ölkə üçündür. Bu gün dünyada türk millətinə qarşı soyqırımlar həyata keçirilir. Əslində isə istər iqtisadi, istərsə də hərbi sahədə dünyanın ən güclü dövlətləri türklərin olacaq. Bu isə Türk Dövlətləri Birliyinin yaradılmasını qaçılmaz edir. Belə bir birliyin yaradılması Türkiyə və Azərbaycan dövlətlərinin hər bir sahədə daha sıx əməkdaşlığı şəraitində baş tuta bilər. Düşünürəm, Türk Dövlətləri Birliyinin yaradılması vəzifəsi konkret olaraq, Türkiyə ilə Azərbaycanın üzərinə düşür. Azərbaycan və Türkiyə bir evin içində iki qardaşdır.
Çağatay Balcı, beynəlxalq məsələlər üzrə ekspert:
– Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu gün ancaq rəsmi və diplomatik müstəvidə məna daşıyır. Çünki qardaşlar arasında əlaqələr əbədidir. Türkiyə və Azərbaycan əvvəldən birdir, bütövdür. Fərqli dövlətlər şəklində və ya himayəsində yaşayan iki toplum olsaq da, aramızdakı bağ dünya tarixində başqa heç bir toplum və ölkədə görülməyib. Son olaraq belə deyirəm: Azərbaycan var olsun, istəməyən kor olsun!
Dönməz Hüseyn, “Kanal Avropa”nın proqram koordinatoru:
– Türkiyə ilə Azərbaycan arasında əlaqələr bütün səviyyələrdə ən yüksək həddə inkişaf edib. İki dövlət arasında bu müddətdə çox sayda sazişlər imzalanıb, idxal-ixrac əməliyyatları gündən-günə genişlənir. Azərbaycanda 1000-dən artıq türk şirkəti fəaliyyət göstərir. Enerji sahəsində əlaqələr maksimum inkişaf edib. Bütün bunlar Azərbaycanla Türkiyə arasında məhz diplomatik və siyasi əlaqələr qurulandan sonrakı müddətdə baş verib. Amma belə düşünürəm, mədəni və siyasi münasibətlər dövlət müstəvisi ilə yanaşı, iki ölkə xalqları arasında da dərinləşməlidir. Daha geniş təmaslar qurulmalıdır. Azərbaycan dövləti üçün ən vacib mənbələrdən biri Avropa türkləri olsa da, hesab edirəm, bu imkandan yetərincə istifadə edilmir. Bu gün xarici dünyada 6 milyondan artıq türk məskunlaşıb. Onlar Türkiyə üçün çox vacib olduqları qədər Azərbaycan üçün əhəmiyyət daşımalıdır. Belə əlaqələr qurulsa, şübhəsiz, ürək bağlarını möhkəmləndirəcək və dünyanın harasında olursa-olsun, həmrəyliyimizi artıracaq. Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı…

Vüsal Tağıbəyli

 

Yorumlar