KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ və Avropa ölkələri (xüsusən, Almaniya) arasındakı gərginliyin əsas mənbəyi:

ABŞ və Avropa ölkələri (xüsusən, Almaniya) arasındakı gərginliyin əsas mənbəyi:

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
320 0


Son zamanların aktual mövzusu ABŞ-ın Çin və Avopaya açdığı ticarət savaşıdır. Bir müddət öncə ABŞ 1300 Çin malına cəza tariflərini tətbiq etdi. Çin də analoji addımları bir sıra ABŞ malları üzərində tətbiq etmişdir. Tramp administrasiyası bununla kifayətlənməmiş Avropa Birliyi ölkələrindən polad və alüminium idxalına qarşı da rüsum tətbiq etmək istəmişdir. Qeyd edim ki, ABŞ mart ayında polad üçün 25%, alüminium üçün 10% rüsum tətbiq edib. Həmçinin siyahıda Kanada və Meksikanın da adı var. Bu qərara Avropadan kəskin etirazlar gəlmişdi. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin ötən ay ABŞ-a səfərindən sonra Tramp qərarın tətbiqini 1 iyuna qədər uzatmışdır.
Donald Tramp öz imicini möhkəmləndirməkmi istəyir? Bəs nə üçün hər addımında qətiyyətli olduğunu göstərməyə çalışan Tramp bu qərarın müddətini iyunun 1-nə qədər təxirə saldı? ABŞ-ın Avropaya qarşı bu mövqedə durması Avropaya necə bir ismarıcdır və arxasında nə dayanır?
Əvvələn, Donald Tramp bəzi müstəqil səlahiyyətlərindən istifadə edərək, ölkə daxilində öz nüfuzunu gücləndirmək üçün cəhdlər edir. Hər halda Trampın imici həddindən artıq aşağı idi. Onu Rusiyanın adamı adlandırırdılar. Seçkilərə müdaxilə kimi fikrin mediada, ictimaiyyətdə geniş yayılması Tramp və onun partiyası adına utancverici idi. Respublikaçılar bu şayənin yayılmasında Demokratlar partiyasını və xüsusilə də, Hillari Klintonu günahlandırırdılar. Donald Tramp isə hələ prezident olmadan öncə Suriya münaqişəsinin həll olunmamasında Barak Obamanın yanlış siyasətini tənqid edirdi. Özünün prezident olacağı təqdirdə bu münaqişəni həll edə biləcəyini deyirdi. Suriyada mümkün obyektləri vurmaqla həm “mən Obama kimi deyiləm” fikrini ictimaiyyətə çatdıracaqdı, bu hadisə Trampı sözünün üzərində duran bir prezident, qətiyyətli lider kimi göstərəcəkdi. Rusiyanın dəstəklədiyi Suriyanı vurmaqla isə Tramp Putinin adamıdır söhbəti puç olacaqdı. Bu məsələlərdə Donald Tramp ağıllı davrandı və Suriya üzərində çoxgedişli oyun oynamaqla öz nüfuzunu artırmağı bacardı. Lakin nə qədər olmasa da Trampın imici o qədər də ABŞ ictimaiyyətində yaxşı deyil. Tramp hakimiyyətə gəlmədən öncə ilk işim Çin və İrandır demişdi. O, həm də Çinə və Avropaya qarşı ticarət rüsumları tətbiq etməklə ABŞ iqtisadiyyatını gücləndirməyi hədəfləyir. Bu da Trampın və onun partiyasının nüfuzunu sadə Amerikalının gözündə yüksəldə bilərdi. Eyni zamanda Meksikaya divar tikintisi ilə bağlı Tramp xəbərdarlıq etmiş və tikinti üçün lazım olan məbləğin Meksika tərəfindən ödənilməli olduğunu bildirib. Meksika, Çini başa düşsək də nə üçün Avropa?! Axı Avropa və ABŞ bir-biri ilə müttəfiqdir, niyə ABŞ Avropaya qarşı bu addımları atır?
Bəlkə də, ABŞ Avropadan konkret cavab gözləyir. Bu cavab isə Rusiya ilə münasibətdən qaynaqlanır. Bildiyimiz kimi Almaniya ilə Rusiyanın əlaqələri o qədər də pis deyil. Hətta Almaniya rəsmiləri: “Biz Rusiya ilə əlaqələri yaxşılaşdırmalıyıq” – deyiblər. Bu da ABŞ tərəfindən narazılıqla qarşılanır. Ən əsas punkta toxunmaq istərdim. Bildiyimiz kimi Baltik dənizindən Almaniyaya 2019-cu ilin sonu və 2020-ci illərin əvvəllərinə kimi çəkilməsi nəzərdə tutulan “Şimal axını 2” qaz layihəsinin yekunlaşdırılması hədəflənib. 2020-ci ildən rus qazının 70 faizi bu marşrutla nəql olunacaq. Almaniya bu layihənin reallaşdırılmasında israrlıdır. Polşa isə qərara kəskin etiraz edir. ABŞ tərəfi də öz narahatlığını bildirir. Almaniya kimi Avropanın lokomativi olan bir dövlətlə Rusiyanın yaxınlaşması ABŞ-ı narahat etməyə bilməz. Xüsusən, Rusiya ilə münasibətlər indiki dönəm üçün yaxşı deyil və hətta ABŞ-la Rusiyanın bu münasibətinə II Soyuq Müharibənin başlanması kimi qiymət verilir. Belə olan halda ABŞ Almaniya və Rusiyanın yaxınlaşmasını qəbul edə bilməz. “Şimal axı 2” layihəsi isə Rusiyaya milyardlar gətirəcək. ABŞ-ın sanksiya siyasəti ilə bu layihə uzlaşmır. Nəticədə Rusiya sanksiyalar nəticəsində maddi itkiləri bu layihədən gələn gəlirlərlə kompensasiya edə bilər. ABŞ da bunu çox yaxşı anlayır. Hətta Suriyanın bombalanmasında Almaniya Rusiya ilə əlaqələrə zərbə vurmamaq üçün iştirak etmədi. Fransaya da, zənnimcə, ABŞ təzyiq edir ki, sən də Almaniyaya təzyiq göstər və bu layihə (Şimal axını 2) baş tutmasın.
Bəs niyə Tramp polad və alüminumla bağlı qərarını 1 iyuna kimi uzatdı? Burada da məsələ aydındır ki, Makron və Merkel səfərləri ilə Trampı müəyyən qədər razı sala biliblər. Lakin Tramp sadəcə onlar üçün vaxtı uzadıb. Ola bilər Makron da Trampa müəyyən təhdid dolu mesajlar verə bilər. Çünki İranın nüvə proqramına qarşı duran ölkələrdən ən öndə gedənlərdən biri də Fransadır və ABŞ cəbhəsində yer alıb. Eynən Suriyanın da bombalanmasında ABŞ-ın yanında yenə Fransa iştirak edib. İran və Suriya məsələsində Fransanın ABŞ-ın yanından çəkilməsi ABŞ üçün heç də xoş olmaz. İlk öncə ABŞ-ın Yaxın Şərq siyasətinə vurulmuş bir zərbə kimi başa düşülər. Nəticədə demokratların da əlində bir kozır olar ki, “respublikaçıların yarıtmaz fəaliyyəti Fransa və Almaniya kimi müttəfiqləri bizdən uzaq saldı”. Hər halda, hər nə olsa da bunlar ehtimallardır və ABŞ-ın qərarı 1 iyuna kimi təxirə salması isə sadəcə AB ölkələrindən gözlənilən tələblərin reallaşdırılması üçün onlara verilən vaxt kimi başa düşülməlidir. Bu reallaşmasa qərarın qəbulu qaçılmaz olacaq.
Emil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir