KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. 90 yıl önce Bakıda Türkoloji qurultayının keçirilmesinin sirri 2

90 yıl önce Bakıda Türkoloji qurultayının keçirilmesinin sirri 2

Hasan Oktay Hasan Oktay - - 18 dk okuma süresi
333 0

90 il öncə Bakıda Türkoloji Qurultayın keçirilməsinin sirri – 2

Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandırıraq bir müddət onu müdafiə edənlər, rus əlifbasının zorla tətbiqi meylini hiss etdikdən sonra, bəzi beynəlmiləlçi bolşeviklər həm türk anlayışından, həm də müdafiə etdikləri türk əlifbasından imtina etdilər. Bu baxımdan Səməd Ağamalıoğlu Azərbaycanın SSRİ və bütün Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini böyük qələbə saydığı halda həmin hadisənin üstündən bir il ötməmiş türk əlifbası adlandırdığı latın qrafikasından rus əlifba­sına keçməyin zəruriliyindən bəhs etmişdir: «Azərbaycan­lı­ların yeni latın əlifbasına keçmək yolu, gələcəkdə onların rus əlifbası qrafikası üzrə düzəldilmiş yeni əlifbaya keçmək işini bir qədər asanlaşdıracaqdır». Artıq türk əlifbası beynəlmiləçiliyin içində əriyərək yox olur, onun yerini rus əlifbası tuturdu. Beləliklə, yarım əsr ərzində bir millətin üç əlifbadan istifadə etmək məcburiyyətində qalması faciəsini görmək, bunu oybektiv qiymətləndirmək və etiraz etmək əvəzinə, bəzi Azərbaycan ziyalılarının bu cür mövqe tutması, ancaq təəssüf doğrur.

Sovet ədəbiyyatında 1940-cı ilin yanvarın 1-dən, latın qrafikasından rus əlifbasına keçilməsi belə əsaslandırılırdı ki, bu qrafika ümumiliyi rus dilindən söz və terminləri düzgün yazmağa kömək edəcək: «Bundan başqa, qrafika ümumiliyi nəşriyyat-mətbəə işlərini də asanlaşdırar, əlavə xərc və işləri azaldardı». Burada rus əlifbasına keçməyin zəruriliyi ilə bağlı gətirilən «arqumentlərə» təəccüb etməyə bilmirsən. Daha sonra bu müəlliflər yazırlar: «Əgər birinci dövrdə bir-birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci dövrdə belə bir vəziyyət olmamış, hamı rus qrafikasına keçmək təşəbbüsünü bəyənmişdir. Lakin müzakirələrdə əsas iki fikir nəzərə çarpır. Bir çoxları dilimizin fonetik tərkib və xüsusiyyətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul etməyi, bəziləri isə rus əlifbasında heç bir dəyişiklik aparmadan, onu olduğu qaydada qəbul etməyi təklif edirdilər».

Fikrimizcə, rus əlifbasının olduğu kimi qəbul edlilməsinin tərəfdarı olanlar yaxşı anlayırdılar ki, Mərkəz məhz bu qərarın üzərində dayanacaq və gözlənildiyi kimi də oldu. Sovet ideoloqları Azərbaycan-türk dilinin başına bu cür oyun açmaqda nə etdiklərini yaxşı anlayırdılar. Bununla da, Azərbaycan-türk insanı rus kimi düşünməyə, rus kimi yazmağa və rus kimi kommunizm xəyalı ilə yaşamağa məhkum və məcbur edilirdi. Başqa sözlə, «yeni əlifba» oyunu ilə sovet imperiyası türk millətini öz mədəniyyətindən, mənəviyyatından və ən əsası dilinin saflığından uzaqlaşdırırdı.

Bizə elə gəlir ki, Azərbaycanda latın qrafikasından rus əlifbasına keçilməsi ilə bağlı ciddi etirazların olmaması iki başlıca amillə bağlı idi: 1) milli ziyalıların böyük əksəriyyətinin, kütləvi şəkildə 1937-1938-ci illərdə repressiya olunması; 2) rus əlifbasına etiraz edə biləcək istənilən ziyalının həmin aqibətə düçar olacağı. Bu baxımdan bəzi ziyalılar yalnız bəzi dəyişikliklərlə rus əlifbasına keçilməsinin doğru olacağını deyə bilir, bundan artığına cəsarət edə bilmirdilər.

Doğrudur, rus əlifbasının Azərbaycanda olduğu kimi tətbiqinə 1958-ci ildə son qoyulmuş və bəzi islahatlar aparılaraq rus qrafikalı Azərbaycan əlifbası müəyyən qədər təkmilləşdirilmişdir. Ancaq bütün hallarda, «Leninin dili» olan rus dili və rus əlifbası Azərbaycan xalqının həyatında bir çox sahələrdə mənfi bir iz buraxmışdır ki, onun izləri bu günə qədər də hiss olunmaqdadır. Bunlardan biri də rus əlifbasına keçməyə məcbur edilməklə Azərbaycan türklərinin Türkiyə türkləri arasında ən önəmli bağ olan – eyni əlifba bağı da qırılmış olmuşdu. Türkiyə alimi Məşkurə Yılmazın yazdığı kimi, «böyləcə Türkiyədən fərqli bir əlifba kullanmalı olan Azərbaycan türklərinin, Anadolu türklüyü ilə yazılı əlaqə qurmaları və ortaq milli kültür gəliştirmələri əngəllənmək istənmişdir. Ayrıca ruslar, kiril əlifbasını rus kültür aracı olaraq görmüş və Sovet rejimi ortaq kültürünün bu əlifba ilə yapılacağını düşünmüşlərdir».

Sovetlər Birliyi dövründə yeni əlifba kimi, «milli dil» məsələsinə münasibət də ideoloji savaşlar şəklində özünü büruzə vermiş və Sovetlər Birliyi dağılana qədər və sonralar da öz aktuallığını qoruyub saxlamışdır. Buna əsas səbəb odur ki, hazırda bir çoxları üçün «Türk dili»nin yerinə «Azərbaycan dili»nin necə meydana çıxması və onun mahiyyəti haqqında kifayət qədər bilgi yoxdur. Buna səbəb də «Azərbaycan dili» anlayışının hansı şəraitdə meydana çıxması ilə bağlı elmi ədəbiyyatda, o cumlədən mətbuatda əsasən, birtərəfli məlumatların və yaxud informasiyaların öz əksini tapmasıdır. Xüsusilə, yeniyetmələrin və gənclərin əksəriyyəti üçün «Azərbyacan dili»nin necə meydana çıxması, eyni zamanda Azərbaycan xalqının dilinin 1937-ci ildən etibarən nədən bu cür adlandırılması haqqında konkret təsəvvür yoxdur.

Öncə qeyd edək ki, Azərbaycan Cümhuriyyəti dövründə (1918-1920) milli dil məsələsi, əsasən çözülmüşdü. Belə ki, Cümhuriyyət ideoloqları çar Rusiyasının «tatar», İranın fars mənşəli «azəri» kimi qələm verdikləri bir dilin əsilində türk dili olduğunu irəli sürməklə kifayətlənməmiş, eyni zamanda türk dilini Azərbaycan Cümhuriyyətinin rəsmi dili elan etmişdilər. Bununla da, XX əsrdə türksoylu millətlər arasında Azərbaycan türkləri, birinci olaraq dövlət dilini türk dili adlandırmış və ona rəsmi bir status vermişlər.

Bu baxımdan ilk mərhələdə sovet ideoloqları Azərbaycan türklərinin dilinə və milli kimliyinə əsasən toxunmamışlar. Bu baxımdan Azərbaycan SSR MİK və XKS-nin 1923 31 iyul dekretində qeyd olunurdu ki, əksər komissarlıqlar kəndli kütlələri ilə daha çox əlaqədə olan aparatlar olduqları üçün milliləşdirilsinlər, yəni türk dili tətbiq edilsin. Qalan xalq komissarlıqlarına və idarəetmə orqanlarına bir vəzifə olaraq tapşırılsın ki, özlərinin qəzalarla əlaqələrini və yazışmalarını türk dilində aparsınlar. Eyni zamanda türk dili məcburi olaraq bütün məktəblərdə, ali məktəblərdə, kurslarda bir fənn kimi tətbiq edilməlidir.

Sovet müəlliflərinin yazmasına görə, 1920-1936-cı illərdə milli dilin təmizlənməsi və formalaşması ilə bağlı uç fikir cərəyanı: 1) türk dilinin qədim və yeni türk sözləri əsasında təmizlənməsi (bizcə, ortaq türkcədən çıxış edən türkçülük – millilik tərəfdarları); 2) türk dilini rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərlə zənginləşdirmək istəyənlər (bizcə, beynəlmiləlçilik – rus bolşevizminə xidmət edənlər); 3) ərəb və fars mənşəli sözlərin saxlanılaraq, yeni terminlərin də onların əsasında formalaşdırılmasını istəyənlər (bizcə, islamçılıq – dini birliyə meyil edənlər) olmuşdur.

Bizim fikrimizcə isə, həmin mərhələdə (1920-1936) milli dilin təmizlənməsi və formalaşması uğrunda əsas mübarizə ilk iki cərəyan: türkçülük-millilik və sovet beynəlmiləlçiliyi (ilk dövrlərdə beynəlmiləçilər xalqlaşmaq yolu tutsalar da, sonralar Mərkəzin təsiri altında onların əksəriyyəti beynəlmiləçiliyə üz tutdular) arasında getmişdir.

Bu dövrdə dildə türkçülük-millilik tərəfdarları milli dil məsələsində qədim türkcə ilə xalq dilinin uzlaşmasına önəm vermişlər (B.Çobanzadə, F.Ağazadə,dlkərəstaşmasıış edən H.Zeynallı, C.Cabbarlı, V.Xuluflu və b.). Onlar 1922-ci ildə Azərbaycan Mərəkəzi İcraiyyə Komitəsi (MİK) yanında təşkil olunan istilah komissiyasının hazırladığı cəbr, hesab, həndəsə, coğrafiya və təbiiyyat lüğətlərində ədəbi dildə mövcud olan terminlərin uyğun olaraq dəyişilməsini təklif edirdilər. Milli dilin mühüm tərkib hissəsi olan terminologiya ilə bağlı Azərbaycan türk aydınlarının əksəriyyətinin mövqeyi belə idi ki, ərəb və fars mənşəli, eləcə də beynəlxalq terminləri dilimizdən çıxararaq yerində qədim türkcədə olan sözləri, yaxud da türk dilinə uğyun yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda keçirilən 1-ci Ümumittifaq türkoloji qurultayda, eləcə də həmin dövrdə Bakıda nəşr olunan bir sıra qəzet və jurnallarda da bu ideya ciddi şəkildə dəstək qazanmışdır.

Həmin dövrdə milli ədəbi dilin qədim türkcə və yeni sözlər əsasında formalaşma­sının tərəfdarları bu fikirlərini sübuta yetirmək üçün bir sıra əsərlər və məqalələr yaz­mış­lar. Onlar bu əsərlərində türk dilinin (Azərbaycan) qədim türkcənin bir bir parçası olduğunu iddia edirdilər. Məsələn, bu xətti müdafiə edən dilçi alimlərdən Bəkir Çoban­zadəyə görə, türk dili türk-tatar dilinin bir parçası, bir budağıdır. Türk-tatar dilinin abidələri isə Orxon-Yenisey abidələri (7-8-ci əsrlər), «Kutadqu bilik», «Divani-lüğatit-türk» və başqaları olmuşdu. Onun fikrincə, türk dilinin azəri ləhcəsi isə XI əsrdə oğuz-qıpçaq ləhcəsindən əmələ gəlmişdir. Beləliklə, Çobanzadə belə nəticə çıxarır ki, türk dilinin «azəri ləhcəsi oğuz-qıpçaq qrupunun bir budağıdır və türkməncədən az, anadolucadan ziyadə şimali və ya şərq şivə qruplarının təsiri altında bulunmuşdur» [68, 83]. O yazırdı ki, hazırda milli dilin formalaşması ilə bağlı üç cərəyan var: 1) Xalqın dilində yazmağa üstünlük verənlər («molla­nəsrəd­dinçi»lər və b.); 2) İstanbul ədəbi şivəsinə üstünlük verənlər (H.Cavid və b.); 3) Orta mövqe tutanlar – xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlər. B.Çobanzadənin fikrincə, ilk iki cərəyanın irəli sürdüyü prinsiplər əsasında Azərbaycanda ədəbi dil yarana bilməz. Çünki, birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi, ikincisi isə Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər əks etdirmir. Bu baxımdan xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlərin ədəbi dili istiqbala malikdir.

Halbuki, artıq 1920-1930-cu illərdə «mollanəsrəd­dinçilər»in əsas siması olan Cəlil Məmmədqulu­zadə özü belə, Azər­baycan türk ədəbi dilinin xalqın açıq ana dili əsasında formalaş­masını məqsədə uyğun saymamışdır.: «Əlbəttə, bu dil ki, biz onunla «Molla Nəsrəddin»i yazırdıq, o dili biz ümumi türklər üçün ədəbi dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə yetirmək idi. Və zənn edirəm ki, yetirirdik də… Bizim də şüarımız dil yaratmaq deyil idi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi». Ancaq o, bununla yanaşı ədəbi dil kimi «Molla Nəsrəddin» xəttinin tutulmasına rəğbətini də gizlətmirdi. Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının SSRİ dövründəki saylarının birində «Təmizləmək» məqaləsində Bakıda keçiriləcək Türkoloji qurultayla bağlı dil məsələsinə toxunaraq yazırdı: «İndi türkoloji qurultayı da bir belə sil-süpurə, yır-yığışdıra başlayacaqdır. Amma bu qurultayın təmizləyəcəyi ev deyil, dildir və özü də Türk dilidir. Bəziləri dildə nə zibil ola biləcəyini soruşa bilərlər. Dərd elə burasındadır ki, heç bir evdə bizim dilimizdə olan qədər zibil yoxdur. Əlifba zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili, din zibili və başqaları. Türk dilini bütün bu zibillərdən təmizləmək lazım gəlir».

Bu baxımdan Azərbaycan türk ideoloqları etnik türkçü­lüklə-azərbaycançılıqla bağlı nəzəri ideyalarını 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin dövlət dilinin və millətinin adını türk olaraq əməli şəkildə müəyyən­ləşdirməklə bu məsələləri əsasən həll etmişlər. M.Ə.Rəsulzadə ideyalarının məhsulu olan Azərbaycan türkçülüyü-azərbaycan­çılıq ideyası (ortaq türk dili, ortaq türk tarixi, ortaq türk mədəniyyəti və s.), 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin dünyanın aparıcı dövlətləri tərəfindən tanınması ilə beynəlxalq hüquqi status da qazanmışdır. Azər­bay­can Cümhuriyyətinin bir türk dövləti kimi dünya dövlətləri tərəfindən tanınmasının nəticəsi olaraq da, SSRİ işğalının müəyyən bir dövründə (1920-1936) də Türk milləti, Türk dili və bu kimi anlayışlar öz statusunu qoruyub saxlamışdır. Məsələn,1926-cı ildə Bakıda keçirilən 1-ci Türkoloji qurultayın iştirakçıları dəfələrlə Azər­bay­candan və Orta Asiyanın türk dövlətlərindən türk respub­lika­ları kimi bəhs etmişlər. Bir sözlə, 1937-ci ilə qədər Azərbay­can dövlətinin dili türk, milləti türk adlanmış və Quzey Azərbaycan istər SSRİ, istərsə də dünya ölkələri tərəfindən Türk ölkəsi, Türk dövləti kimi qəbul edilmişdir.

Bu baxımdan Azərbaycan Cümhuriyyətini süquta uğradaraq onun yerində sözdə sosialist ölkəsi yaradan Sovet Rusiyasının başçıları və ideoloqları yalnız siyasi durumu dəyişdirməklə kifayətlənə bilməzdilər. Ona görə də, ölkənin ictimai-siyasi quruluşunu dəyişən sovet-rus ideoloqları çox keçmədən, Azərbaycanda kök salmış milli ideyaya – Azərbaycan türkçülüyünə qarşı da hücuma keçdilər. Ancaq Azərbaycanı silah gücünə işğal edən Sovet Rusiyası bu məsələdə də xeyli əziyyətlər çəkməli oldu. Buna başlıca səbəb etnik kimliyini, dilini, dinini, mədəniyyətini Türk-İslam məfkurəsi sintezində qəbul etmiş bir millətin, onun bəzi rəhbərlərinin (N.Nərimanov, Ə.Xanbudaqov və b.), ziyalı­larının (H.Cavid, Ə.Cavad, B.Çobanzadə və b.) bir müddət Azərbaycan türkçülüyü ideyasını açıq şəkildə müdafiə edərək, SSRİ-nin sözdə «Sovet Azərbaycanı» ideyasına qarşı müqavimət göstərmələri olmuşdur. Ancaq onların bütün səylərinə baxmayaraq, Azər­bay­can türklərinin milli kimliyi və milli dili Mərkəzin göstərişi ilə dəyişdirilmiş və saxtalaş­dırılmışdır. Bununla da, SSRİ ideoloqları Azərbaycan türkləri­nin milli şüurunu müəyyən qədər zədələməyə nail ola bilmişlər.

Doç Dr. Faiq Qəzənfəroğlu (Ələkbərov)

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir