KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərdoğan çantasında Putinə nə aparır?

Ərdoğan çantasında Putinə nə aparır?

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
328 0

Bu gün Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı Soçidə qonaq edəcək. Bu, iki liderin son bir ayda ikinci görüşüdür. Dünyanın qarmaqarışıq situasiyası fonunda Ərdoğan-Putin təması ciddi müzakirələrdən xəbər verir.

Türkiyə prezidentinin Azərbaycanda Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından qayıdarkən təyyarədə jurnalistlərə “Putinlə Qarabağ münaqişəsini müzakirə edəcəm” deməsi Soçi görüşü haqqında fikirlərin daha çox bu münaqişə kontekstindən irəli sürülməsinə zəmin yaratdı və bu, heç də təsadüfi deyildi. Çünki Ərdoğan Bakıda prezident İlham Əliyevlə görüşdü və Türkiyə-Azərbaycan Yüsək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirildi, bu görüşdən dərhal sonra türk liderin dediyi sözlər gündəmi Qarabağa fokusladı. Mümkündür ki, Ərdoğan-Putin görüşündə Qarabağ məsələsi masaya yatırılacaq və münaqişənin həlli ilə bağlı Türkiyənin təklifləri müzakirə ediləcək. Hətta bu təklifin Putinin Qarabağa yerləşdirmək istədiyi rus əsgərlərinin tərkibinə türk əsgərlərinin də daxil edilməsi versiyasından ibarət olduğu görünür.
(Ərdoğanın Qarabağ həmləsi və ya Putinə təqdim ediləcək yeni “Yol xəritəsi”ni buradan oxuyun).
Təbii ki, Soçidə Ərdoğan Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün yollar axtaracaq. Lakin Kremlin görüşlə bağlı rəsmi açıqlamasından da görünür ki, Türkiyə prezidentini Putinlə görüşə aparan əsas məsələ bu deyil. Qarabağ məsələsi ciddi müzakirə mövzusu olsa belə, sadəcə olaraq görüşün detallarından biri olacaq və o da istisna deyil ki, Putinlə Ərdoğan ən azından məsələni müzakirəyə açıq saxlamaqla bağlı razılığa gələcəklər.

Ərdoğanın çantasında Soçiyə apardığı iki məsələ var: ABŞ-ın Səudiyyə Ərəbistan üzərindən Yaxın Şərqə “dönüşü”; Suriya, daha doğrusu Türkiyənin cənub sərhədlərindəki PYD (PKK-nın Suriya qolu).

BİRİNCİ məsələ hər iki liderin uzlaşdığı nöqtədir: Suriya və İraqda məğlub olan, yaxud belə görünən Amerika Səudiyyə üzərindən “itirdikləri”ni geri qaytarmaq üçün hərəkətə keçir və hazırda Livan üzərində yeni güc müharibəsinin olması ehtimalı hər keçən gün artır. Halbuki, Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik” eşqi daşa dəyəndən və Türkiyənin İran və Rusiya ilə anlaşaraq, “kürd dəhlizi” layihəsinə qarşı İdlib əməliyyatına başlayandan sonra Amerika tərəzinin zəif gözünə düşmüşdü. Hətta Vaşinqtonun müxtəlif həmlələrinə rəğmən, qısa zamanda Türkiyə-İran-Rusiya üçlüyü daha sıx birləşdi. Lakin Körfəzdə yaranan böhran ABŞ-ın geri çəkilmədiyini, yeni və daha təhlükəli manevrlərlə qayıtdığını göstərir. Bu kontekstdə Türkiyə və Rusiya bütün kartlarını masaya qoymalı və “saatlarını yoxlamalı”dırlar. Hesab etmək olar ki, Ərdoğan və Putin Yaxın Şərqdə atacaqları addımları uzlaşdırmağı müzakirə edəcəklər.

İKİNCİ məsələdə birincidən fərqli olaraq, tərəflərin maraqları çarpazlaşır: Söhbət ABŞ-ın müəyyən qədər sıxışdırılmasından sonra Suriyada baş verənlərdən gedir. Bu baxımdan, Soçi görüşündə ana gündəm Suriyadır.

Türkiyənin tələbi: Amerika Şimali İraqda kürdlərin azadlıq arzusunun puça çıxmasına göz yumdu və vaxtilə ingilislər ata Bərzanini satdığı kimi, amerikalılar da oğul Bərzanini satdı. Bu, Amerikanın kürd kartından imtinası deyildi, sadəcə olaraq, hədəfə gedən yolda müəyyən dəyişiklik edildi və Bərzani qurban verildi. ABŞ-ın kürdlərə arxa çevirməsi – yaxud bu görüntünü yaratması ilə Şimali İraq üzərində Bağdad hökumətinin, dolayısı ilə Türkiyə və İranın təsiri təmin edildi. Ankara yaranmış fürsətdən istifadə edərək, Türkiyənin cənub sərhədlərində toplanan və Vaşinqtonun Şimali İraqdan Aralıq dənizinə çıxacaq, həm də Türkiyənin cənub sərhədini bağlayacaq “kürd dəhlizi” layihəsini həyata keçirmək üçün dəstək verdiyi PYD-nin qarşısını kəsmək məqsədilə hərəkətə keçdi. Ərdoğan sentyabrın 28-də Ankarada Putini qəbul etdi və ruslarla razılaşdı, ardınca 4 oktyabrda İrana səfər edərək, Tehranla anlaşdı. Suriyada Əsədə nəzarət edən Moskva və Tehranla anlaşma əldə edilən kimi İdlib əməliyyatı başlandı. ABŞ-ın PYD-yə əməli dəstək verməməsi isə Suriyadakı kürdləri “yeni maşa olmağa hazır” vəziyyətə gətirdi və Rusiya oyun qaydalarından çıxaraq, noyabrın 18-də Soçidə keçiriləcək Suriya konqresinə PYD-ni də dəvət etdi. Ankaranın sərt reaksiyasından sonra Moskva bu dəvətindən geri çəkildi, lakin bu, rusların Türkiyəyə qarşı olan PYD kartından əl çəkdiyinə tamamilə zəmanət vermir.

Çünki Rusiya kürd faktorunu tarix boyu istifadə etməyə çalışıb. Vaxtilə Məsud Bərzaninin atası Mustafa Bərzaninin ingilislərin əlindən SSRİ-yə qaçması da rusların kürd planının yeni olmadığına tarixi nümunədir. Moskva ortada qalmış PYD-ni ələ keçirərsə: ABŞ-ın Rakka qalasını da ələ keçirə və amerikalıların Suriyadan tamamilə çıxmasına nail ola bilər; Suriyada qüvvələr nisbətini öz xeyrinə dəyişdirə və regional güclərlə – Türkiyə və İranla danışıqlarda daha güclü ola bilər; Suriyada əsas güc olmaqla Yaxın Şərqdə öz təsirini artıra bilər; Bu, həm də ümumi təhlükələrə görə yaxınlaşmasına baxmayaraq, tarix boyu regional maraqlarının toqquşduğu Türkiyəyə qarşı əlinin güclənməsi deməkdir.

Türkiyə bu təhlükəni görür və kürd faktorundan heç kimin ona qarşı istifadə etməsinə icazə vermək niyyətində deyil. Soçi görüşündə də məhz bu məsələ ana gündəm olacaq və Ərdoğan Putinə tələbini qəti şəkildə çatdıracaq. Lakin Ərdoğanı rus torpaqlarına aparan yeganə səbəbin bu təhlükənin olmadığı ehtimalı daha güclüdür. Hər halda ruslar dəvəti ləğv edərək, Ankaranın istəyini təmin etdi. Hesab etmək olar ki, Ərdoğanla Putin Suriyada ikinci mərhələni başladacaq yeni planı müzakirə edəcəklər.

İKİNCİ MƏRHƏLƏ: Faktiki olaraq, Türkiyə İdlibə nəzarəti ələ keçirib, Rusiya və İran Suriyada istədiyinə nail olur, Amerika isə oyundan kənarda qalmış vəziyyətdədir. Bunu regional güclərin qüvvələrini birləşdirərək, “okeanın o tayından gələni adamı” bölgədən çıxarmağa nail olmaqla yekunlaşan birinci mərhələ adlandırmaq olar. İndi ikinci mərhələnin başlanması vaxtıdır, xüsusilə ABŞ-ın Körfəzdə hərəkətə keçərək, Suriya və İraqda itirdiklərini geri qaytarmaq istədiyi bir vaxtda.

a) Rusiya Türkiyə və Əsəd rejimi arasında əlaqəni təmin edir.
b) Suriyanın ərazi bütövlüyü çərçivəsində Türkiyənin nəzarətindəki müxaliflərin hüquqları hansısa formada təmin edilir: bu, yeni koalisiya hökumətinin formalaşması da ola bilər, yaxud İdlibdə muxtariyyətin yaradılması da.
c) Bölgədə Türkiyə-Rusiya-İran-İraq-Suriya xətti formalaşır (bu xəttə Qarabağ münaqişəsinin nizama salınması ilə Azərbaycan və Ermənistan da qoşula bilər, bu baxımdan, Ərdoğanın Suriya məsələnin ana gündəm olduğu görüşdə Qarabağı müzakirə etmək fikrində olması diqqət çəkir).

Təbii ki, bunlar ehtimal edilən məsələlərdir, lakin o dəqiqdir ki, Türkiyə-Rusiya-İran üçlüyü indi hərəkətə keçərək, Suriyada tamamilə anlaşmasalar, sonra gec ola bilər. Bunu Ankarada da, Moskvada da, Tehranda da yaxşı anlayırlar. Hətta Suriya bölünəcəksə, bunu məhz regional güclər etməlidir, əks təqdirdə Amerika öz ssenarisini tətbiq edəcək. Bütün bunları görən Ərdoğanla Putinin razılaşma ehtimalı yüksəkdir. Çünki proseslərin inkişafı Rusiya və Türkiyənin ayrıca hərəkət etməsinin hər iki ölkənin ziyanına olacağını göstərir.

Və burada ayrıca müzakirə mövzusu olacaq PYD faktoru var: Ərdoğanla Putin Suriyada yeni mərhələ üçün razılaşsa belə, kürd amili başağrısı olacaq. Suriyada kürdlər üçün iki ssenari həyata keçirilə bilər.

1. Rusiya və İran Türkiyəyə tam dəstək verir və Ankara İdlib əməliyyatını genişləndirərək, PYD-nin əlindəki əraziləri təmizləyir. İdlibə girən türk əsgərinin hər an PYD-nin Afrin kantonuna müdaxilə edəcəyi gözlənilir. Əgər Ərdoğan və Putin PYD ilə bağlı ilk ssenari üzrə razılaşarsa, bu, türk liderinin Soçidən qayıtmasından sonra Afrin əməliyyatının başlanacağı ehtimalını ön plana çıxarır.

2. Ərdoğanla Putin razılaşa və PYD-yə oyun qura bilərlər: Rusiya ortada qalmış PYD-ni ABŞ-ın qucağına qayıtmaması üçün ələ alır; Türkiyə rəsmi qaydada buna etiraz edir, lakin bu etiraz rəsmiyyətdən o tərəfə keçmir.

Birinci ssenaridə;

üstün tərəf: Türkiyənin cənub sərhədlərindəki təhlükə tamamilə təmizlənir, həmçinin, Ankaranın Suriya masasında əli güclənir.

zəif tərəf: PYD-ni terror təşkilatı kimi tanımayan Qərbin Türkiyəyə təzyiqləri güclənəcək. Türkiyə bu təzyiqlərə qarşı duruş gətirmək gücündədir, lakin bu əməliyyat PYD-nin “üzüağ” çıxmasına, yəni terrorçudan “azadlıq mücahidi”nə çevrilməsinə şərait yarada bilər.

İkinci ssenaridə;

üstün tərəf: türk əsgəri heç bir güllə atmır və mümkün itkilərdən uzaq qalır; Türkiyə itkisiz siyasi qələbə qazanır; PYD-nin Rusiyanın təsiri altında olması həm də ABŞ-ın bu kartı yenidən işə salması və Türkiyə üçün böyük təhdid olan “kürd dəhlizi” layihəsini həyata keçirməsinin qarşısını alır; Suriyada başlana biləcək ikinci mərhələ sürətlənir – PYD-nin “vurulması” bütün hallarda ikinci mərhələnin daha gec başlanmasına səbəb ola bilər, ABŞ-ın Körfəzdən hərəkətə keçməsi isə zamanın daraldığını göstərir.

zəif tərəf: Rusiya PYD-yə nəzarəti ələ keçirəcəyi təqdirdə, razılaşmaya görə qruplaşmadan indiki mərhələdə ümumi regional maraqlar üçün istifadə edəcək. Lakin rusların gələcəkdə bu kartı öz maraqlarına yönəldəcəyi, hətta Türkiyənin regiondan sıxışdırılmasına çalışacağı ehtimalı da nəzərdən qaçmamalıdır.

Türkiyə güman ki, bütün detalları nəzərə alaraq yola çıxır. Soçi görüşündən sonra hadisələrin inkişaf xətti isə hansı ssenarinin seçildiyini ehtimal etməyə imkan verə bilər. Ancaq bütün hallarda Suriyada ikinci mərhələnin başlanması qaçılmaz görünür…

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir